Bu gün regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Baku Energy Week” 31-ci dəfə fəaliyyətə başlayır. Təşkil edildiyi illər ərzində “Baku Energy Week” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub.
Lent.az xəbər verir ki, Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, 31-ci “Baku Energy Forum” isə Bakı Konqres Mərkəzində təşkil ediləcək.
Tədbirin proqramı
Bakı Enerji Həftəsi çərçivəsində zəngin, faydalı və intensiv işgüzar proqram təqdim olunacaq. Proqrama panel müzakirələr, innovasiya, keys, forsayt və peşəkar inkişaf sessiyaları, təqdimatlar və imzalanma mərasimləri, eləcə də ənənəvi B2B və B2G görüşlər daxildir.
Sərgilər çərçivəsində təşkil ediləcək ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.
Tədbir çərçivəsində uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə bir sıra Anlaşma Memorandumlarının imzalanması nəzərdə tutulur. Tərəfdaş ölkə və şirkətlərlə birgə əməkdaşlıq formatında atılan bu addımlar ölkənin enerji təhlükəsizliyinin təmin olunması və yaşıl enerjiyə keçid istiqamətində mühüm rol oynayır.
Sərgi çərçivəsində bir sıra sessiyalar və panel müzakirələri də baş tutacaq. Tədbirin proqramı ilə ətraflı rəsmi internet səhifəsində (https://caspianoilgas.az/az/events-programme) tanış olmaq mümkündür.
Bakı Enerji Həftəsi çərçivəsində tədbir keçirilən məkanlarda ilk dəfə olaraq “AI RoboCafe” fəaliyyət göstərəcək. Azərbaycanda ilk dəfə olaraq bu tip kafe 2025-ci ildə təqdim olunub. Bakı Enerji Həftəsi çərçivəsində fəaliyyət göstərəcək “AI RoboCafe” iştirakçılar və ziyarətçilər üçün yalnız innovativ texnologiyanın nümayişi deyil, həm də tədbir təcrübəsini daha komfortlu, sürətli və interaktiv edən müasir xidmət həlli olacaq.
Bundan əlavə, “Baku Energy Week” çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların yaratdığı rəsmlərdən ibarət sərgi də təşkil olunacaq. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin hərracı keçiriləcək.
Baku Energy Forum
Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı 1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq “Baku Energy Forum”dur.
Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.
Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dək nümayəndənin iştirak etməsi gözlənilir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər daxildir. Bu il forumun proqramında dünyanın müxtəlif ölkələrini və fərqli enerji sahələrini təmsil edən 60-dək spiker yer alır.
Bu il öncəki illərdən fərqli olaraq, Bakı Enerji Forumunun açılışı da iyunun 1-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Daha sonra forum iştirakçıları əsas müzakirələr üçün Bakı Konqres Mərkəzinə toplaşacaqlar.
Forumun gündəliyi olduqca zəngin olacaq. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və yanaşı forumlar təşkil ediləcək.
D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü
Forumun ilk günündə D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü baş tutacaq.
Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçiriləcək. Forumun proqramı ilə ətraflı rəsmi internet səhifəsində (https://bakuenergyforum.az/az/forum-programme) tanış olmaq mümkündür.
Forum çərçivəsində aparılacaq müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.
Bakı Enerji Forumu çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcək. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüşlər təşkil olunacaq.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər proqramında yaşıl enerji kimi mövzular xüsusi yer tutur. Artıq bir neçə ildir ki, forum çərçivəsində tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusu olan “Zero Waste” və “Zero Food Waste” təşəbbüsləri həyata keçirilir. Bu layihənin məqsədi ekoloji cəhətdən düzgün həllərin praktiki tətbiqi, o cümlədən tədbirlər zamanı karbon izinin və tullantıların azaldılmasıdır. Ötən illərdə olduğu kimi, bu il də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük verilir.
Bakı Enerji Həftəsi təkcə qlobal enerji trendlərinin müzakirə edildiyi məkan deyil, həm də enerjinin gələcəyinə birbaşa qoşulmaq və onu formalaşdırmaq üçün unikal bir platformadır. Dünyanın enerji liderləri ilə tanış olmaq, ən son texnoloji innovasiyaları kəşf etmək və regionun ən nüfuzlu tədbirində yeni biznes imkanları qazanmaq üçün Bakı Enerji Həftəsi ideal əməkdaşlıq məkanıdır. “Baku Energy Week” strateji əməkdaşlıqların qurulması, innovativ texnologiyaların tətbiqi və yeni layihələrin təşəbbüsü üçün bu il də mühüm platforma rolunu davam etdirir. 30 il ərzində bu tədbir neft-qaz sektorunda yerli və beynəlxalq tərəfdaşlıqların inkişafına, yeni texnologiyaların tətbiqinə və ölkəmizin enerji sahəsində mövqeyinin güclənməsinə əhəmiyyətli töhfə verməyi bacarıb.
Bakı Enerji Həftəsinin təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.
Bakı Enerji Həftəsi və Bakı Enerji Forumu haqqında ətraflı məlumatları daim yenilənən www.bew.az, www.bakuenergyforum.az saytlarından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
Sərginin tarixi
“Baku Energy Week” öz əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən alır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini vurğulayır. Ölkə başçısı sərgiləri ziyarət edərək iştirakçılar və ekspozisiyalar ilə tanış olur. 2025-ci ildə təşkil edilmiş Bakı Enerji Həftəsinin iştirakçılarına salamlama məktubunda Prezident İlham Əliyev bu tədbirin artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanındığını qeyd edib.
“Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb”,- deyə Prezident İlham Əliyev bildirib.
ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin iştirakçılara ünvanladığı salamlama məktubları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir. Bakı Enerji Həftəsinə əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Həftəsində yüksəkrütbəli qonaqların iştirakı gözlənilir.
Uzun illərdir ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) baş tərəfdaş qismində çıxış edir.
İştirakçılar
Bu il “Baku Energy Week”də dünyanın 44 ölkəsindən 274 şirkət iştirakını təsdiq edib. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya Bakı Enerji Həftəsində milli pavilyon ilə təmsil olunur.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.
Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında ABB, “Acwa”, “AZEL Systems LLC”, “Baku Steel Company”, bp, “ExxonMobil”, “XRG”, “Gap İnşaat”, “GL”, “Gran Tierra Energy”, “Inpex”, INTI, KPMG, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, SLB, “Umid Babek Operating Company (UBOC)”, “TotalEnergies” və “Türkiye Petrolleri AO” kimi nüfuzlu şirkətlər yer alır. Tədbirin rəsmi avtomobil sponsoru “Imotors” MMC-dir. Bundan əlavə, Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” forumun konsultativ tərəfdaşıdır.
Tədbirin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir. “PAŞA Bank” beynəlxalq maliyyə nəşri “International Investor Magazine” tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb. Bank son illərdə “Euromoney” və “Global Finance” kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, “Stevie Awards” tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.
Tərəfdaşlar arasında “Absheron Hotel Group”, “Accurate MMC” və “Bilbord.al” şirkətləri yer alır.
1, 2 və 3 iyun tarixlərində “Koroğlu” metro stansiyasından Bakı Ekspo Mərkəzinə və Bakı Ekspo Mərkəzindən, “Park Bulvar Mall”a xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəliş təmin ediləcək. Bu xidmətin sponsoru isə “Kolin İnşaat” şirkətidir.
Artıq 30 ildən çoxdur ki, Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Bu gün tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib.
“Caspian Oil and Gas” sərgisinin əhatə etdiyi mühüm bölmələrə neft və qaz yataqlarının işlənməsi, neft və qazın nəqli və hasilatı, telekommunikasiya və İT, neft və qaz emalı, enerji sektorunda tikinti-quraşdırma işləri, innovativ texnologiyalar və s. daxildir. Sərgidə süni intellekt, dekarbonizasiya, qazma sahəsi, eləcə də neft və qeyri-qaz məhsullarının istehsalı və saxlanması ilə bağlı yeniliklər də təqdim olunacaq.
“Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı və istifadəsi sahəsindəki yeniliklər və bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə Günəş enerjisi, külək enerjisi, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunacaq.