Qadınlara nifrət edən  gənc oğlan anasını çəkiclə öldürdü: ÖMÜRLÜK CƏZA
26 mart 2026 11:52 (UTC +04:00)

Qadınlara nifrət edən gənc oğlan anasını çəkiclə öldürdü: ÖMÜRLÜK CƏZA

1

Uelsdə bir yeniyetmə anasını çəkiclə qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. Qadınlara qarşı nifrət edən və “American Psycho” qara komediya-horror əsərinə maraq göstərən 18 yaşlı Tristan Roberts anasına hücumu əvvəlcədən diqqətlə planlaşdırıb.

Lent.az “The Guardian”a istinadla xəbər verir ki, onun üçün minimum cəza müddəti 22 il 6 ay müəyyən olunub.

Tristan Roberts cinayəti əvvəlcədən diqqətlə planlaşdırmış, qətl üsullarını və tutulmamaq yollarını araşdırmış, daha sonra isə bıçaq, çəkic və balta kimi potensial silahlar almışdı.

Yeniyetmə 2025-ci il oktyabrın 23-də gecə saatlarında Şimali Uelsin Prestatin şəhərindəki evlərində orta məktəbdə müəllim köməkçisi olan anası 45 yaşlı Angela Şellisə hücum edib. Səhərə yaxın isə onu evdən çıxmağa razı salıb və guya tibbi yardım üçün aparacağını deyib. Onlar birlikdə təbiət qoruğuna doğru gediblər. Orada Roberts çantasından çəkic çıxararaq anasına bir neçə dəfə baş nahiyəsindən zərbə endirib və onu öldürüb. O, həm evdə, həm də qoruqda baş verənləri diktofona yazıb.

Məlum olub ki, o, qətldən bir neçə həftə əvvəl internetdə “American Psycho” filmindən qan içində olan baş qəhrəmanın şəklini paylaşaraq “Məndə istək yarandı” yazıb. Başqa bir paylaşımında isə “Bu, tam bir American Psycho olacaq, haha” ifadəsini işlədib.

Digər paylaşımlarında o, “Mən həqiqətən qızlardan nifrət edirəm… qızlara/qadınlara da etibar etmirəm” və “O sadəcə yer üzündən yox olacaq… vaxt çatdı” kimi fikirlər yazıb.

Araşdırmaları zamanı o, süni intellekt çat-botuna “Qətl üçün hansı silah daha yaxşıdır — çəkic, yoxsa bıçaq?” sualını verib. Çat-bot əvvəlcə cavab verməkdən imtina etsə də, o, bunu serial qatillər haqqında kitab yazdığını deyərək yenidən soruşub və cavab alıb.

Qətl günü Roberts diktofonda belə bir səs yazısı qoyub: “Bu, Tristan Robertsdir. Bu gecə mən Aleks olacağam və anamı çəkiclə öldürəcəyəm”. Onun niyə “Aleks” adlı alter-eqodan istifadə etdiyi isə məlum deyil.

Anasını öldürdükdən sonra o, “Aman Allah, bu dəhşətli idi… Bu, çox dəli bir şey idi” sözlərini yazıya alıb. Sosial şəbəkədə isə “Az əvvəl həyatımın ən dəli gününü yaşadım” paylaşımını edib.

Polis 24 oktyabr səhəri təbiət qoruğuna çağırılıb, burada kolluqlar arasında Şellisin cəsədi tapılıb. Meyitə aparan təxminən 100 metrlik qan izi aşkar edilib. Hadisə yerində əlcəklər, balaklava və zərərçəkənin diz zədəsinə görə istifadə etdiyi qoltuq ağacı da tapılıb.

“The Guardian” yazır ki, hadisədən 10 gün əvvəl, 13 oktyabrda Roberts 18 yaşını tamamlayıb. Polis hesab edir ki, bu, böyük əhəmiyyət kəsb edir, çünki bu, ona silah kimi istifadə etdiyi bəzi alətləri qanuni şəkildə almağa imkan verib.

Yeniyetmə saxlanılarkən sakit görünürdü və “Tapdığınız cəsəd mənim anamındır?” deyə soruşmuşdu. Psixiatrik tibb bacısı onun dindirilməyə yararlı olduğunu hesab edib və dörd gün ərzində o, doqquz dəfə sorğu-suala tutulub. O isə bütün sualları cavabsız qoyub.

Mold Kral Məhkəməsində hökm oxunduqdan sonra Krallıq Prokurorluq Xidmətinin nümayəndəsi Endryu Slayt deyib: “Tristan Roberts bu şokedici cinayəti diqqətlə planlaşdırmışdı. Anasının həyatının son dəqiqələri, şübhəsiz ki, dəhşətli olub, lakin o, öz əməllərinə görə nə narahatlıq, nə də peşmanlıq göstərib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 288

Oxşar yazılar