Sabah IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək
15 iyul 2011 11:29 (UTC +04:00)

Sabah IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin gün eyni zamanda hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin orta hərbi tibb məktəbinə qəbul imtahanı keçiriləcək.


İmtahanlar respublikanın 4 şəhərində - Bakıda, Lənkəranda, Gəncədə və Naxçıvanda keçiriləcək.

IV qrup üzrə 14619 abituriyent ərizə təqdim edib. Onlardan 13525 nəfəri Azərbaycan bölməsinin, 1094 nəfəri isə rus bölməsinin məzunlarıdır. Abituriyentlərin 7300 nəfəri oğlanlar, 7312 nəfərini isə qızlar təşkil edir.


Abituriyentlərin 8281 nəfər orta məktəbləri bu il, 5882 nəfər isə orta məktəbləri əvvəlki illərdə bitirənlərdir. Bu ixtisas üzrə təhsil almaq istəyən 70 nəfər isə xarici ölkə vətəndaşıdır. 51 abituriyent ikinci ali təhsil almaq üçün IV ixtisas qrupuna müraciət edib. 450 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənci isə 1996-cı ildəndir.

Bu ixtisas qrupuna tibb, kimya, biologiya, aqrar və idman ixtisasları daxildir. Abituriyentlər ana dili, riyaziyyat, kimya və biologiya fənlərindən imtahan verəcəklər.

Ramiz MİKAYILOĞLU
# 424

Oxşar yazılar