Yayılmış miflərə baxmayaraq, köhnə texnikanı söküb varlanmaq demək olar ki, mümkün deyil. Bir çox istifadəçi hesab edir ki, köhnə noutbuklar və kompüterlər əsl “qızıl yatağı” ola bilər. İnternetdə tez-tez köhnə texnikadan qiymətli metalları necə çıxarmaq barədə məsləhətlər paylaşılır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, cihazlarda həqiqətən qızıl var, amma onun miqdarı çox azdır.
Mütəxəssislərin qiymətləndirməsinə görə, orta hesabla köhnə bir noutbukda təxminən 0,1 qram, masaüstü kompüterlərdə isə 0,2 qram qızıl olur. Mövcud qızıl qiymətləri ilə bu, bir cihazdakı qızılın cəmi bir neçə dollar dəyərində olması deməkdir.
Qızıl elektronika sahəsində özünəməxsus xüsusiyyətlərinə görə istifadə olunur. O, elektrik cərəyanını çox yaxşı keçirir və demək olar ki, korroziyaya uğramır. Buna görə də çap lövhələrində, konnektorlarda, kontaktlarda və mikrosxemlərdə tətbiq olunur. Bu da cihazların uzun illər stabil işləməsini təmin edir. Lakin qızıl bütöv hissələr şəklində deyil, çox nazik örtük və ya mikroskopik qatlar formasında olur ki, bu da onun çıxarılmasını olduqca çətin və zəhmətli edir. Ekspertlər vurğulayırlar ki, ev şəraitində bu prosesi həyata keçirmək praktiki olaraq mənasızdır, sənaye miqyasında isə xüsusi avadanlıq tələb olunur.
10 illik noutbuku nə etmək olar?
Qızıl çıxarmaq ev şəraitində sərfəli olmasa da, elektronikanın təkrar emalı vacib sahə olaraq qalır. Köhnə noutbuklarda yalnız qiymətli deyil, həm də nadir torpaq metalları mövcuddur və onları yenidən istifadə etmək mümkündür.
Sənaye miqyasında təkrar emal iqtisadi baxımdan daha məntiqli olur: şirkətlər minlərlə ton elektron tullantını emal edərək həm qiymətli materialları əldə edir, həm də ətraf mühitə düşən yükü azaldır.