Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə tanışlarını döyüb ona qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Etibar Məmmədov və Allahverdi Məmmədlinin cinayət işi üzrə dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxışında təqsirləndirilənlər - Etibar Məmmədov və Allahverdi Məmmədlinin ayrılıqda 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən A. Məmmədlinin hüquqlarını müdafiə edən vəkil Mahmud Dünyamalıyev çıxış üçün vaxt istəyib.
Növbəti proses 25 sentyabr saat 10:20-ə təyin olunub.
Xatırladaq ki, hadisə 15 oktyabr 2025-ci ildə Sabunçu rayonu ərazisində baş verib. Etibar Məmmədov və Allahverdi Məmmədli tanışları Hüseyn Abbasovla Zabrat qəsəbəsində yerləşən "Xançinar" adlı kafedə görüşərək yeyib-içiblər. Etibar Məmmədov və Allahverdi Məmmədli əvvəlcədən yeyib-içdiklərinin hesabını Abbasova ödətməklə bağlı razılığa gəliblər. Bu məqsədlə Etibar Məmmədov və Allahverdi Məmmədli hesabı ödəməklə bağlı qəsdən mübahisə yaradaraq, H. Abbasovun baş nahiyəsinə ağır yumruq zərbələri endiriblər. Tanışlar daha sonra Abbasovu kafenin kabinəsindən həyətə çıxararaq, bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri vurmaqda davam ediblər. Hüseyn Abbasovun cibində olan telefonunu, qol saatını və nağd pulu götürən tanışlar Abbasovun telefonunu yediklərinin hesabı əvəzinə kafeyə girov qoyaraq, ona ümumilikdə 2250 manat maddi ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi) maddəsi ilə məsuliyyətə cəlb olunublar, barələrində həbs qətimkan tədbiri seçilib.