Azərbaycanda bu kadrlara ciddi ehtiyac var  - Boşluqları kim dolduracaq?
19 sentyabr 2025 17:34 (UTC +04:00)

Azərbaycanda bu kadrlara ciddi ehtiyac var - Boşluqları kim dolduracaq?

0

Əmək bazarına, dövrün tələblərinə və monitorinqlərin nəticələrinə əsasən, təhsil müəssisələrində ixtisaslar və plan yerləri dəyişir.

Bəs görəsən, bu gün hansı sahələr üzrə Azərbaycanda mütəxəssis qıtlığı yaşanır? Və həmin sahələr digər ölkələrdə tədris olunurmu?

Elm və təhsil eksperti Rizvan Fikrətoğlu Lent.az-a açıqlamasında bildirib ki, əmək bazarının tələblərinə baxanda bəzi peşə ixtisaslarının hələ də lazımi qədər inkişaf etmədiyi görünür:

“Rəqəmsal-texnoloji sahələrə daxil olan süni intellekt operatoru eləcə də tətbiqi üzrə mütəxəssis, kibertəhlükəsizlik texniki mütəxəssisi, robottexnika, həmçinin avtomatlaşdırma texniki işçisi və analtika köməkçisi ixtisaslarına ehtiyac var. Həmçinin yaşıl iqtisadiyyat və ekoloji sahələrlə bağlı bərpa olunan enerji texniki operatoru (günəş, külək və bioenerji üzrə), su ehtiyatlarının idarə olunması üzrə texnik, ekoloji monitorinq laboratoriya texniki işçisinə tələbat var. Bunlarla yanaşı səhiyyə və sosial xidmətlərdə də yeni ixtisaslar yaradılmalıdır. Yaşlı və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə işləyən baxıcı, tibbi avadanlıqların texniki mütəxəssisi, reabilitasiya texniki köməkçi ixtisaslarının açılması vacibdir".

Ekspert onu da qeyd edir ki, yenilənmiş sənət və sənaye peşələrinə də boşluqlar var:

“3D çap texnologiyası üzrə texniki işçi, həmçinin aqrodron operatoru kənd təsərrüfatında gübrələmə, monitorinq üçün lazımlıdır. Bunlarla paralel, qida texnologiyası ixtisasına ehtiyac var. Qeyd edim ki, qastronomiya üzrə yeni ixtisaslar – molekulyar mətbəx, sağlam qidalanma üzrə aşpaz, rəqəmsal dizayn və oyunlaşdırma texniki mütəxəssisləri, turizm, eləcə də mədəni irs üzrə virtual bələdçilərə ehtiyac var”.

Görəsən, sözügedən ixtisaslardan hansılar inkişaf etmiş ölkələrin peşə təhsilində tədris olunur?

Lent.az-ın araşdırmasına görə bəzi inkişaf etmuiş ölkələrdə peşə təhsili süni intellekt və yaşıl texnologiyalar sahəsinə yönəlib.

Məsələn, Almaniyanın Federal Təhsil Nazirliyinin maliyyələşdirdiyi platforma müəllim və şagirdlər üçün iş yerində süni intellektin tətbiqi üzrə kurslar təklif edir. Bərpa olunan enerji sektorunda isə təcrübə proqramları geniş yayılıb. Təmiz enerji sahəsində fəaliyyət göstərən şirkətlərin 60%-dən çoxu peşəkar təlim dəstəkləyir və "Enercon" kimi iri şirkətlər öz müəssisələrində 320 şagirdə 20 müxtəlif peşə üzrə təlim verirlər.

Yaponiyanın peşə məktəbləri texnologiyaya əsaslanan ixtisaslar təklif edir. Məsələn, HAL (Tokyo, Osaka, Nagoya) texniki kolleclərində “AI sistemi” şöbəsi var, "Japan Electronics College"un proqramında isə həm “AI Sistemi”, həm də “Şəbəkə Təhlükəsizliyi” üzrə təlimlər mövcuddur. Bu kimi ixtisaslar Yaponiyada informasiya texnologiyaları, robototexnika və kibertəhlükəsizlik sahəsinə hazırlıq verir.

ABŞ-da bəzi ştatlar peşə məktəblərində süni intellekt və robototexnika üzrə kurslar açır. Məsələn, Nyu-Cersi ştatı Mercer və Middlesex dairələri üçün peşə məktəblərində süni intellektə dair karyera proqramları hazırlayıb.

Skandinaviya ölkələrində də innovativ təlim metodları yayılır. Məsələn, Finlandiyada Samiedu peşə kollecində pandemiya dövründə ThingLink platforması vasitəsilə virtual turizm turları təşkil edilib. Yeni tələbələr şəhərin ixtisaslara dair tədris laboratoriyalarını virtual mühitdə görüb tanıyırlar və hətta xarici qonaqlar real vaxtda rəhbərlik edən virtual ekskursiyalarla tanış olurlar. Bu cür rəqəmsal ekskursiyalar turizm və mədəni irs sahəsində peşə hazırlığının bir hissəsi kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar