Havanın temperaturunun yüksəlməsi və isti hava dalğalarının daha tez-tez baş verməsi uşaq və yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərir. Bu nəticə avstraliyalı alimlərin rəhbərliyi ilə aparılan yeni araşdırmada ortaya çıxıb.
Lent.az xəbər verir ki, orta sutkalıq temperaturun hər 1°C artması uşaqlarda psixi sağlamlıqla bağlı mənfi nəticələrin riskini təxminən 1 faiz artırır. Alimlər temperatur, isti hava dalğaları və psixi sağlamlıq arasındakı əlaqəni araşdıran 23 beynəlxalq tədqiqatın nəticələrini təhlil ediblər. Araşdırma göstərib ki, 5-18 yaş arası uşaq və yeniyetmələr ən həssas qrup hesab olunur. İsti hava dalğaları zamanı bu yaş qrupunda psixi pozuntuların yaranma riski 25 faiz, temperaturun yüksəlməsi ilə isə 1,5 faiz artır.
Tədqiqatın həmmüəllifi, epidemioloq Jaklin Stivensin sözlərinə görə, iqlim dəyişikliyi həm Avstraliyada, həm də dünyanın digər bölgələrində ekstremal isti dövrlərinin daha tez-tez və daha intensiv yaşanmasına səbəb olur. Bu isə xüsusilə uşaqlar və yeniyetmələr üçün ictimai sağlamlıq baxımından ciddi risk yaradır. Alim qeyd edib ki, yüksək temperatur uşaqların yuxusunu pozur, onların dərs oxumasına, istirahətinə və açıq havada fəaliyyətinə mane olur. Bundan əlavə, güclü istilər zamanı valideynlərin və ailələrin yaşadığı stress də uşaqların emosional vəziyyətinə mənfi təsir göstərə bilər. Araşdırmada iştirak edən professor Kori Bredşou isə bildirib ki, aparılan modelləşdirmə yüksək temperatur və isti hava dalğalarının gənclər arasında təcili tibbi yardıma müraciətlərin, təşviş pozuntularının, depressiya hallarının və intihar cəhdlərinin artması ilə əlaqəli olduğunu göstərib.
Tədqiqat müəllifləri hesab edirlər ki, iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri hazırlanarkən psixi sağlamlıq məsələləri də nəzərə alınmalı, uşaq və yeniyetmələrin qorunmasına yönəlmiş xüsusi proqramlar hazırlanmalıdır. Praktik tədbirlər kimi məktəblərdə daha sərin sinif otaqlarının yaradılması, binaların havalandırılmasının yaxşılaşdırılması və açıq məkanlarda kölgəlik sahələrin artırılması tövsiyə olunur. Bu addımların ekstremal istilərin gənclərin psixi sağlamlığına mənfi təsirini azaltmağa kömək edəcəyi bildirilir.