Yaşar Əliyev
03 mart 2022 12:45 (UTC +04:00)

Yaşar Əliyev

"Azərbaycan Rusiya-Ukrayna gərginliyinin diplomatik həllinə tərəfdardır" - Yaşar Əliyev

0

Azərbaycan Rusiya və Ukrayna arasında müharibə ətrafında yaranmış vəziyyətin beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən suverenliyə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə, tam uyğun, sülh yolu ilə diplomatik vasitələrlə həllinin tərəfdarıdır.

Bu Azərbaycanın BMT-dəki nümayəndəsi Yaşar Əliyev təşkilatın Baş Assambleyasının 11-ci fövqəladə xüsusi sessiyasında çıxışı zamanı deyib.

“Ukrayna və onun ətrafında vəziyyət həddindən artıq narahatlıq doğurur və bu, gərginliyin azaldılması, beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinin tapılması üçün təcili tədbirlərin görülməsini tələb edir. Azərbaycan mövcud böhranın xüsusilə mülki əhali arasında əhəmiyyətli itkilərə səbəb olmaqda davam etməsindən dərin təəssüf hissi keçirir. Ölən və yaralananların ailələrinə başsağlığı veririk.

Biz beynəlxalq humanitar hüquqa ciddi riayət etməyə çağırırıq. Vətəndaşların həyatı və mülki infrastruktur hər zaman qorunmalı və təmin olunmalıdır. İnkişaf edən humanitar böhran mövcud vəziyyətin mülki əhaliyə təsirini yumşaltmaq üçün sürətli tədbirlər görməyi tələb edir. Bu anlaşmaya əsaslanaraq, Azərbaycan artıq Ukrayna xalqına dərman, tibbi avadanlıq və digər zəruri əşyalarla ikitərəfli əsasda humanitar yardım göstərib”, - bəyanatda deyilir.

Yaşar Əliyev qeyd edib ki, dövlətlər arasında dostluq və əməkdaşlığa aid beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunması, dövlətlərin üzərinə götürdüyü öhdəliklərin vicdanla yerinə yetirilməsi beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir. 

“Ona görə də Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün bir daha təcili dialoqa çağırır və tərəflər arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayır”, - bəyanatda vurğulanır.

Mediada yayılan məlumata görə, Baş Assambleyanın “Ukraynaya qarşı təcavüz” qətnaməsinin səsverməsində Azərbaycanın mövqeyi birbaşa Azərbaycanın Qoşulmama Hərəkatının sədri olması və üzvlərinin bu cür problemlərə və münaqişələrə ilk növbədə qərəzsiz münasibət bəsləməsi ilə birbaşa bağlıdır.

Eyni zamanda, Azərbaycan birmənalı olaraq Ukraynadakı münaqişənin beynəlxalq hüququn prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılması prinsipləri əsasında həllinin lehinə çıxış edib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Rusiya Federasiyasını Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmağa və bütün Rusiya qoşunlarını Ukrayna ərazilərindən, o cümlədən Krım və Donbasdan çıxarmağa çağıran “Ukraynaya qarşı təcavüz” adlı qətnaməni dəstəkləyib.

O cümlədən, BMT-yə üzv olan 141 ölkə qətnamənin lehinə, 5-i əleyhinə, 35-i isə bitərəf qalıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2244

Oxşar yazılar