Zamiq Xankişiyev
23 oktyabr 2026 13:12 (UTC +04:00)

Zamiq Xankişiyev

“Zamiq atası ilə birlikdə məni aldatdı” - ŞOK İFADƏLƏR

0

Bakıda bir neçə nəfərə qarşı xüsusilə külli miqdarda dələduzluqda ittiham olunan iş adamı Zamiq Xankişiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən proses zərərçəkmiş Pərviz Səlimovun ifadəsi ilə davam etdirilib.

Zərərçəkmiş bildirib ki, Zamiq Xankişiyevlə 2011-ci ildən tanışdır və sonradan aralarında yaxın dostluq münasibətləri yaranıb:

“Zamiqlə 2011-ci ildən tanışıq. Sonra dost, kirvə olduq. Məndən bir neçə dəfə maşın götürüb. Söz verirdi ki, bir ay müddətinə pulunu qaytaracaq. Ona 50 min dollarlıq “S-Klass” vermişəm, 35 min dollarını bu günə kimi ödəməyib. Əvvəlki iclaslarda boynundan atırdı ki, ona maşın verilməyib. Amma istintaqa təqdim etdiyim “WhatsApp” yazışmalarımızda mənim ondan dəfələrlə maşının pulunu tələb etdiyim, onun isə müxtəlif bəhanələr gətirdiyi görünür”.

P.Səlimovun sözlərinə görə, təqsirləndirilən şəxs avtomobili başqa adamın aldığını iddia etsə də, həmin şəxs əvvəlki məhkəmə iclasında fərqli ifadə verib:

“Zamiq məhkəmədə deyir ki, guya “S-Klass”ı onun tanışına vermişəm, özünün xəbəri yoxdur, sadəcə bizi tanış edib. Amma həmin adam əvvəlki məhkəməyə gəlib dedi ki, Pərvizi tanıyıram, lakin maşını Zamiqdən almışam və pulunu da mənə verməyib”.

Zərərçəkmiş ifadəsində Zamiq Xankişiyevin atası, Xırdalan dəmir yolu stansiyasının keçmiş rəisi Fəyyaz Xankişiyevin də adını çəkib.

Onun sözlərinə görə, yaranmış borc probleminin həlli üçün ata və oğulla Nərimanov rayonunda yerləşən ofisində görüşüb:

“Zamiqin başqa şəxslərə də borcları vardı. Atası Fəyyaz Xankişiyev mənə dedi ki, “Günəşli”yə, “Sea Breeze”ə sement, beton verirəm, sənin pulunu bir ay müddətinə qaytaracağam. Zamiq ABŞ səfirliyinin yaxınlığında mənə 26 min pul verdi. Qalanını bir aya ödəyəcəyini bildirdi. Amma ödəmədi. Dəfələrlə özünə, atasına, qardaşına zəng etdim. Hətta evlərinə də getdim, nəticəsi olmadı”.

P.Səlimov bildirib ki, sonradan Zamiq Xankişiyev onun özünə borclu olduğunu iddia edib.

Zərərçəkmiş evlə bağlı epizoda da toxunaraq əvvəlki məhkəmə iclaslarında Zaur və Cavid adlı şəxslərin ifadə verdiyini xatırladıb.

Onun sözlərinə görə, Zaur sözügedən evi 260 min manata Cavidə satdığını bildirib. Cavid isə ev adına rəsmiləşdirildikdən sonra P.Səlimovun ortaq tanışlar vasitəsilə ona müraciət edərək Zamiq və atasının pulunu ödəmədiyini çatdırdığını təsdiqləyib.

P.Səlimov sement alqı-satqısı ilə bağlı başqa bir epizoddan da danışıb:

“Zamiq xahiş etmişdi ki, iş adamı olan yaxın dostum Muraddan sement götürüm, o da beton verəcək və pulu qaytaracaq. Murad Zamiqə məxsus beton zavoduna 100 min manat dəyərində sement verib. Onun da pulunu bu gün-sabaha saxlayaraq ödəməyib. Mənə ümumilikdə 572 min manat ziyan vurub”.

Təqsirləndirilən Zamiq Xankişiyev isə zərərçəkmişin dedikləri ilə razılaşmayıb və onun yalan danışdığını iddia edib:

“Pərviz verdiklərini deyir, aldıqlarını demir. Onunla çalışdığım altı il ərzində 490 min manatlıq qarşılıqlı alverimiz olub. Onun özünün külli miqdarda borcu var, buna görə pulu məndən tələb edir. Pərviz borc sahiblərinin əlindən ölkədən qaçmışdı, “İnterpol” onu tapıb geri qaytardı”.

Daha sonra təqsirləndirilən şəxs və zərərçəkmiş dövlət ittihamçısının, eləcə də vəkillərin suallarını cavablandırıblar.

Məhkəmənin növbəti iclası noyabrın 13-ü saat 10:00-a təyin olunub.

Qeyd edək ki, cinayət işinə əvvəllər hakim Elnur Nuriyev sədrlik edib. Onun Bakı Apellyasiya Məhkəməsinə təyin olunmasından sonra iş hakim Kamil Əliyevin icraatına verilib.

1 milyon manata yaxın dələduzluq ittihamı

İttiham aktına əsasən, Zamiq Xankişiyev özünü geniş işgüzar əlaqələrə malik şəxs kimi təqdim edərək bir neçə nəfərin etibarından sui-istifadə etməkdə və onların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilir.

İstintaq materiallarında göstərilir ki, o, zərərçəkmiş P.Səlimova Neftçalada yerləşən Olimpiya İdman Kompleksinin tikintisində beton işləri üçün 60 min manatlıq sement sifariş verib, lakin vəsaiti ödəməyib.

Bundan başqa, Z.Xankişiyev P.Səlimova məxsus “Maserati Ghibli” avtomobilini 48 min ABŞ dollarına sataraq pulunu mənimsəməkdə ittiham olunur.

İttihamın digər epizoduna əsasən, o, iş adamına məxsus “Mercedes-Benz S-Klass” avtomobilini 85 min ABŞ dollarına satıb. Həmin məbləğin 50 min dollarını qaytarsa da, qalan 35 min dollarını ödəməyib.

İstintaq Z.Xankişiyevin P.Səlimova ümumilikdə 577 min manat ziyan vurduğunu müəyyən edib.

Cinayət işində digər zərərçəkmiş kimi tanınan S.V.-nin isə müxtəlif tikinti layihələrindən qazanc əldə etmək vədi ilə aldadıldığı, nəticədə 180 min manat ziyana düşdüyü bildirilir.

Daha bir epizod təqsirləndirilən şəxsin müəssisəsində fəhlə işləyən F.Ə. ilə bağlıdır. İttihama görə, Z.Xankişiyev işçisinə ödəməli olduğu 5690 manatın əvəzinə “Kia” markalı avtomobil verəcəyini vəd etsə də, sözünə əməl etməyib.

1 il 8 ay axtarışda olub

Xatırladaq ki, Zamiq Xankişiyev istintaqdan yayındığı üçün 1 il 8 ay axtarışda olub.

O, zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. Barəsində əvvəlcə həbs qətimkan tədbiri seçilsə də, sonradan ziyanın bir hissəsinin ödənilməsi nəzərə alınaraq “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tətbiq edilib.

Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, təqsirləndirilən şəxsin atası Fəyyaz Xankişiyev əvvəllər Xırdalan dəmir yolu stansiyasının rəisi vəzifəsində çalışıb. O, 2014-cü ildə vəzifəsindən azad edilib.

Mediada Zamiq Xankişiyevin bahalı avtomobilləri və dəbdəbəli həyat tərzi ilə bağlı da məlumatlar yayılıb. Onun müxtəlif vaxtlarda lüks avtomobillərini sosial şəbəkələrdə nümayiş etdirdiyi bildirilib.

Zamiq Xankişiyevin təqsirli olub-olmamasına məhkəmə tərəfindən yekun hüquqi qiymət verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar