Kamil Muxtarov
19 yanvar 2026 16:36 (UTC +04:00)

Kamil Muxtarov

20 Yanvarda keçirilən gizli iclas - "Alfa" qrupunun həbs etdiyi kapitanla MÜSAHİBƏ

0

Sabah 20 Yanvar hadisələrinin anım günüdür. 

Lent.az 20 Yanvar hadisələri vaxtı “Sabit Orucov” gəmisində kapitan köməkçisi olan Kamil Muxtarovla müsahibəni təqdim edir.

- 20 Yanvar hadisələrini necə xatırlayırsız?

- 20 Yanvar hadisələrində "Sabit Orucov" gəmisində kapitan köməkçisi olmuşam. Həmin vaxt kapitan Əliyev Mövlud idi. SSRİ DTK-nın "Alfa" qrupu bizi dəniz vağzalında həbs etdi.

- Necə oldu bu?

- Ayın 21-i matəm günü idi. "Sabir Orucov" gəmisi Azadlıq Meydanına yaxın, Dəniz Vağzalı tərəfdə sahildə olurdu. O gəmidə Azərbaycan Xalq Cəbhəsinin  və digər hərəkatların birgə gizli iclası keçirilirdi. İclasda 200-300 nəfər iştirak edirdi. Bundan xəbər tutmuşdular və SSRİ hərbçilərinə tapşırıq vermişdilər ki, o yığıncaqda iştirak edənlərin hamısını həbs etsinlər. Onlara dəqiq saata da deyilmişdi. Sadəcə "Alfa" qrupu Moskva saatı ilə bizim saatı səhv salmışdı. Arada 1 saat fərq var idi. Ona görə də, həmin iclas bitmişdi. Gəmidə ancaq gəmi heyəti və 1-2 nəfər AXC üzvü qalmışdı. Saat 3-4 radələri idi. "Alfa" qrupu top-tüfənglə, tank, BTR-lərlə  gəlib gəmiyə güllə atırdılar. Dəniz Vağzalının şüşələri çilikləndi. Həmin hərbçilər sürünə-sürünə, gizli gəmiyə keçdilər. Bütün gəmi heyətini - kimisi ayaqyalın, kimisi əyin-başını tam geyinməmişdi - tutdular. Təqribi 18 nəfər var idi gəmidə. Hamını tutdular. Apardılar vağzala. Orada bizi söyüb-döyürdülər, çox incidirdilər. Ondan sonra atışma başladı. 

- Kimlər arasında idi bu atışma?

- "Alfa" qrupun bir hissəsi gəmini boşaldandan sonra orada qalmışdı. Oradan indiki "Port-Baku" ərazisinə güllə atırdılar. Hərbçilərin bir hissəsi də həmin ərazidə idi. Onlar da gəmiyə tərəf atəş açırdılar. Öz aralarında oyun oynayırdılar. Gəminin sağ bortunda o güllə izləri sonralar da qalırdı. Gəmidə rusların öz əsgərlərindən yaralananlar oldu. O yaralılardan 1-2 nəfərini bizim yanımıza, vağzala gətirib dedilər ki, sizinkilər bizim əsgərlərimizi vurublar, başınıza oyun açacağıq. 

- Amma onları öz əsgərləri vurmuşdular...

- Bəli, əlbəttə. Əslində, bəlkə də, özləri qəsdən etmişdilər. Gəmidə silah yox idi. Özü də təkcə bizim gəmini yox, orada başqa gəmilər də var idi, onları da atəşə tutmuşdular. Atışma bitəndən sonra bizi həbsxana maşınlarına mindirib Xətai tərəfdə həbsxanaya apardılar. Aramızda qadınlar da var idi - aşpazlarımız, onları buraxdılar. 1 gecə orada qaldıq. Sonra apardılar Şüvəlan həbsxanasına. 1 gün də orada qaldıq. Şüvəlanda bit-birə basmışdı bizi. Şəkillərimizi çəkib sənədləşdirdilər. Biz bilmədik nə edirlər, nəyi sənədləşdirirlər. Yenə gecə vaxtı əllərimizi arxadan qandallayıb cəzaçəkmə müəssisəsinin maşınlarına oturtdular. Apardılar Salyana, oradan da "Nasosnu" ( Hacı Zeynalabdin qəsəbəsi - red.) tərəfdə hərbi təyyarələrə mindirdilər. Təyyarə mindirəndə qollarımızı arxadan açıb qabağa bağladılar. Bizimlə adam kimi rəftar eləmirdilər. Hərəmizin başının üstündə bir avtomatlı əsgər var idi. Bizi Krasnodara apardılar. Yenə döyə-döyə, söyə-söyə gətirdilər həbsxanaya.

- Yemək verirdilər sizə?

- 1 gecə ac-susuz orada saxladılar. O həbsxanada ermənilər çox idi, ona görə də, fikirləşdilər ki, nəsə problem ola bilər. Sonra bizə 3 sutkalıq azuqə verdilər. 3 nəfərə 1 ədəd konservləşdirilmiş ət verdilər, bir parça da qara çörək. Vaqonlara mindirdilər. Qatar kömürlə işləyirdi deyə, içəri çox isti olurdu. İstidən bədənimizdəki bitlər "ayıldı". Biz o vaxta qədər bilmirdik bit nə olan şeydir. Stepan Razin adına həbsxanaya apardılar. Orada dedilər ki, komendant saatını pozduğumuza görə həbs ediblər. Amma bizi günorta saat 4-də saxlamışdılar. Komendant saatı isə 9-da başlayırdı. Heç bir pozuntu yox idi. 

Bütün bu proseslər 30 gün çəkdi. Fevralın 23-ü bizi göndərdilər Bakıya...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 606

Oxşar yazılar