Bakıda kondisionerə görə  artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU
26 sentyabr 2026 19:15 (UTC +04:00)

Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU

0

Bakıda əcnəbi müştərilərlə kobud danışan taksi sürücüsü həbs olunub.

Lent.az-ın əldə etdiyi xəbərə görə, taksi sürücüsü işləyən 62 yaşlı Elşən Bağırov (şərti adla) müştərisi olan əcnəbi ər-arvada qeyri-etik davranış göstərib.

Zərərçəkənlərin şikayəti əsasında Elşən Bağırov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.

Məlumata görə, Bakıya turist kimi gələn Asad Arif taksi sürücüsü tərəfindən qarşılaşdığı kobudluqla bağlı DİN, Turizm Agentliyi, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət edib. O, şikayətində bildirib ki, başlanğıcda sürücü onlara həddindən artıq yüksək hesab etdikləri bir qiymət “oxu”yub, buna baxmayaraq, onlar yenə də yola davam ediblər. Maşına mindikdən sonra sürücüdən kondisioneri yandırmağı istəsələr də, sürücü onlardan əlavə pul almayana qədər kondisioneri yandırmayacağını deyib. Onlar razılaşmayanda isə yola kondisionersiz davam etməyə məcbur olublar. Şikayətçinin sözlərinə görə, bu, onların səfərini xüsusilə narahat edib, çünki “Mercedes Viano” modelində sərnişinlərin havalandırma üçün aça biləcəyi pəncərələr olmayıb.

Əcnəbi vətəndaş bildirir ki, buna baxmayaraq, kondisioner pulu barədə mübahisə etməyib və yollarına belə davam etməyə hazır olduqlarını bildiriblər. Daha sonra sürücüdən düçəcəkləri yeri dəyişməsini xahiş edib, sürücü təyinat yerini dəyişmək üçün yenidən əlavə pul istəyib. Bu məqamda sürücünün ardıcıl pul tələbləri və onlara qarşı davranışı səbəbindən həyat yoldaşı ilə o, artıq Elşənlə yola davam etmək istəmədiklərini bildiriblər. Ər-arvad sürücüyə açıq şəkildə bildiriblər ki, səfəri davam etdirmək istəmirlər və Elşəndən elə həmin yerdə düşürməsini xahiş ediblər. Sürücü onların düşməyinə icazə vermək əvəzinə, maşını kilidləyib və həyat yoldaşı ilə onun çölə çıxmaqlarına imkan verməyib. 

Asad Arifin sözlərinə görə, bu, artıq sadəcə taksi gediş haqqı ilə bağlı fikir ayrılığı deyildi. Onlar xarici bir ölkədə bu durumda özlərini təhlükədə və tələyə düşmüş kimi hiss ediblər. Nəticədə çölə çıxmaq üçün maşının qapısını özləri güclə açmalı olublar. Onlar maşından düşməyi bacardıqdan sonra sürücü onlara qarşı söyüş söyməyə və kobudluq göstərməyə başlayıb.

Elşən Bağırov isə ifadəsində heç bir günahı olmadığını bildirib. Onun sözlərinə görə, əcnəbi ər-arvada gedəcəkləri ünvan üçün 10 manat ödəniş təklif edib. Əvvəlcə razı olmasalar da, sonra onun idarə etdiyi “Mercedes Viano” markalı avtomobilinə miniblər. O bildirib ki, sərnişinlər ondan kondisioner qoşmasını istəsələr də, cihaz xarab olduğu üçün qoşmayıb. Hakimin “bəs nə üçün onlar səndən şikayət edib?” sualına isə Elşən “onların şikayəti əsassızdır” deyə cavab verib. Həmçinin Elşən əcnəbilərlə 2-3 dəqiqə səfərdə olduqlarını, onlar düşəndə isə “nə yaxşı ki, belə adamlardan uzaq olduğunu” deyib. Hakimin “2-3 dəqiqəyə nə bildin ki, yaxşı adam deyillər?” sualına isə Elşən “onların üzünə baxanda necə insan olduqlarını başa düşmüşdüm” deyə cavab verib.

Son sözündə E. Bağırov heç bir xəta törətmədiyini və bu yaşadək ilk dəfədir ki, belə hadisə yaşadığını deyərək, işə xitam verilməsini istəyib.

Məhkəmənin hökmü ilə E. Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar