Bakıda hava qaralanda  bu avtobuslar  yoxa çıxır...  -  YENİLƏNİB
02 may 2025 19:27 (UTC +04:00)

Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB

Köhnə Günəşli qəsəbəsini “Sədərək” ticarət mərkəzi ilə əlaqələndirən 72 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik 16 avtobus sərnişinlərə xidmət göstərir.

Lent.az-a bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib .

Qeyd edilib ki, marşrutun sərnişin tələbatı nəzərə alaraq iş qrafiki saat 06:00-dan saat 20:00-dək müəyyən edilib. “Sədərək” ticarət mərkəzinin iş rejiminə uyğun olaraq sonuncu avtobus dayanacaqdan saat 20:00-da yola düşür.

Xatırladaq ki, 72 saylı avtobus marşrutunun "Sədərək" ticarət mərkəzindən saat neçədə yola düşməsi probleminə toxunulmayıb. Söhbət Köhnə Günəşli qəsəbəsindən saat 20:00-da şəhər istiqamətinə yola düşməli olan avtobusdan gedir. Sürücülər deyirlər ki, məhz həmin qəsəbədən də sonuncu yola düşmə məhz saat 20:00-dadır. Amma bu qrafikə həftənin bütün günləri əməl olunmur. Bu isə o deməkdir ki, marşrutun hərəkətinə cavabdeh olan şəxslər kefləri istədikləri rejim tətbiq edirlər. 

***

17:43

Bakının ictimai nəqliyyatındakı bəzi problemlər hələ də qalmaqda davam edir.

Lent.az xəbər verir ki, xüsusən axşam saatlarında sərnişinlərin çətinliyi daha da artır. Bəzi yerlərdə insanlar axşam işdən çıxıb mənzil başına necə çatacaqları barədə az qala günortadan plan qurmalı olurlar. Belə planlardan biri sırf 72 saylı marşrut xəttinin avtobusları üçün xüsusi qurulur…

Sərnişinlərin sözlərinə görə, axşam saat 8 olanda 72 saylı marşrutu əksər hallarda qeybə çəkilir. Düz 40 dəqiqə gözləsələr də, avtobus gəlmir və insanlar həmin marşrutla 15 dəqiqəyə çatacaqları evlərinə getmək üçün ayrı plan qururlar. Bir sözlə, 72 saylı marşrut avtobusları axşam saatlarında sərnişinlərə çətinlik yaradır - gah avtobusun nömrəsini göstərən işıqlı tablonu söndürürlər, gah da ki, ümumiyyətlə gözə dəymirlər. Qeyd edək ki, söhbət “Amay” ticarət mərkəzinin qarşısından üzü Bayıl qəsəbəsi istiqamətindən gedir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət etsək də, təəssüf ki, sorğumuz cavabsız qaldı.

Qeyd üçün bildirək ki, ənənəvi ictimai nəqliyyat problemləri də bəzi yerlərdə qalmaqdadır. Dayanacaqda insanların hərəkət zolağına çıxıb təhlükə yaratması, avtobusa minərkən qabağa düşmək üçün bir-birini itələməsi, həddən artıq sərnişin mindiyi üçün bəzi avtobusların sağ tərəfinin əyilməsi və s. kimi nümunələr pik saatlarda avtobusların gec gəlməsinin bəhrəsidir.

Hələ aprel ayında leysan yağanda Bakının bəzi yerlərində ictimai nəqliyyat anlayışı yoxa çıxdı. Bu barədə sosial şəbəkələrdə şəhər sakinləri az şikayət paylaşmadılar. Əksər qəsəbələrdə ya insanlar az qala 1 saata yaxın avtobus gözlədilər, ya da heç marşrut xətti işləmədi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar