Uzunömürlülərin adası:  Onların sirri  nədir?
18 sentyabr 2026 11:59 (UTC +04:00)

Uzunömürlülərin adası: Onların sirri nədir?

0

İtaliyanın Sardiniya adası dünyada insanların ən uzun yaşadığı bölgələrdən biri hesab olunur. Adanın mərkəzi hissəsində yerləşən Nuoro əyaləti uzunömürlü insanların sayının qeyri-adi dərəcədə çox olduğu “mavi zonalar” sırasına daxildir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər Sardiniya sakinlərinin uzunömürlülüyünü əsasən aktiv həyat tərzi, təbii qidalanma və güclü sosial əlaqələrlə izah edirlər.

Sardiniya 1999-cu ildə yerli əhali üzərində aparılan araşdırmalardan sonra “mavi zona” statusu qazanıb. Tədqiqatçılar hesab edirlər ki, uzunömürlülüyün əsas səbəblərindən biri adada nəsillər boyu formalaşan ənənəvi həyat tərzidir.

Əvvəllər Nuoronun dağlıq ərazilərinə yolların pis olması səbəbindən çatmaq çətin idi. Buna görə də sakinlər daha çox öz icmalarına arxalanır, torpaqla məşğul olur və yaşlı dövrlərinə qədər fiziki cəhətdən fəal qalırdılar.

Onların qidalanmasında da əsas yeri özlərinin yetişdirdiyi məhsullar tuturdu. Ənənəvi rasion tərəvəzlər, taxıl məhsulları, zeytun yağı və üzümdən ibarət olub. Üzüm yerli əhali üçün xüsusi əhəmiyyət daşıdığından, şərab da gündəlik qidalanmanın bir hissəsinə çevrilib.

Mütəxəssislər üzüm və digər bitki mənşəli məhsullarda olan polifenollara da diqqət çəkirlər. Bu təbii birləşmələrin sağlamlığa müsbət təsir göstərə biləcəyi bildirilir.

Bu gün Sardiniyanın ənənəvi mətbəxi adanın turizm mədəniyyətinin də bir hissəsinə çevrilib. Bəzi restoranlarda “mavi zona” sakinlərinin ənənəvi rasionuna daxil olan məhsullardan hazırlanan yeməklər xüsusi işarə ilə təqdim olunur.

Belə məhsullar arasında tərəvəzlərlə servis edilən qədim taxıl növü farro, həmçinin zeytun yağı ilə hazırlanan dəniz məhsulları da var.

Mütəxəssislərin fikrincə, Sardiniya sakinlərinin uzunömürlülüyünün sirri təkcə bir məhsulla bağlı deyil. Aktiv həyat tərzi, təbii qidalanma, güclü sosial münasibətlər və nəsillər boyu qorunan ənənələrin birləşməsi bu nəticədə əsas rol oynaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar