Əyləc işləməyəndə nə etməli? - Ətraflı TƏLİMAT
19 sentyabr 2025 14:58 (UTC +04:00)

Əyləc işləməyəndə nə etməli? - Ətraflı TƏLİMAT

0

Əyləclərin işləməməsi hər bir sürücünün ən böyük qorxularından biridir. Bu, döyüş filmi süjeti deyil, istənilən an baş verə biləcək real təhlükədir. Belə vəziyyətdə həyəcan ən böyük düşməndir. Sakitlik, bilik və operativ qərarlar isə faciədən qaçmağın yeganə yoludur.

Lent.az xəbər verir ki, aşağıda avtomobilinizin əyləcləri işləmədiyi halda vəziyyəti düzgün qiymətləndirməyinizə kömək edəcək əsas izahlar və tövsiyələr toplanıb.

Əyləclər niyə işləməyə bilər?

•    Əyləc mayesinin sızması – sistemdə təzyiqin itməsi.
•    Aşınmış və ya düşmüş əyləc yastıqları.
•    Mayenin həddindən artıq qızması və “qaynaması”.
•    Supportun və ya əsas silindrin nasazlığı.
•    Səhlənkar texniki qulluq və ya ehtiyat hissələrinin vaxtında dəyişdirilməməsi.

Əyləclər işləmədikdə, hərəkətə yalnız çox yavaş və qısa müddət davam etmək olar. Adətən mütəxəssislər 1–2 km-dən artıq yol qət etməməyi, kəskin hərəkətlərdən və manevrlərdən qaçmağı məsləhət görürlər.

Əyləclər işləmədikdə hərəkət planı

1. Fövqəladə işıqları yandırın
İlk növbədə digər sürücülərə siqnal verin. Onlar başa düşməlidirlər ki, sizin avtomobiliniz nasazdır və təhlükə yaradır.

2. Sükana iki əllə nəzarət edin
Maşının gözlənilməz davranışına hazır olun. Sükanda möhkəm mövqe idarəni qorumağa kömək edəcək.

3. Pedalı “pompalamağa” cəhd edin
Əyləc pedalını bir neçə dəfə sona qədər basıb buraxın. Problem hava tıxacları və ya kiçik sızmadan yaranıbsa, bu kömək edə bilər. İkikonturlu sistemli maşınlarda bir kontur digərini əvəz edir. Ancaq bunu ritmik və hamar edin: kəskin hərəkətlər sistemi daha da pisləşdirir.

4. Mühərriklə sürəti azaldın
Mexaniki ötürmədə: ardıcıl şəkildə aşağı sürətlərə keçin, pillələri atlamayın. Qaz pedalını buraxın, mühərrik maşının sürətini azaltmağa başlayacaq.
Avtomat ötürmədə: əl rejimini, “L” və ya “2” mövqeyini seçin, varsa sükanaltı ötürmə “lapatkalarından” istifadə edin. Bu, sürət qutusunun aşağı pillədə qalmasını təmin edir və avtomobili yavaşladır.
Vacibdir: hərəkət zamanı mühərriki söndürməyin. Bu, sükanı bloklayır və qəza ilə nəticələnə bilər.

5. Əl əyləcindən ehtiyatla istifadə edin
Dayanacaq əyləci xilasedici ola bilər, amma onu tədricən çəkmək lazımdır.
Yüksək sürətdə kəskin dartmaq təkərləri bloklayacaq və maşını sürüşdürəcək.
Qolu asta-asta qaldırın ki, yastıqcıqlar yavaş-yavaş disklərə sıxılsın.
Maşın sürüşəndə, nəzarəti bərpa etmək üçün sükanı sürüşmə istiqamətinə çevirin.

6. Yavaşlama üçün manevr edin
Sürət az olduqda sükanı yüngülcə sağa-sola hərəkət etdirin — bu, əlavə müqavimət yaradır və dayanmanı sürətləndirir.

7. Relyefdən və maneələrdən istifadə edin
İmkan varsa, maşını yuxarı meyilli yol sahəsinə, yol kənarına, yumşaq torpağa və ya kolların üstünə yönəldin. Bu, sürəti qəfil zərbəsiz azaltmağa kömək edəcək.

Əlavə məsləhətlər
•    Soyuq havada əl əyləci donmuş ola bilər, onu ehtiyatla çəkin.
•    Əgər problem sistemdəki hava səbəbindən yaranıbsa, mütləq servisə gedin və sistemi diaqnostika etdirin, hava çıxarın.
•    Hər hansı qəza vəziyyətindən sonra hərəkəti davam etdirməyin, mütləq təmir edin.

Profilaktika ən yaxşı müdafiədir

Əyləc nasazlığı riskini azaltmaq üçün:
•    Əyləc mayesinin səviyyəsini və vəziyyətini mütəmadi yoxlayın.
•    Yastıqcıqları, diskləri və digər sərfiyyat hissələrini vaxtında dəyişin.
•    Planlı texniki baxışdan keçin, xırda nasazlıqların təmirini təxirə salmayın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 371

Oxşar yazılar