Kabuslar xəstəlik XƏBƏRDARLIĞI  ola bilər
11 mart 2026 16:00 (UTC +04:00)

Kabuslar xəstəlik XƏBƏRDARLIĞI ola bilər

1

Tədqiqatlar göstərir ki, güclü və ya narahatedici yuxular bəzən xəstəliyin ilk fiziki əlamətləri ortaya çıxmazdan əvvəl onun inkişafı barədə siqnal verə bilər. Alimlər bildirirlər ki, yuxu zamanı beyin orqanizmdə baş verən erkən dəyişikliklərə reaksiya verə bilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, qeyri-adi və ya çox canlı gecə kabusları bəzən xəstəliyin ilkin xəbərdaredici əlaməti ola bilər.

Demək olar ki, hər bir insan zaman-zaman narahat və ya parlaq yuxular görür. Bu, xüsusilə stress və emosional gərginlik dövrlərində baş verir. Lakin bəzi hallarda belə yuxuların səbəbi başqa, orqanizmdə başlayan bioloji dəyişikliklərlə əlaqəli ola bilər.

Psixoloqlar bu cür yuxuları prodromal yuxular adlandırırlar. Hesab olunur ki, belə yuxular beyin orqanizmdən gələn zəif siqnalları hiss etməyə başladıqda yaranır. Bu siqnallar isə xəstəliyin başlanmasına işarə edə bilər.

REM fazası zamanı beyin aktiv işləyir

İnsan yuxu gördüyü zaman, yəni sürətli göz hərəkətləri mərhələsində (REM fazası) beyin orqanizmin vəziyyəti haqqında məlumatları fəal şəkildə emal edir. Boston Universitetinin Tibb Məktəbinin psixologiya professoru Patrik Maknamanın sözlərinə görə, beyin daxili orqanlardan daim siqnallar alır və fizioloji proseslərin balansını qorumaq üçün onları təhlil edir.

Əgər beyin potensial təhlükə hiss edərsə, bu vəziyyət yuxularda simvolik və ya qorxulu obrazlarla əks oluna bilər. Bu isə insanın xəstəliyin açıq simptomlarını hiss etməsindən xeyli əvvəl baş verə bilər.

Xüsusilə nevroloji xəstəliklərlə bağlı araşdırmalar bu nəzəriyyəni dəstəkləyir. 2017-ci ildə aparılmış bir tədqiqat göstərib ki, sürətli yuxu fazasında davranış pozuntusu olan insanların 73 faizi növbəti 12 il ərzində Parkinson xəstəliyi və ya demensiya diaqnozu alıb.

Digər elmi işlər də göstərir ki, qeyri-adi yuxular müxtəlif sağlamlıq problemlərindən əvvəl baş verə bilər. Bunlara mədə-bağırsaq sistemi xəstəlikləri, ağciyər problemləri, oynaq xəstəlikləri və bəzi ginekoloji problemlər daxildir.

Məsələn, 2015-ci ildə aparılan kiçik bir araşdırmada sonradan döş xərçəngi diaqnozu qoyulan qadınların 83 faizi diaqnoz qoyulmazdan əvvəl çox canlı və narahatedici yuxular gördüklərini bildirib.

2022-ci ildə aparılan başqa bir araşdırmada isə sonradan COVID-19-a yoluxmuş insanların təxminən 2900 yuxu təsviri analiz olunub. Onların bir çoxu testdən bir neçə gün əvvəl yuxularında sürfələr, ilanlar və ya dişləmə kimi obrazlar gördüklərini qeyd edib.

Professor Maknamara hesab edir ki, belə yuxularda tez-tez oxşar motivlər təkrarlanır. Məsələn, naməlum şəxslərin aqressiyası və ya təhlükə hissi. Bu isə orqanizmdə baş verən dəyişikliklərin metaforik siqnalı ola bilər.

Bununla belə, alimlər vurğulayırlar ki, bu nəzəriyyə hələ də əlavə tədqiqatlara ehtiyac duyur və hazırda tibbi diaqnostika vasitəsi kimi istifadə edilə bilməz.

Lakin gələcəkdə yuxuların analizi həkimlərə bəzi xəstəlikləri daha erkən aşkar etməyə və hətta ciddi psixoloji böhranların qarşısını almağa kömək edə bilər. Bəzi araşdırmalar göstərir ki, intihar düşüncələri olan insanlarda narahatedici yuxular bəzən cəhddən həftələr və ya aylar əvvəl ortaya çıxır.

Alimlər hesab edir ki, yuxular ilə insan sağlamlığı arasındakı əlaqəni daha yaxşı anlamaq üçün genişmiqyaslı araşdırmalar davam etdirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 330

Oxşar yazılar