Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Zabil Məmmədovun cinayət işinə dair məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı məhkəmədən Zabil Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib.
Müdafiə vəkili dəymiş ziyanın yarıdan çoxunun ödənildiyini və hüquqlarını müdafiə etdiyi şəxsə həbs olmayan cəza təyin edilməsini məhkəmədən istəyib.
Müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Zabil Məmmədovun 5 il müddətinə şərti azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
Xatırladaq ki, ittihama görə Zabil Məmmədov özünü vəzifəli şəxs kimi təqdim edən tanışı Samirə Mirzəyeva, Ağayev Mirqələm, Əliyev Fariz Qaraxan oğlu ilə qabaqcadan əlbir olaraq əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-2023-cü illər ərzində ona müraciət etmiş 78 nəfər şəxsə məxsus ümumilikdə 753 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında qeyd olunan şəxslərə təqsirləndirildikləri əməllərə müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 178. 3.2 ( dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə)
310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və qanunsuz hazırlama) və digər maddələri ilə ittiham elan edilib, Samirə Mirzəyevanın barəsində başqa cinayət işi üzrə məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınıb, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.