"İmtahan balını pulla artırmaq olur"  - Fırıldaqçıların  yeni metodları
03 mart 2026 15:00 (UTC +04:00)

"İmtahan balını pulla artırmaq olur" - Fırıldaqçıların yeni metodları

0

Hər il buraxılış və qəbul imtahanı ərəfəsində “bal artıranlar” ortaya çıxırlar. Onlar sosial şəbəkələrdə, xüsusən “Tiktok” platformasında imtahan nəticələrini dəyişə bildiklərini, müəyyən məbləğlər qarşılığında balları artıra bildiklərini iddia edib, müştəri toplayırlar.

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, imtahan nəticələrini heç bir halda dəyişmək olmaz:

Ramin Nurəliyev: “Müəllimlərin TikTok kimi rəqəmsal platformada aktivliyi  təhsilin keyfiyyətini yüksəldir”

“Təəssüf ki, hələ də bal artıracağını iddia edənlər və onlara inanan valideynlər var. Bəlkə də valideynlər çıxılmaz vəziyyətdə qalıb bu kimi vəd verən şəxslərə inanmaq istəyirlər. Amma birmənalı olaraq bilməlidirlər ki, balların qanunsuz formada artımı mümkün deyil. Dövlət İmtahan Mərkəzinin sistemi elə mühafizə olunub ki, ona hər hansısa xarici müdaxilənin olması mümkünsüzdür. Yaxud hansısa şəxsin, hətta mərkəzin öz əməkdaşlarının belə, imtahanda iştirak edən abituriyentin nəticələrini dəyişməsi qətiyyən mümkün deyil.

Bəzi işbazlar cəmiyyətin yumşaq üzünə, valideynlərin həssas nöqtələrinə toxunaraq abituriyentlərin ballarının artırılması istiqamətində şayiələr yayıb müəyyən kütləni aldadıb, pullarını mənimsəyirlər. İnsanları şirnikləndirmək üçün deyirlər ki, filankəs heç bir bal toplamadan filan ixtisasa qəbul oldu. Belə bir şey mümkün deyil. Valideynlər araşdırsalar bu şəxslərin xaricdən idarə olunduqlarını, gizli şəbəkələrlə fəaliyyət göstərdiklərini müəyyən edə bilərlər. Bu istiqamətdə hüquq mühafizə orqanları lazımi tədbirlər görür, əvvəlki illərdə də bir neçə şəbəkə ifşa olunub.

Övladının imtahan nəticəsini artırmaq təklif olunduqda, valideynlərin edəcəkləri ilk iş hüquq mühafizə orqanlarına yaxınlaşmaq və məsələni danışmaq olmalıdır. Valideynlər anlamalıdırlar ki, bu, bir tələdir, imtahan nəticəsinin dəyişdirilməsi mümkün deyil. Dövlətin bir neçə qurumu imtahan nəticələrinin saxlanılmasına, emalına nəzarət edir.

Hər il dəfələrlə çağırış edib, valideynləri maarifləndirməyə çalışırıq, amma təəssüf ki, yenə də bu cür dələduzlara inanırlar. Təkcə balların artırılması deyil, Ukrayna universitetlərində distant təhsilin diplomunu tanıdacaqlarını deyən adamlar, şəbəkələr də var. Bunlara inanıb, pul verdikdən sonra adlarını, ünvanlarını dəyişib, yoxa çıxırlar. Nəticədə olan yenə valideynə və abituriyentə olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar