"Beş ildə jurnalistlərin ölümü iki dəfə artıb" - Hikmət Babaoğlu
06 noyabr 2026 17:10 (UTC +04:00)

"Beş ildə jurnalistlərin ölümü iki dəfə artıb" - Hikmət Babaoğlu

0

Son günlər jurnalistlərin zorakılığa məruz qalması ilə bağlı yayılan xəbərlər media nümayəndələrinin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Jurnalistlərin peşə fəaliyyətlərini sərbəst və təhlükəsiz şəkildə həyata keçirməsi yalnız onların fərdi hüquqlarının qorunması baxımından deyil, həm də cəmiyyətin obyektiv və dolğun informasiya almaq hüququnun təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan jurnalistlərə qarşı zorakılıq halları, mövcud hüquqi müdafiə mexanizmlərinin effektivliyi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurəti ciddi müzakirə mövzusudur.

Jurnalistə qarşı zorakılıq təkcə onun özünə deyil, cəmiyyətin məlumat almaq hüququna da müdaxilə deyilmi? Jurnalistlərin peşə fəaliyyətini təhlükəsiz yerinə yetirməsi üçün mövcud müdafiə mexanizmləri yetərlidirmi?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Lent.az-a açıqlamasında bildirib ki, bu gün jurnalistika peşəsi dünyada ən təhlükəli peşələrdən biri hesab olunur:

Hikmət Babaoğlu: Yeni kadr təyinatları milli inkişafımızın prioritetlərinin  realizə olunmasına hesablanıb - AZƏRTAC

“Çox təəssüf ki, beş il əvvəlki rəqəmlərlə müqayisədə 2025-ci ildə peşə fəaliyyətini həyata keçirərkən həyatını itirən jurnalistlərin sayı iki dəfəyə qədər artıb:

Bu isə bir daha jurnalistlərin təhlükəsizliyinin təmin olunmasında və ətraf mühitin jurnalistlərə münasibətində ciddi problemlərin olduğunu göstərir.

Şübhəsiz ki, jurnalistlər istər dinc dövrdə, istərsə də müharibə şəraitində cəmiyyəti obyektiv, qərəzsiz və operativ informasiya ilə təmin etməyə borcludurlar.

Lakin bəzən onların peşə fəaliyyəti müharibələrin, qarşıdurmaların, münaqişələrin və terror hadisələrinin baş verdiyi əraziləri də əhatə edir. Bu isə jurnalistlərin təhlükəsizliyinin qorunması məsələsində müəyyən boşluqların olduğunu üzə çıxarır. Nəticədə jurnalistlər belə şəraitdə həyatlarını itirirlər.

Sevindirici haldır ki, bu mənada Azərbaycan dövlətinin qayğısı və müvafiq qurumların diqqəti sayəsində bizim jurnalistlər 44 günlük Vətən müharibəsi zamanı da təhlükəli şəraitdə reportajlar hazırlayıb, informasiyalar əldə edərək cəmiyyətə çatdıra bildilər.

Bundan sonra, 2023-cü ilə qədər davam edən müxtəlif hərbi əməliyyatlar zamanı da jurnalistlərimiz öz peşə fəaliyyətlərini həyata keçirməyi bacardılar.

Bütün bunlar Azərbaycan dövlətinin jurnalistlərin təhlükəsiz şəraitdə fəaliyyət göstərməsi üçün daim imkanlar və müvafiq şərait yaratması sayəsində mümkün olub.

Mən düşünürəm ki, əlbəttə, bütün dünyada da belə olmalıdır. Jurnalistlərin təhlükəsizliyi hər yerdə diqqət mərkəzində saxlanılmalıdır.

Azərbaycanın bu sahədəki təcrübəsi də, mənə elə gəlir ki, nümunəvi bir təcrübədir”, - deyə, deputat fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində jurnalistlərin hüquqlarının qorunması və onların peşə fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınması ilə bağlı bir sıra müddəalar mövcuddur.

Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi fikir və söz azadlığını, 50-ci maddəsi isə məlumat azadlığını təmin edir. Konstitusiyaya əsasən, hər kəsin qanuni yollarla məlumat axtarmaq, əldə etmək, hazırlamaq və yaymaq hüququ var. Eyni zamanda, kütləvi informasiya vasitələrində dövlət senzurası qadağandır.

“Media haqqında” Qanunun 6.2-ci maddəsində jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilənin yolverilməz olduğu açıq şəkildə göstərilir. Bu müddəa jurnalistlərin öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirməsinin hüquqi təminatlarından biridir.

İnzibati Xətalar Məcəlləsinin 381.2-ci maddəsinə əsasən, jurnalistin peşə fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə 300 manatdan 600 manatadək cərimə nəzərdə tutulur. Həmin Məcəllənin 381.3-cü maddəsi isə jurnalistlərin informasiya almaq hüququnun qanunsuz məhdudlaşdırılmasına, məlumat verilməsindən əsassız imtina edilməsinə və ya informasiya sorğularının müəyyən edilmiş müddətdə cavablandırılmamasına görə 300 manatdan 500 manatadək cərimə müəyyən edir.

Bununla yanaşı, Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olmağa görə cinayət məsuliyyəti nəzərdə tutur. Belə ki, zor tətbiq etməklə və ya zor tətbiqi hədəsi ilə jurnalisti məlumat yaymağa, yaxud məlumat yaymaqdan imtina etməyə məcbur etmək cinayət məsuliyyətinə səbəb olur.

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda dərc olunub. 


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar