Mətbuat Şurası Goranboyda treninq-məşğələ keçirib
01 avqust 2011 13:45 (UTC +04:00)

Mətbuat Şurası Goranboyda treninq-məşğələ keçirib

0
İyulun 30-31-də Goranboy rayonunda Mətbuat Şurasının Avropa Şurası və Azərbaycandakı nümayəndəliyinin birgə layihəsi çərçivəsində “İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış” mövzusunda treninq-məşğələ keçirilib. Lent.az-ın məlumatına görə, treninqi açan MŞ sədri Əflatuun Amaşov layihənin məqsəd və məramları ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, mövcud təşəbbüsdən məqsəd ümumilikdə mətbuat xidməti institutunun ictimai münasibətlər sistemindəki rolunun və mövqeyinin artırılmasından, informasiya-kommunikasiya texnologiyalarının müasir metodlarının onların iş prinsiplərinə tətbiqinin gücləndirilməsinə effektiv təsir göstərməkdən ibarətdir.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ölkədə bütün sahələrdə olduğu kimi, mediada da dinamik inkişafın getdiyini bildirib. Goranboyda kütləvi informasiya vasitələri ilə iş prinsiplərindən söz açan N.Quliyev rayonda yerli “Mübariz” qəzetinin fəaliyyət göstərdiyini, nəşrin üzləşdiyi problemlərin həlli istiqamətində işlər görüldüyünü, onun tirajının artırılmasına da müvafiq dəstək göstərildiyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkədə media sahəsində aparılan dövlət siyasətinin istiqəmətlərindən söhbət açıb. O bildirib ki, jurnalistlərin cəmiyyəti məlumatlandırmalarında onların informasiya ilə təminatı məsələsi olduqca önəmlidir.

Treninq-məşğələnin ilk günü informasiya əldə etmək haqqında qanunun hüquqi aspektlərinə, press-relizlərin və mətbuat konfranslarının təşkili xüsusiyyətlərinə, böhranlı vəziyyətlərdə media ilə əlaqələrin qurulmasına, o cümlədən kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyi və internet media ilə əlaqələrin yaradılmasına dair məruzələr səslənib. İkinci gün isə iştirakçılara hakimiyyət orqanları ilə əlaqələr sahəsindəki beynəlxalq təcrübə ilə bağlı məlumatlar verilib.

Qeyd edək ki, treninq-məşğələdə Goranboy da daxil olmaqla, Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarındakı dövlət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri, Daxili İşlər, İqtisadi İnkişaf, Vergilər, Təhsil nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Neft Şirkətinin media ilə işə məsul şəxsləri iştirak ediblər. İki günlük treninq-məşğələ Hollandiyadan olan ekspertlər David van der Houwen və Fred Gijbels tərəfindən aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 708

Oxşar yazılar