Ana itkin düşmüş oğluna qovuşdu, 20 gün sonra ürəyi dayandı - 31 illik həsrətin sonu
12 mart 2024 15:48 (UTC +04:00)

Ana itkin düşmüş oğluna qovuşdu, 20 gün sonra ürəyi dayandı - 31 illik həsrətin sonu

Baba Mikayılov 1992-ci ildə Qarabağ müharibəsi zamanı itkin düşüb. Ailənin 9 uşağından biri olan Baba 22 yaşında olarkən könüllü olaraq müharibəyə qoşulub və bir daha geri qayıtmayıb. Onun doğmaları artıq 30 ildən çoxdur ki, Baba haqqında xəbər gözləyirdilər.

Lent.az Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) istinadən xəbər verir ki, bu yaxınlarda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) davamlı səyləri və BQXK dəstəyi sayəsində ekskumasiya edilib və eyniləşdirilmiş insan qalıqlarından birinin Baba Mikayılova aid olması müəyyən edilib. Onun qalıqları ailəsinə təhvil verilib.

İtkin düşmüş şəxslərə aid insan qalıqlarının ailəyə təhvil verilməsi çox mürəkkəb bir prosesin sonuncu mühüm mərhələsidir. Bu proses özündə insan qalıqlarının axtarışı, çıxarılması və məhkəmə-ekspertiza müayinəsini ehtiva edir və əldə olunmuş bütün məlumatların müqayisəsi ilə yekunlaşır. Tapılmış insan qalıqlarından birinin Babaya aid olmasının müəyyənləşdirilməsi və onun ailəsinə təhvil verilməsi aidiyyəti hakimiyyət orqanlarının və BQXK-nın bu istiqamətdə gördüyü işlərin bəhrəsidir. Bu, eyni zamanda onun ailə üzvlərinin belə bir uzun proses ərzində göstərdikləri dayanıqlılığın bariz nümunəsidir.

Babanın bacıları Sənayə və Əsnayə kabus, göz yaşları və onun qayıdacağına bitməyən ümid içərisində keçirdikləri 31 ilin hekayəsini bizimlə bölüşürlər:

“9 il ərzində anam darvazanı bağlamadı. Deyirdi birdən qardaşım gələr. Otuz il Babadan bir xəbər olmasa da o, ümidsizliyə qapılmadı. Ailəmiz son 30 ili heç bir xeyir işə qatılmadı, gözümüzün yaşı heç vaxt qurumadı. 2014-cü ildə BQXK-nın əməkdaşları gəlib DNT nümunələri götürdülər. O vaxtdan bəri nəticələri gözləyirdik”.

Onlar bir xəbər gözləyərkən, Babanın anası öz təqaüdü hesabına kəndlərinə yol çəkdirib, bu yolu öz itkin oğluna və onun bir gün evinə dönəcəyi ümidinə həsr etmişdi.

“Babanın qalıqlarının tapıldığı xəbərini öyrənəndə anamın ürəyində nəsə qırıldı”

Ailənin yeganə təskinliyi o idi ki, Babanın itkin düşməsinin gətirdiyi qeyri-müəyyənlik çözülmüşdü və onlar dəfn mərasimi keçirə, yas tuta, onun üçün dua oxuya biləcəkdilər:

“Babanın dəfn günü də anam dedi ki, heç kim ağlamasın, hamı mənə göz aydınlığı versin. Biz də istədiyimiz vaxt gedib Babanı ziyarət edə biləcəyimiz yerin olduğuna görə rahatladıq. Təəssüf ki, Babanın dəfnindən 20 gün sonra anamız dünyasını dəyişdi. O, 31 il sonra qovuşduğu övladının yanında torpağa tapşırıldı”.

BQXK 30 ildən çoxdur ki, Azərbaycanın aidiyyəti dövlət orqanlarına itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsində fəal şəkildə dəstək göstərir. Bura təcrübəmizi bölüşmək, yerli potensialın artırılmasına dəstək olmaq və maddi-texniki yardım göstərilməsi daxildir.

Dövlət Komissiyası və BQXK-nın birgə təşəbbüsü ilə 1990-cı illərdən bəri itkin düşmüş şəxslərin qalıqlarının axtarılması, götürülməsi və şəxsiyyətinin müəyyənləşdirilməsi prosesində multidisiplinar yanaşma tətbiq edilməyə başlanmış, bununla da Azərbaycan hakimiyyət orqanları əhəmiyyətli bir mərhələ adlamışdır. Bu səylər imkan vermişdir ki, 30 ildən sonra ilk eyniləşdirmə nəticələri əldə edilmiş, 25 itkin düşmüş şəxsin qalıqları ailələrinə təhvil verilmiş və bununla da onlar üçün illərlə davam edən qeyri-müəyyənlik və iztiraba son qoyulmuşdur. Yaxın gələcəkdə daha çox eyniləşdirmə xəbərlərinin alınacağı gözlənilir.

BQXK öz Mərkəzi Axtarış Agentliyi vasitəsilə ailə əlaqələrinin qorunması və bərpa olunması, itkin düşmüş şəxslərin axtarışı və eyniləşdirilməsi və ailələrin ehtiyaclarının qarşılanması sahəsində qlobal səylərin əlaqələndirilməsində vacib rol oynayır. Nə qədər vaxt keçir keçsin, ailələrin doğmalarının taleyini öyrənmək hüququ var.

# 7257
avatar

Oxşar yazılar