İsti vanna təkcə rahatlama vasitəsi deyil, həm də hipertoniyanın müalicəsində perspektivli üsul hesab olunur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, adi isti vanna gələcəkdə tamhüquqlu tibbi prosedur kimi tətbiq oluna bilər. Bununla belə, onun sağlamlaşdırıcı təsiri hər kəsdə eyni dərəcədə hiss olunmaya bilər.
Alimlərin fikrincə, isti suya dalmaq passiv istilik terapiyasının effektiv formasıdır. Tədqiqatçılar suya dalmanı passiv istilik terapiyası kimi qiymətləndirirlər. Bu praktika əsrlər boyu Roma termalarında, Yapon onsenlərində və Türk hamamlarında istifadə olunub. Metodun əsas mahiyyəti 39-40°C temperaturda olan suda müəyyən müddət qalmaqdan ibarətdir.
Araşdırmalar göstərir ki, məhz bu temperatur aralığı arterial təzyiqin əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər.
Adətən ev şəraitində vannadakı suyun temperaturu 33-37°C arasında olur. Lakin 40°C-dən yuxarı temperatur təhlükəli ola bilər və orqanizmin həddindən artıq qızmasına səbəb ola bilər.
İsti suya təhlükəsiz şəkildə girmək üçün mütəxəssislər bir neçə qaydaya əməl etməyi tövsiyə edirlər:
vannadan tədricən çıxmaq;
sudan çıxdıqdan sonra dərhal ayağa qalxmamaq, əvvəlcə bir müddət oturaraq bərpa olunmaq;
əlləri və ayaqları suyun xaricində saxlamaq;
vannaya girməzdən əvvəl kifayət qədər maye qəbul etmək.
Gündəlik həyatda bu üsuldan istifadə etmək istəyənlər üçün tövsiyə olunan temperatur 39-40°C, suda qalma müddəti isə təxminən 30 dəqiqədir.
Prosedurdan sonra isə yuxarıda sadalanan təhlükəsizlik qaydalarına riayət etmək vacibdir.