Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Bakıda narkotik satışını təşkil edən ailə üzvləri Cəfərov Hümbət, Cəfərov Əli, Cəfərova Şəlalənin cinayət işi üzrə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilənlərə cəza istəyib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında məhkəmədən Cəfərov Hümbətin 12 il, Cəfərov Əlinin 11 il, Cəfərova Şəlalənin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə tərəfi çıxış üçün vaxt istəyib, növbəti proses 18 dekabra təyin olunub.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən 2024-cü ilin 24 dekabrında Xətai rayonu ərazisində əvvəllər narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar - 56 yaşlı Hümbət Cəfərov, oğlu 33 yaşlı Əli Cəfərov və qızı 35 yaşlı Şəlalə Cəfərova saxlanılıblar. Qeyd edilib ki, onlara məxsus avtomobildən 14 kiloqramdan artıq heroin, metamfetamin və tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkar edilərək götürülüb.
Bildirilib ki, bu şəxslər aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə Astara rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Saxlanılan şəxslər Bakı şəhərində narkotik vasitələrin əsas tədarükçülərindən olublar.
Faktla bağlı cinayət işi başlanılıb, onların hər üçünə qarşı qarşı Cinayət Məcəlləsinin 234.4.1 maddəsi ilə ittiham irəli sürülüb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.