Dünyanın müxtəlif ölkələrindən olan alimlər ilk dəfə olaraq ən vacib qida məhsullarından olan kartofun dərin təkamül köklərini izləyə biliblər. “Cell” jurnalında dərc edilən və Reuters tərəfindən işıqlandırılan yeni tədqiqatın nəticələrinə görə, müasir kartof təxminən 9 milyon il əvvəl Cənubi Amerikanın ərazisində bitən və müasir kartofa bənzər bir bitki ilə vəhşi pomidorun təbii hibridləşməsi nəticəsində meydana gəlib.
Lent.az xəbər verir ki, beynəlxalq alimlər qrupu 450 mədəni kartof genomunu və 56 yabanı növ genomunu təhlil edib. Genetik məlumatlar aydın şəkildə göstərir ki, qədim hibridləşmə kartofun təkamülündə əsas dönüş nöqtəsi olub və nəticədə bulyblar (qida maddələrinin toplanması və vegetativ çoxalma üçün xüsusi orqanlar) yaranıb. Məhz bu xüsusiyyət sayəsində kartof qida bitkisinə çevrilib.
“Kartof planetdəki ən universal və qidalı bitkilərdən biridir. O, çox vaxt qida maddələrinin mənbəyi kimi lazımınca qiymətləndirilməsə də, tərkibində böyük miqdarda C vitamini, kalium, lif və rezistent nişasta var, həmçinin tamamilə qlütensizdir”, — deyə Çin Kənd Təsərrüfatı Elmləri Akademiyasından genom bioloqu Sanven Xuan vurğulayır.
Bu dəyişikliklər təxminən beş milyon il əvvəl, pomidorun əcdadları ilə Etuberosum adlı, bulybsuz, lakin kartofa bənzər bitkinin təkamül yolları ayrıldıqdan sonra mümkün olub. Məhz həmin dövrdə And dağlarının sürətli qalxması başlayıb və bu da soyuq, quraq şərait yaradıb. Bulyblara malik yeni hibrid bitki bu iqlim çağırışlarına uyğunlaşaraq qida maddələrini yeraltı orqanlarda toplaya bilib.
Bu gün dünyada təxminən 5000 kartof sortu mövcuddur və o, buğda ilə düyüdən sonra üçüncü ən mühüm ərzaq bitkisi sayılır. Ən çox kartof Çində yetişdirilir.
Alınan nəticələr kənd təsərrüfatı seleksiyası üçün yeni imkanlar aça bilər, xüsusilə iqlim dəyişikliyinə davamlı sortların yaradılması baxımından. Alimlər həmçinin pomidorun genetik xüsusiyyətlərindən istifadə edərək kartofun DNT-sini təkmilləşdirmə, zərərli mutasiyaları aradan qaldırma imkanlarını öyrənirlər. Hətta hər iki bitkinin ən yaxşı xüsusiyyətlərini birləşdirən hibrid bitkinin, yuxarıda pomidor, yerin altında isə kartof bulyblarının, yaradılması ehtimalı da istisna edilmir.
Maraqlıdır ki, qida istifadəsindəki fərqlərə baxmayaraq, kartof və pomidor quruluşca olduqca oxşardır: demək olar ki, eyni yarpaqlara, çiçəklərə və hətta meyvələrə sahibdirlər. Vəhşi kartofun meyvələri isə kiçik yaşıl pomidorları xatırladır. Baxmayaraq ki, onları yemək qətiyyən olmaz.