Azərbaycanda quraqlıq riski var?  - Kənd təsərrüfatının taleyi
18 mart 2026 20:15 (UTC +04:00)

Azərbaycanda quraqlıq riski var? - Kənd təsərrüfatının taleyi

0

Müasir dünyada müharibələr təkcə siyasi və humanitar fəsadlarla məhdudlaşmır, onların ətraf mühitə təsiri də getdikcə daha aydın görünür. Regionda baş verən hərbi qarşıdurmaların yaratdığı ekoloji risklər, eyni zamanda iqlim dəyişiklikləri və su ehtiyatları ilə bağlı narahatlıqlar cəmiyyət üçün ciddi suallar doğurur.

Bəs görəsən, regionda baş verən müxtəlif proseslərdən sonra ekologiya üçün narahat olmağa əsas varmı? Azərbaycanda hansı ekoloji problemlər var? Onların həll yolu nədir?

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ətraf mühitin pozulması ilə bağlı bir sıra problemlər var:

“Ağır texnikanın hərəkəti, manevrləri torpağın münbit qatının məhv edir. Amma atılan raketlər, partlayan bombalar da əkinə yararlı torpağın zədələnməsinə səbəb olur. Partlayan raketlər, qırıcıların atdığı mərmilər ətraf mühitə ciddi ziyan vurur, ekologiyanı korlayır. Ağır bombardmanlar nəticəsində təkcə insanın qurduğu, tikdiyi şəhərlər, qəsəbələr, binalar dağılmır ki, təbiət də məhv olur. Ekosistemi sıradan çıxır, partlayıcıların tərkibində olan kimyəvi maddələr təbiətə yayılır, flora və fauna məhv olur. Heyvanların populyasiyası prosesi pozulur, onların yaşayış mühiti dağılır. Xəbərlərdən də məlumdur ki, ABŞ və İsrail İranın neft infrastrukturunu hədəfə alıb. İranın neft anbarları, neftayırma müəssisələri məhv edilir. Əslində bu, hərbi cinayətdir. Çünki təkcə ölkənin hərbi arsenalı sıradan çıxarılmır, neft ehtiyatları yox edilir. Bu isə ətraf mühitin çirklənməsi, ekosistemin məhvi hesabına həyata keçirilir. Neft məhsulları axan torpaq sahələri, su hövzələri ciddi, uzun və qalıcı çirklənməyə məruz qalır. Müharibədə meydana gələn partlayışlar və yanğınlarda atmosferə zərərli qazlar buraxılır. Bu da bir ölkənin problemi ola bilməz. Regionda yerləşən bütün ölkələrin ekosistemi təhlükə altına düşür. Bombardman və partlayışlar zamanı havaya külli miqdarda kükürd qazları, azot oksidləri, ağır metallar buraxılır. Nəticədə havanın keyfiyyətini kəskin şəkildə aşağı düşür. Bu isə insan səhhətində ciddi risklər yaradır. Hava çirkliliyinə məruz qalan insanlarda tənəffüs yolları və dəri xəstəlikləri yayılır.

Müharibə zonasından çirkli hava küləklər vasitəsilə ölkəmizə və digər sərhəd ölkələrinə daxil ola bilir.

Yaxın Şərqdə davam edən müharibə regional miqyasda iqlim balansına mənfi təsir göstərir. Region əhalisinin sağlamlığına təhlükə yaradan su mənbələrinin çirklənməsidir. Qaynar döyüşlərin getdiyi bölgələrdən axan zərərli maddələr transərhəd çaylarına qarışa bilər.

Hazırda davam edən müharibə biomüxtəlifliyə ciddi təsir edir, nadir növlərin məhvinə səbəb olur.

Müharibələr təkcə qaçqın axını, evsizlik, işsizlik yaratmır. Savaşların ən qorxulu tərəfi atmosferdə karbon emissiyasının artmasıdır. Bu da qlobal iqlim dəyişikliyinin təsirlərini artırır, ekoloji fəlakətin miqyasını genişləndirir.

Azərbaycanda ətraf mühitin pozulması ilə bağlı bir sıra problemlər var. Biz dayanıqlı inkişafdan danışırıqsa, əgər gələcək nəsillərə ekoloji sağlam bir mühit miras qoymaq istəyiriksə, bu problemlər aradan qaldırılmalıdır. Yaxın Şərqdə davam edən və ekoloji fəlakəti dərinləşdirən qanlı müharibəni dayandırmaq bizim ixtiyarımızda deyil. Lakin öz ölkəmizin ekoloji problemlərini həll edə bilərik. Ölkəmizdə ətraf mühitlə bağlı əsas problem işğaldan azad olunmuş bölgələrdə torpaqların mina və partlamamış hərbi sursatlardan təmizlənməsi, 30 ildə məhv edilmiş meşə fondunun bərpası, çirkab sularının çaylara axıdılmasının qarşısının alınmasıdır. Bakı və digər iri şəhərlərdə əsas problem avtomobil sıxlığı, ağır sənaye tullantılarıdır. Xəzərin, iri çayların və digər su hövzələrinin məişət tullantıları ilə çirkləndirilməsi dayandırılmalı, ağaclıqların tikinti işbazları və mebel istehsalçıları tərəfindən məhvinin qarşısı alınmalıdır. Bakı beton şəhərdən ekoloji təmiz şəhərə çevrilməlidir. Ənənəvi yanacaqla işləyən ili köhnə avtomobillərin istifadəsi qəti qadağan olunmalıdır. Bakının yükü azaldılmalı, yaşıl nəqliyyata keçid sürətləndirilməlidir. Şəhərdə məişət tullantıları ilə bağlı problem  həll edilməyib. Yaxşı olar ki, Qərb bölgəsində də məişət tullantılarının qəbulu məntəqəsi və təkrar istehsalı müəssisəsi yaradılsın”.

Bəs görəsən, bu qış Azərbaycanda yağıntılar kifayət qədər olubmu? Yayda su qıtlığı ilə üzləşə bilərik?

Ekoloq Qorxmaz İbrahimli Lent.az-a açıqlamasında bildirib ki, su qıtlığı gözlənilmir:

Qorxmaz İbrahimli: “Suyun vətəndaşa maya dəyərindən aşağı satılması doğru  deyil” | Hokm.Az

“2026-cı ilin qış fəsli ötən ilə nisbətən daha yağıntılı keçdi. Xüsusən yağan qarların Böyük və Kiçik Qafqaz dağlarında qalması su ehtiyatının yaranması üçün birinci səbəb oldu. Hal-hazırda da ölkə ərazisində sıx-sıx yağıntıların olması da müsbət haldır. Nəzərə alsaq ki, bir neçə gündən sonra yaz fəsli gəlir. Bahar aylarında da arabir yağıntıların olması gözləniləndir.

Yayın isti keçib-keçməməsi su ehtiyatına təsir edir, amma ümumilikdə götürsək, Azərbaycanda su qıtlığı gözlənilmir. Suya milli sərvət kimi yanaşıb, qənaətlə yanaşsaq, ömür boyu qıtlıq yaşamarıq”.

Hələ ki, su qıtlığı yoxdur, bəs görəsən, belə bir halla qarşılaşsaq, kənd təsərrüfatını necə xilas edə bilərik?

Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev Lent.az-a açıqlamasında bildirib ki, səth sularını yığan anbar tikilməlidir:

Ekoloqdan GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Xəzər dənizi gizli borularla  çirkləndirilir" - Oxu.az

“Qlobal istiləşmədən, iqlim dəyişiklərindən hər kəs danışır. Əhalinin artımını çıxmaq şərtilə buna kənar heç bir qüvvə təsir edə bilmir. Planetə düşən yağıntı ilə buraxlanma eynidir, eləcə də Yer kürəsinin ümumi temperaturu 14,5 dərəcədə qalmaqdadır. Yəni bu baxımdan problem yoxdur.

Ümumiyyətlə, dövrlük qanununa görə 30-40 ili yağıntılı, bir o qədəri də quraqlıq keçir. Bir vaxtlar, hətta insanlar filankəs neçənci ildə anadan olub, demirdilər. “Qalın qar yağan il”, “quraqlıq ili”, “güclü istilərin keçdiyi il”, kimi adlandırıb, yadda saxlayırdılar.

Coğrafiya İnstitutu Azərbaycan ərazisində 44 su anbarı tikilib, səth sularını yığmaqla bağlı layihə vermişdi. Zamanında bu layihəni reallaşdırsaydıq, indi çətinlik çəkməzdik. Əhalinin sayı artdıqca, otlaqların da, əkin sahələrinin də həcmi artmalıdır.

Bu cür anbarlar olsa, Azərbaycana düşən yağıntını, səth sularını anbarlarda saxlayıb, həm suvarma, həm içməli su, həm də şirin su kimi istifadə edə bilərik. Bəzən fəsillər arasında dəyişmə olanda həddindən çox yağıntı düşür. Hətta elə olur ki, 1 illik yağıntı bir gündə düşür, yeri-göyü yuyub, aparır. Nəzərdə tutulan planların icrası keçirilmədiyi müddətdə kənd təsərrüfatında, suvarmada problemlər qalacaq”.

Ənvər Əliyev qeyd edib ki, Ağsuçay üstündə su anbarının tikintisinin layihələşdirilməsi ilə bağlı rəy yazılıb:

“Mənə elə gəlir ki, bu ənənə davam eləsə, su anbarlarına 1 ayda yağan güclü yağış suları yığılsa, həm əkinçiliyə, həm balıqçılığa, ümumilikdə kənd təsərrüfatına böyük faydası dəyəcək. Problemin əsası da, həlli də səth sularının anbarlarda saxlanılması ilə bağlıdır. Biz sudan su kimi istifadə etmirik, qənaəti bacarmırıq. Suvarma sistemlərimizin böyük əksəriyyəti 500-1000 il əvvəlki sistemlər kimidir. Hər bir ağaca damcı suyu verilməsə, onun dəqiq rütubət əmsalı müəyyənləşməsə problemlər olacaq. Bundan başqa kanalların hər biri betonlaşmalıdır”.

Yazı Medianın İnkişaf Agentliyinin ekologiya və ətraf mühitin mühafizəsi mövzusunda dərc edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar