Lent.az-ın verdiyi məlumata görə, Nazirlər Kabineti 2 oktyabr tarixli qərarı ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”-ni təsdiq edib.
Nümunəvi Nizamnamə tabeliyindən, təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətini tənzimləyir. Məktəbəqədər təhsil müəssisəsi fasiləsiz milli təhsilin həyata keçirilməsində ilkin pillə olmaqla, cinsindən, irqindən, dilindən, dinindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan məktəbəqədər yaşlı uşaqların tərbiyəsi və təhsilə hazırlanması ilə məşğul olur. Məktəbəqədər təhsil sahəsində vahid dövlət siyasətini, məktəbəqədər təhsil müəssisələrinə elmi-metodiki rəhbərliyi, məktəbəqədər təhsilin keyfiyyətinə dövlət nəzarətini tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Təhsil Nazirliyi həyata keçirir. Məktəbəqədər təhsil müəssisəsi dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu əldə edir. Məktəbəqədər təhsil müəssisəsi müstəqil balansa, üzərində adı yazılmış möhürə, ştampa, blanka malikdir. Bu müəssisələrin banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Məktəbəqədər təhsil müəssisəsinin hüquqi ünvanı onun öz nizamnaməsində göstərilir. Məktəbəqədər təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, məktəbəqədər təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai təşkilatlarla təhsil birlikləri, assosiasiyaları və ittifaqları yaratmaq, eləcə də belə təşkilatlara üzv olmaq hüququna malikdir.
Məktəbəqədər təhsil müəssisəsi mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinə bölünür. Məktəbəqədər təhsil müəssisəsinin körpələr evi, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları kimi növləri var. Məktəbəqədər təhsil müəssisəsində aşağıdakı qruplar təşkil olunur:
- körpələr qrupu (1-2 yaşlı uşaqlar üçün);
- körpələr qrupu (2-3 yaşlı uşaqlar üçün);
- orta qrup (3-4 yaşlı uşaqlar üçün);
- böyük qrup (4-5 yaşlı uşaqlar üçün);
- məktəbə hazırlıq qrupu (5-6 yaşlı uşaqlar üçün).
- Xüsusi uşaq bağçaları aşağıda göstərilən sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılır:
- nitq pozulmaları (ağır nitq qüsurları, nitqin fonetik-fonematik ləngliyi, kəkələmə və ayrı-ayrı səslərin tələffüz pozulmaları) olanlar üçün;
- eşitmə pozulmaları (karlar, zəifeşidənlər və sonradan karlaşanlar) olanlar üçün;
- görmə pozulmaları (korlar, zəifgörənlər, çəpgözlər və s.) olanlar üçün;
- əqli (psixi) pozuntuları (əqli cəhətdən gerilik, psixi inkişaf ləngliyi, ağır əqli gerilik) olanlar üçün;
- dayaq-hərəkət aparatının funksiyalarının pozuntuları və skolioz xəstəliyi olanlar üçün;
- ağır çatışmazlığı olanlar, o cümlədən kar-korlar üçün;
- emosional-iradi sahədə və davranışında çatışmazlıq olanlar üçün;
- vərəm intoksikasiyası olanlar üçün;
- bütün birləşmiş ağır anomaliyaları olanlar üçün;
- xroniki somatik xəstəlikləri olanlar üçün.
Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır. Məktəbəqədər təhsil müəssisəsində qrupların sayı tədris prosesinin şəraitindən və sanitar normalardan asılı olaraq müəyyənləşdirilir. Məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir:
Yaş qrupu | Uşaqların sayı |
1 yaşdan 2 yaşadək | 15 |
2 yaşdan 3 yaşadək | 15 |
3 yaşdan 4 yaşadək | 20 |
4 yaşdan 5 yaşadək | 20 |
5 yaşdan 6 yaşadək | 20 |
Müxtəlifyaşlı uşaqlar üçün qruplarda | |
1-3 yaşlı | 10 |
3-6 yaşlı | 15 |
Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək həyata keçirilir, boş yerlərə isə uşaqların qəbulu il ərzində aparılır. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün müəssisənin müdirinin adına ərizə, valideynin (qanuni nümayəndənin) şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların mübadilə vərəqəsi, uşağın doğum haqqında şəhadətnaməsinin surəti, uşağın 3x4 ölçüdə 2 ədəd fotoşəkli, sağlamlığının vəziyyəti barədə arayış tələb olunur. Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir. Dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisəsinə qəbul zamanı uşaqların valideynləri (qanuni nümayəndələri) ilə müəssisə arasında müqavilə bağlanılır.
Uşaq aşağıdakı hallarda məktəbəqədər təhsil müəssisəsindən xaric edilir:
- valideynin (qanuni nümayəndənin) ərizəsinə əsasən;
- tibbi göstərişlərə əsasən;
- müqavilənin şərtləri yerinə yetirilmədikdə (özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisələrində).
Məktəbəqədər təhsil müəssisəsinin iş rejimi ailələrin tələbatına əsasən pedaqoji şura tərəfindən müəyyənləşdirilir. Məktəbəqədər təhsil müəssisəsi 5, 6, 7 günlük və ya gecə-gündüz, 1 və ya 2 istirahət günü ilə, eləcə də dəyişkən qrafiklə işçilərə istirahət günü verilməklə işləyir. Məktəbəqədər təhsil müəssisələrinin iş rejimi 9, 10, 10,5, 12 və 24 iş saatlıq müəyyənləşdirilir. Valideynlərlə məktəbəqədər təhsil müəssisələri arasında razılaşma əsasında məktəbəqədər təhsil müəssisələrində səhər, axşam, günüuzadılmış rejimlə, eləcə də şənbə, istirahət və bayram günləri işləyən növbətçi qruplar təşkil edilir. Valideynlərin arzusuna əsasən qısamüddətli (1-3 saat), uşaqları məktəbə hazırlayan, intellektual-inkişafetdirici, bədii-estetik, kommunikativ-nitqi, ekoloji, fiziki-sağlamlaşdırıcı və digər qruplar təşkil edilir. Məktəbəqədər təhsil müəssisəsində tibbi xidmət yerli səhiyyə müəssisəsi tərəfindən həyata keçirilir. Məktəbəqədər təhsil müəssisəsinin işçiləri ən azı ildə 2 dəfə tibbi müayinədən keçirlər. Tibbi müayinə təsisçinin hesabına həyata keçirilir. Uşaqların qidalanmasının təşkilinə nəzarət məktəbəqədər təhsil müəssisəsinin müdiri tərəfindən həyata keçirilir. Məktəbəqədər təhsil müəssisəsinin növündən, iş rejimindən və digər xüsusiyyətlərindən asılı olaraq, uşaqların gün ərzində qidalanması 3, 4 dəfə və daha çox ola bilər.
Qidalanmanın keyfiyyətinə (müxtəlifliyinə), yeməklərin vitaminləşdirilməsinə, qida blokunun sanitar vəziyyətinə, ərzaqların düzgün saxlanılmasına və istifadə müddətinə riayət olunmasına nəzarət Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"nə uyğun olaraq həyata keçirilir. Məktəbəqədər təhsil müəssisəsində tədris dili dövlət dili - Azərbaycan dilidir. Valideynlərin istəyi ilə tədris məktəbəqədər təhsilin dövlət standartları əsasında digər dillərdə də aparılır. Məktəbəqədər təhsilin məzmunu dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış proqram (kurikulum) əsasında müəyyənləşdirilir. Tədris proqramı (kurikulum) uşaqların yaşı və fərdi xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Məktəbəqədər təhsil müəssisəsi öz fəaliyyətini uşaqların inkişafının dövlət təhsil standartı ilə müəyyən edilmiş prioritet istiqamətləri əsasında aparır. Məktəbəqədər təhsil müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrə və ailənin tələbatına uyğun olaraq məktəbəqədər təhsilin dövlət standartına əsasən əlavə təhsil xidmətləri (pullu, pulsuz) həyata keçirir. Məktəbəqədər təhsil müəssisəsi dövlət məktəbəqədər təhsil standartının tələblərinə uyğun olaraq məşğələnin növü, həftə ərzində sayı, müddəti nəzərə alınmaqla, uşaqların məşğələ vaxtı yükləndirilməsinin həcmini müəyyən edir.
Məktəbəqədər təhsil müəssisəsində təhsil prosesi təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulur və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verilmir. Məktəbəqədər təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında, “Təhsil haqqında” qanununun, digər normativ hüquqi aktların və öz nizamnaməsinin tələblərinə uyğun idarə edilir. Məktəbəqədər təhsil müəssisəsinin idarə edilməsinin demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə müəssisədə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, pedaqoji, valideynlər və qəyyumlar şuraları) yaradılır. Məktəbəqədər təhsil müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxiləsinə yol verilmir. Məktəbəqədər təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Məktəbəqədər təhsil müəssisəsinin idarə olunması və ona rəhbərlik həmin müəssisənin mülkiyyət növünə uyğun olaraq, təsisçinin təyin etdiyi müdir tərəfindən bu Nümunəvi Nizamnaməyə əsasən həyata keçirilir.
Dövlət məktəbəqədər təhsil müəssisəsinin ali idarəetmə orqanı pedaqoji şuradır. Dövlət məktəbəqədər təhsil müəssisələrinin pedaqoji şuralarının əsasnamələri Nazirlər Kabinetinin 2012-ci il 9 avqust tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin pedaqoji şuraları haqqında Nümunəvi Əsasnamə” nəzərə alınmaqla təsisçi tərəfindən təsdiq edilir. Məktəbəqədər təhsil müəssisəsinin pedaqoji şurası işini özünün təsdiq etdiyi illik fəaliyyət planı üzrə qurur. Pedaqoji şuranın iclasları 1-2 qrupu olan məktəbəqədər təhsil müəssisəsində il ərzində 2 dəfə, 3-5 qrupu olan məktəbəqədər təhsil müəssisəsində rübdə 1 dəfə, 6-12 qrupu olan məktəbəqədər təhsil müəssisəsində isə 2 ayda 1 dəfə keçirilir. Növbədənkənar iclaslar pedaqoji şura sədrinin qərarına və ya pedaqoji şura üzvlərinin təşəbbüslərinə əsasən keçirilir. Dövlət məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçi tərəfindən təsdiq edilir. Bələdiyyə və özəl məktəbəqədər təhsil müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən hazırlanaraq Təhsil Nazirliyinin rəyi əsasında təsdiq edilir. Pedaqoji şuranın iclasları şura üzvlərinin yarıdan çoxu iştirak etdiyi halda səlahiyyətlidir. Pedaqoji şuranın qərarının icrası məcburidir. Pedaqoji şuranın iclasları barədə məktəbəqədər təhsil müəssisəsinin protokol kitabında qeydiyyat aparılır.
Qəyyumlar - fiziki və ya hüquqi şəxs olmaqla, məktəbəqədər təhsil müəssisəsinin inkişafına yardım edənlərdir. Qəyyumlar şurası məktəbəqədər təhsil müəssisəsinin özünüidarə orqanıdır. Qəyyumlar şurasının tərkibinə valideynlər (qanuni nümayəndələr), maliyyə və digər yardımlar göstərən hüquqi şəxslərin nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri, ictimai təşkilatların (birliklərin) nümayəndələri və digər fiziki şəxslər daxil ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinin qəyyumlar şurası məktəbəqədər təhsilin inkişafını təmin etmək üçün əlavə maliyyə, maddi və digər resursların cəlb edilməsi, müəssisənin fəaliyyətinə və inkişafına yardım edilməsi məqsədi ilə yaradılır.
Qəyyumlar şurasının vəzifələri aşağıdakılardır:
- məktəbəqədər təhsil müəssisəsinin inkişaf strategiyasını formalaşdırmaq;
- tədris proqramının məzmununun və tədris prosesinin təkmilləşdirilməsində iştirak etmək;
- məktəbəqədər təhsil müəssisəsinin maddi-texniki bazasının (binanın inşası və təmiri, avadanlıq və inventarların, təlimdə texniki vasitələrin alınması) möhkəmləndirilməsinə yardım etmək;
- məktəbəqədər təhsil müəssisəsində uşaqların və işçilərin sosial müdafiəsinə yardım etmək;
- məktəbəqədər təhsil müəssisəsində uşaqların, o cümlədən aztəminatlı ailələrdən olan uşaqların, sağlamlıq imkanları məhdud olan uşaqların təlim-tərbiyə olunması üçün optimal şərait yaradılmasına yardım etmək;
- məktəbəqədər təhsil müəssisəsində uşaqların sağlamlığının qorunmasında və digər tədbirlərin keçirilməsində iştirak etmək.
Qəyyumlar şurası ictimai əsaslarla fəaliyyət göstərir. Qəyyumlar Şurasının məktəbəqədər təhsil müəssisəsində tədris proqramının həyata keçirilməsi, maliyyə və maddi vəsaitlərin daxil olması, xərclənməsi barədə müəssisənin rəhbərinin məlumatını dinləmək, məktəbəqədər təhsil müəssisəsinin iş planına dair təkliflər irəli sürmək, məktəbəqədər təhsilin inkişaf fondunu təsis etmək, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti barədə ümumi informasiya almaq hüquqları var.
Valideyn şurası isə özünüidarə orqanı kimi müəssisənin idarə olunmasında iştirak etmək hüququna malikdir, məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində müəssisə ilə birlikdə fəaliyyət göstərməlidir. Valideyn şurasının tərkibinə hər qrupdan valideynlərin öz aralarından seçdikləri 1-2 nəfər valideyn daxil olur. Valideyn şurasının iclasına müəssisənin müdiri, pedaqoji, tibbi və digər işçiləri, valideynlər, ictimai təşkilatların nümayəndələri dəvət olunurlar. İclasa dəvət olunanlar məşvərətçi səs hüququna malikdirlər. Valideyn şurası öz tərkibindən 1 il müddətinə sədr və katib seçir. Valideyn şurasının iclasları rübdə 1 dəfədən az olmayaraq keçirilir. Valideyn şurasının iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Valideyn şurasının qərarı açıq səsvermə yolu ilə qəbul edilir. İclasda iştirak edənlərin 2/3 hissəsindən çoxu lehinə səs verdikdə, valideyn şurasının qərarı qəbul edilmiş hesab edilir. Valideyn şurasının iclasları protokollaşdırılır, sədr və katib tərəfindən imzalanır.
Özəl məktəbəqədər təhsil müəssisəsinin idarəetmə orqanlarının səlahiyyətləri bu Nizamnamənin tələbləri nəzərə alınmaqla hazırlanmış hər təhsil müəssisəsinin öz nizamnaməsi ilə tənzimlənir. Təsisçinin (təsisçilərin) məsuliyyəti, səlahiyyət dairəsi, məktəbəqədər təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və məktəbəqədər təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) fiziki şəxs olduqda - onun (onların) soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi (dövlət və bələdiyyə məktəbəqədər təhsil müəssisələri istisna olmaqla) təhsil müəssisəsinin nizamnaməsində qeyd olunur.
Məktəbəqədər təhsil müəssisələrinin maliyyə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır. Məktəbəqədər təhsil müəssisəsi göstərdiyi əlavə ödənişli xidmətlərdən əldə etdiyi gəlirləri yalnız təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldir. Dövlət məktəbəqədər təhsil müəssisəsinin yaradılması, genişləndirilməsi və yenidən təşkili məsələlərinə müvafiq ərazidə məktəbəqədər təhsilin yaş həddində olan uşaqların sayı nəzərə alınmaqla zəruri kadr potensialı, maddi-texniki, tədris-metodiki bazaları olduqda baxılır. Dövlət məktəbəqədər təhsil müəssisəsinin yaradılması, genişləndirilməsi və yenidən təşkili zərurəti yarandıqda, yerli icra hakimiyyəti orqanları real vəziyyəti öyrənir, məsələnin “Təhsil haqqında”qanuna, Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarına, respublikanın iqtisadi və sosial inkişafının əsas istiqamətlərinə uyğunluğunu, eləcə də maliyyə imkanlarını nəzərə almaqla vəsatət qaldırır. Müəssisədə uşaqların sayı normadan az olduqda dövlət məktəbəqədər təhsil müəssisəsi ləğv edilir. Dövlət məktəbəqədər təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması və ləğv edilməsi yerli icra hakimiyyəti orqanlarının (şəhər rayonu icra hakimiyyəti istisna olmaqla) qərarına əsasən həyata keçirilir. Özəl və bələdiyyə məktəbəqədər təhsil müəssisəsinin yaradılması, genişləndirilməsi, yenidən təşkili, fəaliyyətinin dayandırılması və ləğv edilməsi Mülki Məcəlləyə əsasən həyata keçirilir.