Yasamalda qətl törədən Təbrizə AĞIR CƏZA  verildi
05 dekabr 2025 12:49 (UTC +04:00)

Yasamalda qətl törədən Təbrizə AĞIR CƏZA verildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə  Bakının Yasamal rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.

Prosesə onlayn qoşulan şahid Həsənov  Sənan həmin gün məhəlləyə dostunun yanına gəldiyini bildirib:

"Mən arada dostumu görmək üçün o məhəlləyə gedib- gəlirdim. Birdən güclü maşın səsi eşidib, durduq ki, gedib nə baş verdiyini görək. İki adam gördük, birinin əlində bıçaq vardı, digəri yerdə yıxılıb qalmışdı və vurma, vurma deyirdi. Sonra tanımadığımız bir adam araya girib onları bir-birindən uzaqlaşdırdı. Axşam saat 23:00 idi, qaranlıqda mən o adamın üzünü görə bilmədim".

Daha sonra çıxış edən dövlət ittihamçısı məhkəmədən  təqsirləndirilən Təbriz Həsənovun 20  il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkənin hüququ nümayəndəsi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyib.

T. Həsənov son söz çıxışında üzünü hakimlərə tutaraq "Göydə allah, yerdə siz" deyib.

Müşavirədən sonra məhkəmə T.Həsənovun 18 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib. Təbriz Həsənov cinayət əməlini törətdikdən sonra hadisə yerini tərk edərkən naməlum avtomobil tərəfindən vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ağır yaralı halda tapılan Azər İbrahimov dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. İstintaq orqanı tərəfindən Təbriz Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar