“Azərbaycanda 2.5 min nəfər minaya düşüb, onlardan 500 nəfəri həlak olub” – MÜSAHİBƏ
19 iyul 2011 12:38 (UTC +04:00)

“Azərbaycanda 2.5 min nəfər minaya düşüb, onlardan 500 nəfəri həlak olub” – MÜSAHİBƏ

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılovun APA-ya müsahibəsi

- 13 il əvvəl regionda ilk dəfə model kimi milli minatəmizləmə mərkəzi olaraq yaranan ANAMA necə oldu ki, özünü doğrultdu?

- 1998-ci ildə ANAMA yaradılarkən ilk növbədə humanitar minatəmizləmə potensialının yaradılması, ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi qarşıya qoyulmuşdu. Agentlik sıfırdan başlayaraq yaradıldı. Beynəlxalq təşkilatların, xarici mütəxəssislərin iştirakı ilə yerli kadrların hazırlanmasına başlandı. 2000-ci ilin sonlarından əməliyyatlara başladıq. O vaxt minaaxtaranlarımızın sayı 27 nəfər idi. 2005-ci ildən tam şəkildə sərbəst minatəmizləmə əməliyyatları aparırıq. Əvvəllər minatəmizləmə əməliyyatlarında Azərbaycan hökumətinin payı 10% olduğu halda, indi bu, 90%-ə çatıb. Donor dövlətlər də Azərbaycanda maraqlarına görə yardımlarını davam etdirirlər. İlk vaxtlarda bizimlə 6 xarici mütəxəssis də işləyirdi. Bu gün artıq agentliyin tərkibində 547 nəfər çalışır. Bu isə bizə hər il 25 milyon kvadratmetr ərazini təmizləməyə imkan verir. Bu günədək mina və PHS-lə çirklənmiş 300 milyon kvadratmetr ərazidən 165 milyon kvadratmetrini təmizləmişik. 2014-cü ilə qədər təmizləmə əməliyyatlarını tam şəkildə qurtarmalıyıq, Azərbaycanda təhlükəli ərazi qalmamalıdır. Onu da qeyd edim ki, bura Dağlıq Qarabağ və işğal altındakı ətraf ərazilər daxil deyil.

- Bu gün ANAMA-nın təmizləmə işlərini başa çatdırdığı ərazidə mina təhlükəsizliyi neçə faiz təmin olunur?

- Bunun 100 faiz təmin olunduğu deyə bilərəm. Humanitar minatəmizləmə 100 faiz zəmanət tələb edir. Ona görə də təmizlənmiş ərazilərdə ötən 10-11 il ərzində bir hadisə belə baş verməyib.

- Minatəmizləmədə qarşılaşdığınız əsas problemlər nədən ibarətdir?

- Birinci və ən ciddi problemimiz təmizləmə işləri aparılan ərazilərin heç birində minaların xəritəsinin olmamasıdır. Ona görə də ərazilərdə öncədən tədqiqatlar və s. işlər aparılır ki, bu da xeyli vaxt və vəsait tələb edir.

- Ümumiyyətlə xəritə yoxdur? Yoxsa var, amma ANAMA-ya verilmir?

- Bu gün bizim işlədiyimiz ərazilərin xəritəsi yoxdur. Döyüşlər gedəndə tərəflər ərazini xəritəsiz minalayıb. Kəndlər olub ki, dəfələrlə əldən ələ keçib. Hər iki tərəf necə gəldi minalayıb. Təmizləmə zamanı əsasən sovet ordusundan qalma minalarla rastlaşmaq mümkündür. Ermənistan istehsalı olan və üzərində «Made in Armenia» yazılmış minalarla da rastlaşmışıq. Lakin indiyədək digər ölkələrin istehsalı olan minalar tapmamışıq.

- Azərbaycanda bu günə qədər neçə nəfər minadan zərər çəkib?

- Minadan və döyüş sursatlarından zərərçəkənlərin sayı 2500-dən artıqdır. Onlardan 500 nəfərə yaxını dünyasını dəyişib, qalanları əlil olub. ANAMA eyni zamanda maarifləndirmə və minadan zərərçəkənlərə yardımlar sahəsində də çalışır. Cəbhəyanı rayonlarda 1100 məktəbdə mina maarifləndirməsi dərsləri təşkil olunur, məktəblilər və yerli sakinlər mina və PHS-lər barədə məlumatlandırılır. Aparılan işlər nəticəsində minadan zərərçəkənlərin say dinamikasında azalmanın müşahidə olunduğunu deyə bilərəm. Məsələn, ANAMA-nın fəaliyyətə başladığı ilk vaxtlarda ildə 25-30 insident olduğu halda, son zamanlar hadisələrin sayı dəfələrlə azalıb. Keçən il 3 və ya 4 hadisə olub.

- Minadan zərər çəkənlər arasında hərbçilər çoxdur, yoxsa mülki əhali?

- Bizim son qeydiyyatlarımıza görə, hərbçilər çoxdur. Biz dəqiq deyə bilmirik ki, hərbçilər hansı şəraitdə və niyə minaya düşüblər? Çünki onlar öz vəzifələrini icra edərkən və s. şəraitdə minaya düşə bilərlər.

- Ermənilərin çayla Azərbaycan ərazilərinə partlayıcı qurğu bağlı oyuncaq axıtması nəticəsində baş vermiş faciəli hadisəyə münasibət bildirmənizi istərdik...

- Bu gün dünya piyadalar əleyhinə minaların qadağan olunması ilə mübarizə aparır. Tovuzda baş vermiş hadisə çox dəhşətli faktdır, vəhşilikdir. Uşaqlara qarşı hesablanmış bu addım əslində terrordur. Mina ilə bağlı nə isə arqument gətirmək olar ki, ordumu qorumaq üçün basdırmışam. Buna nə ad vermək olar? Bilərəkdən göndərirsən ki, uşaq götürəndə partlasın. Biz bu barədə əməkdaşlıq etdiyimiz qurumlara məlumatlar çatdırmışıq. Fikrimcə, bu məsələ ətrafında XİN bəyanat verməli, ATƏT, BMT qarşısında məsələ qaldırılmalıdır. Cinayət işi açılmalı, bu hadisəni törətmiş şəxs izlənilib tapılmalıdır. Dünyada bu tip məsələlərə çox ciddi baxırlar. Belə bir şey ermənilərin əlinə düşsəydi, dünyanın dörd bir yanından ermənilər bağırıb səs salmışdılar.

- ANAMA tərəfindən son illərdə hansı yeni texnologiyaları ölkəyə gətirilib?

- Minatəmizləmə əməliyyatlarında xüsusi itlərin olması vacibdir. Hazırda 30 itimiz var. İtlərsiz minatəmizləmə əməliyyatları, keyfiyyət yoxlamalarını aparmaq mümkün deyil. Bu, böyük potensialdır və dünyanın az ölkəsi belə imkanlara malikdir. Ən yeni - «MV-4», «Bozena-4» və «Bozena-5» markalı 6 mexaniki minatəmizləyən maşınımız da var. Minatəmizləmədə, əsasən, «Minelab» və «Vallon» şirkətinin müasir detektorlarından istifadə edirik. Son illərdə isə daha çox «Vallon» detektorlarına üstünlük veririk ki, bu da «Vallon» texnologiyalarının sürətli inkişafı ilə bağlıdır. Amma «Minelab» detektorları da qalır. Məsələn, Türkiyədə mina əməliyyatları zamanı orada Amerika istehsalı olan M-14 minaları daha çox rastlaşdıq. Bu minaların tərkibində partlayıcı maddə və metal az olduğundan həmin minaları «Minelab» detektorları daha yaxşı təyin edir. ANAMA dünyada ilk dəfə olaraq təlimlərdə D-MİNE adlı simulyatorları tətbiq etdi. ANAMA mütəxəssisləri tərəfindən təklif olunan bəzi dəyişikliklər və əlavələr də istehsalçı şirkət tərəfindən nəzərə alınıb.

- Saloğlu layihəsi başa çatdı. Növbədə hansı layihələr var?

- Biz bu gün minalı sahələrlə yanaşı, hərbi poliqonların və sursat anbarlarının ərazisini təmizləməyə davam etdiririk. Hazırda Güzdəkdə əməliyyat gedir və gələn ilin ortalarında orada işlər qurtaracaq. Ceyrançöldə 60 milyon kvadratmetr ərazidə təmizləmə işləri aparılmalıdır. Orada sovet ordusunun poliqonu olub və çoxlu sayda sursat və mina qalıb. Biz bununla bağlı hökumətə təklif etmişik. Eyni zamanda XİN-in xətti ilə NATO-ya təklif göndərilib. Hazırda bu layihəyə donor ölkələr və NATO tərəfindən baxılır. ABŞ aparıcı ölkə kimi razılığını verib. Azərbaycan hökuməti isə 50% maliyyələşdirməyə razılığını bildirib. NATO tərəfindən noyabr ayında müvafiq qərarın qəbulu gözlənilir. Ola bilsin ki, noyabr ayında Brüsseldə memorandum imzalansın və 2012-ci ilin yanvar ayından işlərə başlansın. Mənə elə gəlir ki, Ceyrançöl layihəsi 5-6 il davam edəcək.

- Saloğlu layihəsinin icrasından ANAMA nə qazandı?

- Birincisi 5 ildə yüksək bacarıqlı mütəxəssislər hazırladıq. İkincisi, ANAMA-nın adı NATO miqyasında tanındı, Azərbaycanın bu sahədə qazındığı potensiala bələd oldular. Bizə Saloğlu layihəsinin nəticəsi kimi ayrı-ayrı ölkələrdən mütəxəssislər hazırlanması üçün sifarişlər verilir. Əfqanıstan, Tacikistan, Gürcüstan, Türkiyə və s. NATO/NAMSA tərəfindən Gürcüstan ordusu üçün keçirilən tenderə alyansa üzv 12 ölkədən təşkilatların qatılmasına baxmayaraq, ANAMA qalib seçildi. Qeyd edim ki, Gürcüstan üçün təlimlər 4 aydır davam edir və daha 2 ay davam edəcək. Bundan sonra mütəxəssislərimiz 3 ay Gürcüstanda onların işlərini qurmalarına kömək edəcəklər.

- ANAMA-nın Gürcüstanda minatəmizləmə üzrə milli mərkəzin qurulmasında hansısa formada iştirakı mümkündürmü?

- Bu gün Gürcüstanda minatəmizləmə işləri ilə «Halo Trust» şirkəti məşğuldur. Bu, kommersiya şirkəti kimi çalışır. Yerli potensialın yaradılması onun marağında deyil. Mən dəfələrlə gürcülərə demişəm ki, Gürcüstanda kommersiya ilə məşğul olmaq marağımızda deyil. Koordinasiya mərkəzinin yaradılmasına kömək edə bilərik. Hələ ki, Gürcüstandan belə bir təklif olmayıb.

- Türkiyədə tenderə qatıldınız. Son durum necədir?

- Suriya ilə sərhədin minadan təmizlənməsi üçün açılmış tenderə 50 şirkət təklif verib. Türkiyə hökuməti tərəfindən yaradılmış komissiya təkliflərə baxır. Onların içindən 15 şirkət seçilməlidir. Seçimdən sonra əraziyə baxış keçiriləcək, tender iştirakçıları araşdırmalarını və təkliflərini təqdim edəcəklər. Qaliblər bundan sonra seçiləcək. Yekun qərarın sentyabrın sonu, oktyabr ayında qəbulu gözlənilir.

- Sirr deyilsə, bir kvadratmetr sahənin təmizlənməsi ANAMA-ya neçəyə başa gəlir?

- Bu baxır harada təmizləmə aparılmasına... Döyüş zonasında bu məbləğ 28-30 qəpik, maşınlarla işləyəndə 75 qəpikdir. Əl və itlərlə isə 1 manatdan artıqdır. Ümumilikdə Azərbaycanda işlərimiz üçün orta qiymət 1 manatdan aşağıdır. Təxminən 1 dollar. Amma müxtəlif ölkələrdə fərqlidir. Məsələn, Xorvatiyada 1 avro 70 sent, Bosniyada 90 sent, Albaniyada 1 dollara yaxındır. Ölkələr var ki 3-5 dollardır. Xarici şirkətlər baha işləyir.

- Torpaqlar azad olunandan sonra, minatəmizlmə işlərinin yerinə yetirilməsinə ANAMA-nın potensialı yetəcəkmi?

- İndiki potensial yox. Amma 6 ay ərzində mövcud potensialı bir neçə dəfə artırmaq imkanımız var. Ola bilsin ki, ilk illərdə beynəlxalq tenderlər keçirilsin və xarici şirkətlər cəlb olunsun. Fikrimcə, bu tender bahalı olacaq və heç bir təşkilat bizim qiymətlə işləməyəcək. Hökumət buna gedəcəkmi? Deyə bilmərəm. Əməliyyatlara ordunun cəlbi də mümkündür. Lakin bunun üçün də vəsait lazımdır. Kimsə desə ki, ordunun hesabına bu işi pulsuz həyata keçirmək olar, cəfəngiyyatdır. Bakıda gəzən gənci orduya aparıb, sonra minatəmizləməyə cəlb etmək mümkün deyil. İşin keyfiyyəti də aşağı düşəcək. Bizim bununla bağlı bir neçə təklifimiz var. Birincisi, mühəndis qoşunlarının bir hissəsinin bizimlə koordinasiya olunmuş şəkildə işləməsini təklif etmişik. Onlara standartlarımıza uyğun qısa təlim verdikdən sonra maliyyələşdirib, minatəmizləmə işlərinə cəlb edə bilərik. İkincisi, hərbi xidmətə çağırılan gənclərə alternativ olaraq ANAMA-da xidmət etmək təklif olsun. Bu müddətdə ANAMA-da minaaxtaran kimi xidmət müddətini keçməklə yanaşı, onlara həm də maaş veriləcək. Bu, real təklifdir və bəzi ölkələr bundan istifadə edib. Həmin şəxslər xidmət başa çatandan sonra qalıb minaaxtaran da işləyə bilərlər.

- ANAMA-nın bəzi qurumların tərkibinə veriləcəyi barədə məlumatlar yayılıb. Bu məlumatlar nə dərəcədə doğrudur?

- Ola bilsin ki, nə vaxtsa ANAMA hansısa quruma birləşdirilsin. Bu, hökumətin və prezidentin qərarından asılıdır. Bu agentliyi ulu öndər Heydər Əliyev qurub. O vaxt müzakirələrdə belə məsələ ortaya atılmışdı ki, Müdafiə Nazirliyi varsa, niyə bu agentlik yaradılır. Hətta təklif olunmuşdu ki, belə bir mərkəz Müdafiə Nazirliyinin tərkibində yaradılmalıdır. Lakin donor ölkələr bizim işimizdə sərbəstlik və şəffaflıq olmasını tələb edir. Müdafiə Nazirliyin tərkibində olanda onun şəffaflığını yoxlamaq olacaqmı? Ermənistanda Müdafiə Nazirliyinin tərkibində bir mərkəz quruldu. Amma özünü doğrultmadı, fəaliyyəti donduruldu. Sual edə bilərəm: niyə dünyada nümunə kimi götürülən Agentliyi hansısa vəziyyətə salıb itirək? O ki qaldı maliyyə vəsaitlərinə, bizə ayrılan vəsaitlər elə də böyük deyil. Bu gün 7 milyon manatlıq büdcə ilə 547 nəfər maliyyələşdirilir, onlar və əməliyyatlar təmin olunur. Bu nə puldur ki, hansısa nazir bu pula göz diksin? Belə bir fikir də var ki, torpaqlar azad olunandan sonra ərazilərin bərpası, yenidən qurulması və əhalinin köçürülməsi üçün bir orqan yaradılsın. Ola bilsin ki, bir neçə qurumla bərabər ANAMA da həmin qurumun tərkibinə verilsin.
# 980

Oxşar yazılar