Araşdırmaçılar Kleopatra və Mark Antoninin  məzarlarına dair ipucu tapıblar
06 oktyabr 2025 13:09 (UTC +04:00)

Araşdırmaçılar Kleopatra və Mark Antoninin məzarlarına dair ipucu tapıblar

0

Arxeoloqlar Misirdə qədim Taposiris Magna məbədinin yanında sualtı liman aşkarlayıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu kəşf Kleopatra və onun sevgilisi Mark Antoninin dəfn olunduğu yerə aparan ipucu ola bilər.

Tədqiqatçılar Kleopatranın mümkün məzar yerini, İsgəndəriyyə sahilindən üç kilometr məsafədə, 12 metr dərinlikdə yerləşən batmış liman vasitəsilə müəyyən ediblər.

2005-ci ildən Kleopatranın məzarını axtaran araşdırmaçı Ketlin Martines bildirib ki, Taposiris Magna məbədi (ölüm tanrısı Osirisə həsr olunmuşdu) ilə limanı təxminən 1,3 kilometrlik yeraltı tunel birləşdirir.

Alimlər ehtimal edirlər ki, Kleopatra və Mark Antoninin dəfn yeri həm sualtı kompleksdə, həm də məbədin xarabalıqları arasında ola bilər. Məhz orada vaxtilə Kleopatranın hökm sürdüyü dövrə aid – Ptolemeylər zamanının keramika nümunələri aşkar edilib.

Martines hesab edir ki, Kleopatra romalıların ölümündən sonra onu sevdiyindən ayırmaması üçün xüsusi bir yol düşünmüş ola bilər. Onun versiyasına görə, cütlük əvvəlcə Taposiris Magna məbədinə gətirilib, sonra isə tunellə limana aparılaraq orada dəfn edilib.

Məlumdur ki, Misir kraliçası və onun sevgilisi eramızdan əvvəl 30-cu ildə könüllü olaraq həyatdan ayrılıblar. Lakin onların dəqiq dəfn yeri antik dövrün ən böyük sirrlərindən biri olaraq qalır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar