Qış tətilində məyus edə biləcək 7 məşhur məkan
06 noyabr 2026 13:04 (UTC +04:00)

Qış tətilində məyus edə biləcək 7 məşhur məkan

0

Sosial şəbəkələrdə nağıl kimi görünən turistik məkanlar qışda gözləntiləri doğrultmaya bilər. Bəzi yerlərdə turist sıxlığı və yüksək qiymətlər, digərlərində isə soyuq, küləkli hava istirahəti çətinləşdirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Travel Off Path” turizm portalı qış səfəri planlaşdırarkən seçiminə diqqətlə yanaşmağı tövsiyə etdiyi yeddi məşhur məkanı sadalayıb.

Hallştatt, Avstriya

Qarla örtülmüş evləri və göl mənzərəsi ilə tanınan Hallştatt fotolarda sakit kənd təsiri bağışlayır. Lakin nəşrin yazdığına görə, turist axını dar küçələrdə hərəkəti çətinləşdirə bilər. Qışda soyuq hava və buzlu yollar da buna əlavə olunur.

Alternativ kimi Fransanın Kolmar şəhəri göstərilir. Tarixi evləri və Milad yarmarkaları ilə seçilən şəhərin turizm infrastrukturu çoxsaylı ziyarətçiləri qarşılamaq üçün daha əlverişli hesab edilir.

Nassau, Baham adaları

Yanvarda Nassauya gedən turistlər bəzən davamlı isti hava gözləyirlər. Lakin ABŞ-dan gələn soyuq hava axınları burada da hiss oluna bilər. Küləkli günlərdə temperaturun təxminən 18 dərəcəyə düşməsi çimərlik planlarını poza bilər.

Kruiz gəmilərinin gətirdiyi turistlər də sıxlıq yaradır. Nəşr daha isti hava axtaranlara cənubda yerləşən Aruba və Kürasao adalarını alternativ kimi təqdim edir.

Kioto, Yaponiya

Kiotonun məbədləri və tarixi küçələri qışda da turistlərin diqqətini çəkir. Bununla belə, rütubətli soyuq hava və məşhur məkanlardakı sıxlıq gəzintiləri yorucu edə bilər.

Portal alternativ olaraq Kanadzavanı göstərir. Ənənəvi məhəllələri, tarixi memarlığı və qarlı mənzərələri ilə tanınan şəhər Yaponiyanın mədəniyyəti ilə tanış olmaq istəyənlər üçün başqa seçimdir.

Aspen, ABŞ

Kolorado ştatındakı Aspen xizək istirahətinin bahalı ünvanlarından sayılır. Nəşr xizək liftlərindən istifadə biletləri, yemək və yerləşmə xərclərinin büdcəni ciddi artıra biləcəyini vurğulayır. Sıx mövsümdə boş yer tapmaq da çətinləşir.

Alternativlər sırasında Kanadanın Revelstok və ABŞ-ın Yuta ştatındakı Pauder-Mauntin kurortları göstərilir.

Amsterdam, Niderland

Qışda Amsterdamda günlər qısa, hava isə küləkli və yağışlı olur. Bu şərait şəhəri əsasən piyada gəzməyi planlaşdıran turistlər üçün əlverişsiz ola bilər. Nəşr yerləşmə xərclərinin və turist vergisinin də büdcəyə təsir etdiyini qeyd edir.

Qış ab-havası axtaranlara alternativ kimi Vyana təklif olunur. Avstriya paytaxtı Milad yarmarkaları, tarixi memarlığı və qapalı məkanlarda keçirilən mədəni tədbirləri ilə seçilir.

Ki-Uest, ABŞ

Floridadakı Ki-Uest qış mövsümündə yüksək tələbatla üzləşir. Portalın qiymətləndirməsinə görə, otellərin bahalaşması, kruiz turistlərinin axını və əsas küçələrdəki sıxlıq sakit istirahət istəyənləri məyus edə bilər.

Daha sakit alternativ kimi Floridanın Anna-Mariya adası göstərilir. Məqalədə ada çimərlikləri, alçaqmərtəbəli tikililəri və rahat istirahət atmosferi ilə fərqləndirilir.

Banf, Kanada

Banfın məşhur firuzəyi göllərini görmək istəyənlər qışda fərqli mənzərə ilə qarşılaşırlar. Göllər donur, ərazi qarla örtülür və temperatur kəskin aşağı düşə bilir.

Qış idmanını sevənlər üçün cəlbedici olsa da, sadəcə gəzmək və gölləri görmək istəyənlər mövsüm seçimini nəzərə almalıdırlar.

Portal alternativ olaraq ABŞ-ın Montana ştatındakı Uaytfişi təqdim edir. Bununla belə, bu istiqamət də qarlı və soyuq qış şəraitinə hazırlıq tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar