Almaniya, Hollandiya və bəzi digər ölkələr Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinə baxılmasına qarşı çıxıblar.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə “Blooberg” məlumat yayıb.
Agentliyin jurnalistləri diplomatların mesajlarına istinad edirlər. Mənbələrin bildirdiyinə görə, bir sıra ölkələrin - məsələn, Almaniya və Hollandiyanın nümayəndələri hesab edirlər ki, ilk növbədə Aİ-nin icra orqanları Ukraynanın bu statusu almağa hazır olması barədə fikirlərini bildirməlidir.
Həmsöhbətlər qeyd ediblər ki, ilk növbədə, Ukraynaya əməli yardım göstərmək vacibdir, “ən azı on il çəkə biləcək prosesə başlamamaq” lazımdır.
Əksinə, Ukraynanın Aİ-yə namizəd statusunu dəstəkləyən dövlətlərin nümayəndələri hesab edirlər ki, üzvlük prosesinin başlanması simvolik dəstək jesti olacaq.
Bundan əvvəl Almaniya kansleri Olaf Şoltz bildirib ki, hazırda Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqına daxil olması məsələsi gündəmə gəlməməlidir. Şoltzun fikrincə, indi Avropada eskalasiyanın qarşısını almaq üçün tədbirlər haqqında düşünmək lazımdır.