Uşaqlar arasında qızılcaya yoluxma artıb - Pediatrdan və nazirlikdən AÇIQLAMA  - YENİLƏNİB
01 iyun 2026 14:56 (UTC +04:00)

Uşaqlar arasında qızılcaya yoluxma artıb - Pediatrdan və nazirlikdən AÇIQLAMA - YENİLƏNİB

0

Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan qızılca xəstəliyinə münasibət bildirib.

Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika ərazisində yoluxucu xəstəliklərin profilaktikasına yönəlmiş kompleks tədbirlər davam etdirilir:

"Hazırda ölkədə qızılca xəstəliyinə qarşı Milli Peyvənd Təqviminə uyğun olaraq həm planlı peyvəndləmə, həm də əvvəlki dövrlərdə peyvənddən kənarda qalmış uşaqlar arasında tibb müəssisələrində immunizasiya tədbirləri həyata keçirilir. 

Xəstəliyin ölkə üzrə kütləvi yayılması halları müşahidə edilmir. Yoluxma riskinin azaldılması məqsədilə uşaqları peyvənd olunmaq, yoluxmuş şəxslərlə təmasdan çəkinmək, əlləri tez-tez yumaq, şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, xəstəlik əlamətləri müşahidə edildikdə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur. 

Ümumilikdə, respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və daim nəzarət altında saxlanılır". 

***

14:02

Son dövrlərdə bir çox valideyn övladının peyvənd olunmasından ehtiyat edir. Səbəb kimi, bunun bir sıra əks təsirlərinin olduğunu düşünürlər. Valideynlər peyvəndin faydasından çox zərər verdiyini zənn edib, övladlarını vaksinin “bəlasından” qorumağa çalışdıqlarını bildirirlər. Lakin pediatrların sözlərinə görə, peyvənd olunmayan uşaqlar arasında qızılca xəstəliyi daha çox artır.

Bəs görəsən, peyvəndin həqiqətən də qorxulu əks təsirləri varmı? Peyvənd olunmayan uşaqlarda qızılca halları artırmı?

Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının dosenti, həkim pediatr Nigar Bayramova Lent.az-a açıqlamasında bildirib ki, peyvəndlərin ciddi əks təsirləri son dərəcə nadirdir:

“Peyvənd vurdurmaqdan imtina etmək tendensiya halını alıb. Təəssüf ki, bu, dünya üzrə, o cümlədən Azərbaycanda da müşahidə olunur. Valideynlərin narahatlığını başa düşürəm, hər ana-ata övladı üçün ən yaxşısını istəyir. Lakin "əks təsirlər çoxdur" qorxusu əsasən sosial mediada yayılan yanlış məlumatlardan qaynaqlanır. Elmi həqiqət isə bundan çox fərqlidir. Peyvəndlərin ciddi əks təsirləri son dərəcə nadirdir. Qızartı, kiçik şişkinlik və ya bir neçə günlük hərarət, bunlar əks təsir yox, immun sisteminin normal cavabıdır. Peyvəndin verdiyi qorunma isə həmin kiçik narahatlıqla müqayisə olunmaz dərəcədə böyükdür”.

Pediatr qeyd edib ki, peyvənd olunmayan uşaqlarda qızılca halları artıb:

“Qızılca peyvəndi olmayan uşaqlarda xəstəliyə tutulma riski dəfələrlə yüksəkdir. Son dövrdə qızılca hallarını görməyə başlamışıq. Həmin uşaqların böyük əksəriyyəti ya peyvənd olunmayıb, ya da peyvənd cədvəlini natamam keçib. Bu məni həm pediatr, həm də ana kimi çox narahat edir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son illərdə qızılca halları qlobal səviyyədə kəskin artıb və bu artımın əsas səbəbi peyvənd əhatəsinin azalmasıdır. Azərbaycanda da biz pediatrlar klinikalara müraciətlərdə bu dəyişikliyi hiss edirik. Qızılca sadəcə səpgi xəstəliyi deyil ağciyər və beyin iltihabı, hətta ölümlə nəticələnə bilən ciddi bir infeksiyadır”.

Həkim qeyd edib ki, peyvəndlə bağlı ən geniş yayılmış mif onun autizmə səbəb olmasıdır:

“Bu iddia 1998-ci ildə bir tədqiqatçı tərəfindən irəli sürülüb. Lakin həmin tədqiqat saxta məlumatlar əsasında yazıldığı üçün elmi jurnaldan geri çəkilib və müəllif tibb lisenziyasını itirib. O vaxtdan bu yana milyonlarla uşaq üzərində aparılmış onlarca müstəqil tədqiqat bu iddianın tamamilə əsassız olduğunu sübut edib. Digər bir mif “uşaq xəstəliyi keçirməklə daha güclü immunitet qazanır”, bu da yanlışdır. Xəstəlik keçirmək immuniteti gücləndirmir, əksinə uşağı ciddi fəsadlar riskinə məruz qoyur. Peyvənd isə xəstəlik yaranmadan, ağırlaşma olmadan immunitet formalaşdırır. Bu, müasir tibbın ən böyük nailiyyətlərindən biridir.

Valideynlərə bildirmək istəyirəm ki, şübhələri yarananda sosial mediaya deyil, həkimə müraciət edin. Biz buradayıq suallarınızı cavablandırmağa, qorxularınızı birlikdə aradan qaldırmağa hazırıq. Uşaqlarınızı qorumaq üçün əlimizdəki ən güclü vasitəni peyvəndi istifadə edək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar