Ayaz Salayev
12 avqust 2022 20:15 (UTC +04:00)

Ayaz Salayev

"Mən o vaxt səhv etmişəm, özüm özümü aldatmışam" - Ayaz Salayevlə MÜSAHİBƏ

Lent.az-ın müsahibi Əməkdar İncəsənət Xadimi, kinoşünas, rejissor Ayaz Salayevdir

- 2011-ci ildə demişdiniz ki,  Azərbycan kinosunun gələcəyinə ümidim var. 11 il keçdi, dəyişən bir şey olmadı və o gələcək hələ də gəlmədi.

- Yaxşı sualdı. Mən o vaxt səhv etmişəm. Daha doğrusu, özüm özümü aldatmışam. Vəziyyətə olduğu kimi yox, arzuladığım kimi baxırdım. Müasir kinonun vəziyyəti yaşadığımız dövrün tələblərinə cavab vermir. Biz millət kimi dünyaya təzədən göz açırıq, dünya bizi başqa cür tanımağa başlayıb, böyük bir tarixi mərhələdən keçirik, amma kinomuz bunu elə bil ki görmür. Nəinki, kino, incəsənətimiz ümumiyyətlə. Nə ədəbiyyatda, nə musiqidə, nə teatrda möhtəşəm yeniliklər yoxdur. Bu 30 ildə yeni opera yazılıbmı? Balet? Dramaturji əsər? 

- Kino həm də xronikadır, yaddaşdır, gələcəyə gedən mesajdır. Bildiyimə görə, 1941-45-ci illərdə operatorlar ən ön cəbhələrə gedir, döyüş səhnələrini çəkirdilər və biz müharibə səhnələrini dönə-dönə seyr etmişik. II Qarabağ müharibəsində döyüş səhnələrini əsgərlərimizin telefonlarından gördük. Yalnız bu.

- Sizinlə tam razıyam. Bəli xronika çəkilmədi. Filmlər də çəkilmir. Amma onu da qeyd etməliyəm ki, “Azərbaycanfilm” kinostudiyası vəziyyəti düzəltmək üçün müəyyən tədbirlər görməyə çalışır. Bu yaxınlarda Qələbə mövzusu ilə bağlı ssenari müsabigəsi keçirildi, mən də ekspert şurasının sədri idim. Əlli üç ssenari təqdim olunmuşdur, onların arasında kifayət qədər səviyyəli əsərlər də var idi. Müəyyən inkişaf gördüm. Amma hələ ki dahilər nə kinoya, nə də incəsənətin digər növlərinə gəlmir.

- Sizcə niyə?

- Öncə vurğulayım ki, mən müstəqilliyimizin, millətiçiliyimizin qatı tərəfdarıyam. Rusiyanın bizə olan münasibətinə, SSRİ-yə rejim olaraq nifrət eləyirəm. Amma inkar edə bilmərik ki, Azərbaycanın incəsənəti Rusiyanın tərkibində formalaşıb. Ona qədər poeziyamız, böyük muğamımız var idi. Amma nəsr əsərləri, dramaturgiya, opera, balet və s. rus mədəniyyətin təsiri altinda yarandı. Xoşumuza gəlsə də, gəlməsə də... 30 illik müstəqilik dövrü milli mədəniyyətə yeni bir yanaşma tələb edir. Milli mədəni ideologiya ortaya qoymalıdır. Bu vaxta gədər millətçiliyimiz düşmən təcavüzü nəticəsində formalaşırdı. İndi artıq Qarabağ siyasətindən asılı olmayan, yeni milli ideologiya yaranmalıdır. Deyilən bu azərbaycançılıq sənətdə ozünün tam dolğun əksini tapmalıdır. Söhbət müstəgil ölkənin əsl müstəgil mədəniyyətindən gedir.

- Bu necə bir şey olmalıdır? Onu necə görürsünüz?

- Mən deyə bilmərəm ki, onu görürəm, amma mən bunu hiss edirəm. Onu mədəniyyətə gətirən adamlar tariximizə adlarını yazacaqlar. Qarabağ problemi bizim bir xalq kimi formalaşmağımızda böyük müsbət rol oynayıb. Qarabağ olmasaydı, biz hələ də düşmənə qardaş deyəcəkdik, neçə ailələrimizdə uşaqlarımız erməni qanı daşıyacaqdı. Gəncliyimdə mən müxtəlif millətlərlə olan evliliklərə çox müsbət baxırdım. İndi yox. Düşünə bilirsinizmi, iki millət bir-birinə qarşı çıxıb, sənin ürəyin Azərbaycanladı, vətənini sevirsən, amma anan ermənidir. Sənin sevdiyin kişi və ya qadın ermənidir. İnam yox, sabah nələr olacaq güvənin yox...Bu əslində dəhşətli faciədir. 

- Qardaş Türkiyənin ideologiyası necə, qaneedicidir?

- Mən Türkiyəyə praqmatik yanaşıram. Bizə dəstək göstərən qardaş ölkədir. Amma başqa şeylərdə... nə deyim. Orda dərs deyən müəllimlərin çoxu bizdən gedib. Bəzən onların tərifləyib göylərə qaldırdıqları müəllimləri biz burda bəyənməmişik (gülür). Bir söz deyəcəm, buna Yazıçılar İttifaqı daha diqqətli olmalıdır məncə. Bizim dilimizi rus dilindən qorumaq asandır, iki ayrı dildir. Amma türk diliylə yaxınlığımız o qədər çoxdur ki, bizim dilimiz bu dilin içində əriyib itə bilər. Bundan gənc nəsli qorumaq lazımdır. Uşaqlarımızın bəziləri artıq türk aksenti ilə danışır.

- Ayaz müəllim, öz fikirləri olan, fərqli düşüncə sahibisiniz. Sizi anlamaq da asan deyil. Film çəkərkən yarı yolda qoyublar sizi?

- Bəli  olub. O qədər olub ki! Mən öz komandası olmayan rejissoram. Və bu baxımdan çox kinliyəm. Məni yarıyolda qoyan, yaxudda, mənimlə işləməyə etiraz edən adamla, istər, aktyor, istər operatorla və s. sonralar özü istəsədə, heç zaman işləmərəm. Filmlərimdə hansı uğur olubsa, əminliklə deyə bilərəm, bu yalnız mənə görə olub. Daim çəkiliş qrupunun məni anlamadığını hiss edirəm.  Öz haqqımda eşitmişəm deyirlər, guya öz aləmimdəyəm. Bu həqiqətdən çox uzaq fikirdir.

- Axı sizi anlamaq çətindir, indi insanlar  rahata qaçırlar.

- Daha çox bəsitə. Müasir kinomuz dəhşətli bir  bəsitliyə yuvarlanıb. Məni tamaşaçıların zövqsüzlüyü dəhşətə salır. Mənə bu çatmır.

- Fikirlərinizin belə formalaşması Moskva təhsilinizlə bağlıdır?

- Əyər məndən soruşsalar, “həyatının ən böyük uğuru nədir”, deyərdim “Moskvada aldığım təhsil”. Əyər məndən soruşsalar “həyatında ən böyük itkilər kimlərdir”, valideynlərimdən öncə müəllimlərimi xatırlayardım. Moskva təhsili formalaşmağımda nəhəng rol oynayıb. Amma  mən uşaqlıqdan bu çür formalaşnağa başlamışam. 13-14 yaşımda dostlarımla simfonik  musiqini, orqan konsertlərini dinləməyə gedirdim. Qərb filmlərini izləyib, müzakirələr edirdik. 15 yaşında Tarkovskinin “Güzgü” filminə bir neçə dəfə baxib, saatlarnan ətrafında söhbət edirdik. Onu də deyim ki, indi də bu çür yeniyetmələr var.

- Ən sevdiyiniz film hansıdır?

- Klassik filmlər. Çaplinin, Fellininin, Antonioninin, Kurosavanın filmləri. Bu gün  dünya kinosu bu səviyyədə deyil.

- Bizim niyə dünyaya çıxarılacaq qəhrəmanlarımız yoxdur? Məsələn Uilyam Volos kimi. Bir Koroğlu var, onu da yaxşı çəkə bilməyiblər, üstəlik müasir gənclik Koroğlunu qəhrəmandan çox,  quldur, qaçaq kimi görür, məsxərəyə salanlar belə var.

- Mən sizinlə tam razıyam. Bəzən kinoda öz özümüzü yazıq göstərməyi sevirdik. Cangavərlər kinomuzun nadir sakinlərindəndir.

- Hər zaman yüksək zövq tələbi qoyursunuz. Yüksək zövq sizcə nədir?

- Yüksək bədii zövq millətin inkişafı deməkdir. Bu yaxınlarda Moskvadan bir dostum gəlib. Çox böyük tarixçi – alimdir. Bir restoranda oturduq ki, orada sifarişnən musiqi səsləndirmək olardı. Xahiş elədim, “Bayatı Şiraz” səsləndirdilər. Ofisiant yaxınlaşdı ki, camaat narazılıq edir, musiqini dəyişdiririk. Nə oxutsalar yaxşıdı? Meyxana.”Can, sənə qurban, mən başına fırlanım”. Sözün düzü, bu cür şeylər məni çox əsəbləşdirir. Bu gün bədii zövg problemi, mənim fikrimcə, ən vacib problemlərdən biridir. 

- Bizimkilərdən hansı rejissorun işini bəyənirsiniz?

- Kinomuzda ən çox sevdiyim rejissor Səməd  Mərdanovdur. Cəmi iki film çəkə bildi, İkinci Dünya müharibəsindən əvvəl dünyasını dəyişdi. Mənim fikrimcə, Səməd Mərdanovun çəkdiyi filmlər milli kinomuzun inkişafı üçün çox gözəl bir yol göstərdi, amma heç bir rejissor bu yolla getmədi.   

- Bizdə, Rusiyadan, Türkiyədən, İrandan fərqli olaraq tarixi seriallar heç çəkilmir. Səbəb yalnız maliyyədir?

- Kino tariximizə çox borcludur. Belə bir anlayış var - tarix duyğusu. Bu və ya digər dövrlərdə, illərdə insanlar necə yaşayırdı,  moda necəydi, saç kəsimi, düzülüşü nə formadaydı, davranış neçə idi və s. Ölkənin taleyi ilə birgə yaşayan adam bunu hiss edir, duyur. Biz isə ancaq məişət səviyyəsindəyik, bank krediti, narkomaniya,  zalım qaynana, qəddar qaynata səviyyəsindən o yana keçə bilmirik. Başını qaldıra bilməyən adamlar çəkir serialları. Öz məişət dərdlərini ekrana gətirirlər.

- Ayaz müəllim, bu gün arasında düşmənçilik hökm sürən kino ittifaqlar kinomuz üçün  hansısa iş görür?

- O biri ittifaqla işim olmayıb, ola da bilməz. Şəxsən mənim üçün bu sırf ideoloji məsələdir. Ona uzun illər rəhbərlik edən adam “Qafqaz üçlüyü” kimi düşmənin mövqeyinə işləyən bir filmin ssenarisini yazmaqla, bizə zərbə vurmuşdu. Artıq dünyasını dəyişən adam haqqında danışmaq istəmirəm. 

- Bəlkə, sizin aranızdakı bu ziddiyyət Xalq artisti Rasim Balayevlə media üzərindən “atışmanızla” bağlıdır? Haqqınızda xoş olmayan fikirlər səsləndirmişdi.

- Mən məcburiyyət qarşısında qalıram, bu suala cavab verim.  2013-cü ildə Rasim Balayev qorxudan Kino İttifaqda katiblikdən çıxmışdı. İbrahimbəyov onu xəyanətdə ittiham elədi. Onda mən mətbuatda onu müdafiə elədim, “əl çəkin, ondan” deyə tələb elədim, onun haqqında “milli sərvət, ustad”  kimi  sözlər işlətdim. Açıb baxmaq olar. “Sağ ol” da demədi. Bu yaxınlarda mənim haqqımda dediklərini oxudum, “Yarasa” filminə çəkilməyini həyatının ən böyük səhvi hesab edir. Onu Monqolustandan Kanadaya qədər dünyanın bir çox ölkələrində məhz “Yarasa”ya görə tanıdılar, başqa heç bir filmə görə yox. Xalqın sevimlisi olan adamın bu cür səviyyəsi olmasına təəccüb edirəm.
 
- Hansı artıq dünyasını dəyişən aktyorumuzun  və ya aktrisamızın oyunu sizi  daha çox cəlb edib, onu öz filminizdə mütləq istəyərdiniz? Söhbət bizimkilərdən gedir.

- Mən “Almaz” və “Bir ailə” filmlərində o vaxtlar gənc olan Hökümə Qurbanovanı görüb, təəccübləndim. Onda daxili şərqsayağı qadın cazibə qüvvəsi, mən deyərdim yüksək mənada erotik cazibəsi və zəngin daxili məzmun var idi. Mənə elə gəlir ki, o zamanından qabaq doğuldu. Mən onu məmnuniyyətlə öz filmlərimə çəkmək istərdim. Onu filmlərimin baş qadın qəhrəmanı kimi görürəm. Kişilərdən heç kimin adı indi ağlıma gəlmir. 

- Məsələn, Rafael Dadaşovun gəncliyi. Kifayət qədər xarizmatik biri idi.

- Mən bu və ya digər aktyorları müzakirə etmək istəməzdim. Dedim axı, kişilərdən heç kimin adı indi ağlıma gəlmir. 

- Bir dəfə demişdiniz ki, müxtəlif festivallar bizim filmlərimizdə qadın azadlığnı, eynicinslilər arasında məhəbbət mövzusunu görmək istəyirlər. Niyə?

- Bu suala mən belə cavab verərdim. Bu çox mühüm bir fikirdir. Festival tamaşaçısı istəyir ki, Azərbaycan kimi ölkələrdən olan filmlərində göstərilən həyat həmin bu tamaşaçının bu ölkə haqqında təsəvvürlərinə uyğun olsun. Və bəzi qüvvələr dünyada bizim kimi kinematoqrafiyaları festivallarda dəstəməklə istədiyi kimi formalaşdırmağa çalışır. Məsələn, Qələbəyə qədər bizdən belə filmlər istəyirdilər ki, onlarda xalqımız üçün insan həyatının Qarabağdan daha üstün və giymətli olduğu göstərilsin. Yaxud, Azərbaycanda qadın guya azad olmamağı... Bu çox ciddi məsələdir. Vətənimizi ibtidai ,vəhşixana kimi göstərmək çəhdi bu gün yaranmayıb. Bu çoxdanki tendensiyadır. Və mən həmişə çalışacam onunla mübarizə aparım.  

- Bu qədər milli kino deyirsiniz, tənqid edirsiniz, bəs bir rejissor olaraq özünüz nə eləmisiniz? 

- “Torpaq” adlı tam metrajlı, sənədli film çəkmişəm. Bu filmə böyük əhəmiyyət verirəm. Uğurlu və uğursuz filmlər çəkmişəm, bu filmi uğurlarım arasında görürəm. Mənə elə gəlir ki, bu Azərbaycan kinosu üçün yenilikdir. Dünya ədəbiyyatında unudulmuş  tarixi salnamə janrı var, mən bu janra müraciət eləmişəm.  Azərbaycan kinosuna bu növü gətirdim, bu film tarixi salnamədir, nə bədii, nə sənədli, nə də televiziya  filmidir. Tədqiqatlar apardım, bir çox mütəxəssislərə müraciət etdim. Filmin əsas mövzusu 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan qovulmasıdır. Bu filmi qələbəmizdən əvvəl çəkmişəm. Zamanı qabaqlamışam. İndi bu mövzu  günümüzün ən aktual mövzusuna çevrilib. Film sentyabrda tamaşaçılara təqdim olunacaq.

# 6093
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar