Dəniz dərindisə, “Dalğa” neyləsin? - REPORTAJ
02 avqust 2011 19:02 (UTC +04:00)

Dəniz dərindisə, “Dalğa” neyləsin? - REPORTAJ

0
“Dalğa” ev tikir

Dalğa Gənclər Hərəkatı elə də çox ünsiyyətdə ola bilmədiyim ictimai sektorda ən çox qanım qaynayan qurumdur. Bir az bizim – 2000-cilərin azad, əhli-kef ruhu var onlarda. Özlərinə ironik yanaşmağı bacarırlar, aksiyaları, tədbirləri öz yaradıcılıqları ilə seçilir. Ta bu tədbirlər nə qədər funksionaldır, nə qədər vacibdir, nə qədər keyfiyyətlidir – orasını mən bilmirəm. Mən üzvləri tanıyıram, üzvlərlə ünsiyyətdə oluram və görürəm ki, ictimai sektorda bu kefqom, ərköyün uşaqlardan savayı mübarizəni, siyasəti bir az da zarafata, yaradıcılığa çevirənlər hələ ki, yoxdur.

Odur ki, hərəkatın əzəli-əbədi koordinatoru Ramin Hacılı mənə “Dalğa”nın dəniz kənarında keçirəcəyi aksiyada iştirak edib, sonra da kefimin yaxşı vaxtına düşəndə bir reportaj hazırlamağı təklif edəndə düşünmədən razılaşdım – reportajlıq bir şey olmaz, ölən yeri dənizdə çimərik)))

Təyin olunmuş vaxtda hamımız peyda olduq Qara Qarayev metrostansiyasında. Hamı gəlib çıxsa da, dəstəni bir yerə cəm eləyən lider Ramin Hacılı gəlib çıxmadı. Düz 31 dəqiqədən sonra metro vaqonunda gülümsəyə-gülümsəyə gələn lider elə təkcə onu elədi ki, zarafatlaşa-zarafatlaşa dəstəni metrostansiyadan çölə çıxartdı. Yaxınlıqdakı marketdən su-filan alıb, avtobuslara doluşduq.

Bir metlax, bir kafel, yarım kilo sement

Bu arada tədbirin mahiyyəti barədə bir şey qeyd eləyim ki, “Dalğa”çılar guya dəniz kənarına özləri ilə inşaat materialları gətirib, sahil qumundan istifadə edərək, bir neçə tikinti tikib, bunu öz mülkiyyətləri elan etməli və mülkiyyət hüququnun toxunulmaz olduğunu elan etməli idilər.

Elə metrodaca mən “Dalğa”çıların gətirdiyi inşaat materialları ilə tanış oldum. Bir dənə qırıq metlax, bir dənə ulduzşəkilli sement parçası, yarım kiloluq kisədə sement….bütün inşaat materialları bax, bu sadaladıqlarımdan ibarət idi…

171 nömrəli avtobusa doluşub, çatdıq Bilgəhdəki kardioloji sanatoriyaya. Sanatoriyanın qabağında dalğaçılar “fandureyzinq” eləyib (öz dilləri ilə desək) atışdılar və dəniz kənarında yeyiləcək şeyləri almaq üçün marketə getdilər. Kölgədə dayanıb, gözlədik. Bir azdan gələn gənclərin aldıqları ərzaq da elə gətirdikləri tikinti materiallarından fərqlənmirdi. Yarım kilo pendir, altı dənə zavod çörəyi, iki dənə qarpız…

Lider yoxa çıxdı

Sanatoriyanın yanından axışdıq çimərliyə tərəf. Xalqımızın yeyib-içdiyi, çimib-qurulandığı, tər töküb, can qaraltdığı çimərliyə çatan kimi, hərəkatçılar əyinlərində olar-olmazı çıxarıb, çimərlik paltarında qaldılar. Elə bu paltardaca tədbirlərinə başlayacaqlarını düşünürdüm ki, hamısı bir nəfər kimi özlərini dənizə atıb, zarafatlaşa-zarafatlaşa çimib, bir-birinin üz-başına su çilədilər.
Üzüm ayağınızın altında, elə hamı soyunanda hiss elədim ki, Ramin Hacılı hərəkatçıların arasında yoxdur. Olsaydı, gənc liderlərdən birinin soyunmağına şahid olardıq hər halda. Hazırda hərəkatda sədr vəzifəsini icra edən Orxan Nəbiyevdən “lider”in harada olduğunu soruşanda, utanmaz-utanmaz üzümə baxıb dedi ki, Raminin işi çıxdı və o gedəsi oldu…
O bunu deyəndə, “Dalğa”çılar öz liderlərin bu hərəkətini zarafata salmağa, Ramin bəyin gələcəkdə böyük siyasi proseslərdə atacağı addımlarla bağlı məzəli proqnozlar verməyə başladılar.

“Şortik”li inşaatçılar

Dənizdən çıxandan sonra uşaqlar axır ki, burada mətbuatın da olduğunu nəzərə alıb (mən və “Azadlıq” radiosundan bir xanım) tədbirlərinə başladılar. “Kupalnik”li qızlar, “şortik”li “Dalğa”çı oğlanlar bir dənə qırıq metlaxlarını, bir dənə ulduzşəkilli sement parçalarını, yarım kiloluq toz sementi və sahil qumunu işə salıb maket şəhər – qız qalası, şirvanşahlar sarayı, qala divarları, hamamlar, məscidlər quraşdırdılar.
Çimərlikdəki sadə camaat bir dəstə cavan başdanxarabın burada nə iş gördükləri ilə maraqlanaraq, yaxına gəlir, tüklü-müklü oğlanların, eynəkli qızların qumdan şəhərcik tikdiyini görüb, başları bulaya-bulaya çıxıb gedirdilər.
Bu vaxt “Dalğa” sədri, fəalları mənə ciddi-ciddi müsahibələr verir, aksiyalarının hüquqi-sosial yükündən danışır və qumdan evcik tikirdilər.

Balaca mülkiyyət düşməni…

Yarım saat qıraqdan bu həngaməyə tamaşa eləyən, 5-6 yaşlarında lüt-ətcəbala bir oğlan uşağı axır ki, dözməyərək, yaxına gəlib, “Dalğa”çılardan bu şəhərin nə anlama gəldiyini soruşdu:

- Qaqa, bu şəhəri niyə quraşdırırsız?

“Dalğa”çılar dahi-dahi:

- Bu şəhəri axırda sizə, yəni gəncliyə bağışlayacağıq – dedilər.

Oğlan hırıldadı:

- Ə, sən öl bu şəhəri ikiyə bölərəm eeee! – deyib, hırıldaya-hırıldaya çıxıb getdi.

“Dalğa”çılar simvolik şəhəri hazır eləyəndən, bayraqlarını başlarında tutub, bir neçə şəkil çəkdirəndən, bədənlərinə boya ilə “Dalğa” yazandan sonra hazırladıqları şəhəri də Allah umuduna qoyub, nahar eləməyə getdilər.

Süfrə başında yarım kilo pendiri, iki qarpızı, fəallardan birinin anasının hazırladığı səkkiz kotleti ötürəndən sonra təzədən atıldılar suya. Bu dəfə dəniz futbolu, dəniz basketbolu oynamaq üçün…

Mülkiyyətin axırı

Onlar (özümü qırağa çəkməyim, mən də onların arasında idim) dəniz idman növlərini sınaqdan keçirdikləri müddətdə bir kafeldən, bir metlaxdan, yarım kilo sementdən ibarət simvolik şəhərləri çimərlik əhalisinin, xırdaca-xırdaca, lüt-lüt uşaqların ayaqları altında qalıb sıradan çıxdı (bu da sizə mülkiyyət hüququ!)…

“Dalğa”çılar isə öz işlərində idilər – top oynayanda bir-birinin boynuna minə-minə, bir-birini suya basa-basa ağıllı, intellektual və fəlsəfi atmacalar atırdılar:

- Dəniz dərindisə “Dalğa” neyləsin?

- Biz “Dalğa”yıq, bizə dəniz neyləyər? –filan…

Vəssalam. Bütün tədbir, aksiya, etiraz da elə bundan ibarət oldu. Amma ictimaiyyətçilik bir yana, mən “Dalğa”çılardan razı qaldım. Üzmək öyrədən oldu, dənizdə boynuna mindirən oldu, qolumdan tutub, qum üstündə gəzdirən oldu…komplekssiz, azad, rahat gənclik. Yəni gənclik necə olmalıdırsa, normalda necə olursa, elə…məsuliyyətsizliyi, səhvləri, əhli-kefliyi, bəzən ifrat etirazçılığı, bəzən ifrat çəkingənliyi ilə…

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2074

Oxşar yazılar