IV ixtisas qrupunda 4 144 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb
18 iyul 2011 18:13 (UTC +04:00)

IV ixtisas qrupunda 4 144 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb

IV ixtisas qrupu üzrə test imtahanının nəticəsinə əsasən 4 min 144 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, IV qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Azərbaycan Dövlət Aqrar Universitetinin IV qrupa daxil olan ixtisaslarını seçmək üçün abituriyentin ümumi balı 200-dən az olmamalıdır (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Aşağıda göstərilmiş ixtisasların dövlət sifarişi əsasında ayrılış yerlərinin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər:

- Torpaqşünaslıq və aqrokimya;

- Aqronomluq;

- Zootexniklik;

- Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;

- Meşəçilik;

- Əczaçılıq (baytarlıqda);

- Baytarlıq.
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtlərində dəyişiklik edilib. Buna dair cədvəl TQDK-nın internet saytında yerləşdirilib. Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər iyulun 24-dən avqustun 2-dək “Abituriyentin elektron ərizəsi”ndə ixtisasları seçib təsdiq etməlidirlər.
# 589

Oxşar yazılar