Niderland futbol çempionatında keçirilmiş ən azı 133 oyunun nəticələri oyunçuların qeydiyyatındakı səhvlərə görə ləğv oluna bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bəzi futbolçular İndoneziya, Surinam və Kabo-Verde vətəndaşlığı alaraq həmin ölkələrin milli komandalarında çıxış etmək imkanı qazanıblar. Lakin Niderland qanunvericiliyinə əsasən, onlar Avropa İttifaqı vətəndaşlığını itirdikləri üçün iş icazəsi almalı idilər. Buna baxmayaraq, zəruri sənədlər əldə olunmayıb.
Qeyd olunur ki, problemi ilk olaraq “NAC Breda” klubu qaldırıb. Komanda “Go Ahead Eagles” ilə oyunun (0:6) təkrar keçirilməsini tələb edib. Səbəb isə müdafiəçi Dean James-in bu oyunda iştirakı olub, onun İndoneziya vətəndaşlığı var.
Niderland Kral Futbol İttifaqı bu tələbi rədd edib, lakin klub qərarı məhkəmədə mübahisələndirib. Bundan əlavə, “Ajax”, “Feyenoord”, “Telstar”, “Volendam” və “Heracles” klublarının da məhkəməyə müraciət etdiyi bildirilir. Yekun qərarın mayın 4-də açıqlanacağı gözlənilir.