Vətən müharibəsinin ağır döyüşlərindən keçən, Füzuli, Xocavənd, Kəlbəcər və Şuşa istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetirən polis polkovniki Nurlan Məmmədov həmin günlərin canlı şahididir. “Qarabağ” ordenli zabit bu gün Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində xidmətini davam etdirir.
Lent.az Daxili Qoşunların hərbçisi kimi Vətən müharibəsində və antiterror tədbirlərində iştirak etmiş Nurlan Məmmədovla döyüş meydanında yaşananlardan, tarixi Qələbəmizdən danışıb.
- Cənab polkovnik, 27 sentyabr 2020-ci il səhərini necə xatırlayırsınız?
27 sentyabr 2020-ci il mənim yaddaşımda həyatımın ən məsuliyyətli və şərəfli günlərindən biri kimi qalıb. Həmin gün adi bir gün deyildi. Azərbaycan xalqının uzun illər torpaq həsrətinin sona çatması, işğal altında olan ərazilərimizin azadlığı idi.
Müharibənin başlandığını öyrəndiyimiz andan etibarən hər birimiz üzərimizə düşən vəzifənin nə qədər böyük olduğunu dərk edirdik. Həmin an şəxsi hisslərdən daha çox hərbi qulluqçu məsuliyyəti, verilən tapşırığın yerinə yetirilməsi iradəsi və Vətən qarşısında borcumuz ön planda dururdu.
- İlk döyüş tapşırığınızı hansı istiqamətdə yerinə yetirdiniz? Sizə verilən əsas döyüş tapşırıqları nədən ibarət idi?
İlk döyüş tapşırığı Füzuli şəhərinin azad olunması istiqamətində olub. Çünki həmin andan etibarən hərbi hazırlıq, nizam-intizam, nəzəri bilik və illərlə qazanılmış təcrübə real döyüş şəraitində sınağa çəkilir. Mənim üçün də əsas məsələ verilən tapşırığı düzgün qiymətləndirmək, şəxsi heyətin idarə olunmasını təmin etmək, komandir göstərişlərini dəqiq yerinə yetirmək və qarşıya qoyulmuş məqsədə nail olmaq idi.
Döyüş şəraitində hər bir qərarın məsuliyyəti böyükdür. Komandir yalnız öz hərəkətlərinə deyil, tabeliyində olan şəxsi heyətin təhlükəsizliyinə, mənəvi-psixoloji vəziyyətinə və tapşırığın icrasına görə də məsuliyyət daşıyır.
- Döyüş yolunuz haradan keçib, hansı rayon və yaşayış məntəqələrinin azad olunmasında iştirak etmisiniz?
Vətən müharibəsi zamanı iştirak etdiyimiz döyüş yolları Füzuli-Xocavənd-Kəlbəcər və Şuşa şəhərinin azad olunması istiqamətləri olub. Mən deyərdim ki hər bir istiqamətin, hər bir yaşayış məntəqəsinin arxasında Azərbaycanın tarixi, xalqımızın uzun illər davam edən torpaq həsrəti dayanırdı. Bu müharibədə hərbi qulluqçuların hər biri ümumi Qələbəyə öz töhfəsini verdi. Kimisi ön xətdə döyüşdü, kimisi şəxsi heyətin idarə olunmasında, kimisi isə digər zəruri vəzifələrin icrasında iştirak etdi. Bütün bu fəaliyyətlərin ortaq məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Mənim üçün ən böyük qürur hissi ondan ibarətdir ki, Vətənimizin azadlığı uğrunda mübarizədə iştirak etmək və bu tarixi missiyanın bir parçası olmaq ən böyük naliyyətdir.
- Azad edilmiş əraziyə ilk dəfə daxil olduğunuz an hansı hissləri keçirdiniz?
Azad edilmiş torpağa ilk dəfə daxil olmağın hisslərini sözlə tam ifadə etmək çox çətindir. Bu, adi bir əraziyə daxil olmaq deyildi. Düşünürsən ki, bu gün burada olmağımızın arxasında şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin iradəsi, xalqımızın birliyi var.
Azad edilmiş ərazilərə daxil olarkən insan Vətənin nə demək olduğunu daha dərindən anlayır. Vətən yalnız doğulduğun yer, yaşadığın ev və ya böyüdüyün şəhər deyil. Vətən həm də uğrunda məsuliyyət daşıdığın, qorumağa borclu olduğun və gələcək nəsillərə bütöv şəkildə təhvil verməli olduğun müqəddəs dəyərdir.
- 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərində də iştirak etmisiz?
Bəli.
- Bu tədbirlərdə qarşınıza hansı vəzifələr qoyulmuşdu? Ümumiyyətlə, antiterror tədbirləri 44 günlük Vətən müharibəsindən nə ilə fərqlənirdi?
2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində mühüm tarixi hadisə idi. Mən də həmin tədbirlərdə üzərimə düşən vəzifələrin icrasında iştirak etmişəm. Qarşımıza qoyulan əsas məqsəd verilmiş tapşırıqları müəyyən olunmuş qaydada yerinə yetirməsi idi.
44 günlük Vətən müharibəsi ilə 2023-cü ilin antiterror tədbirləri arasında həm məqsəd, həm də şərait baxımından fərqlər var idi. Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan genişmiqyaslı müharibə idi. Antiterror tədbirləri isə Qarabağda qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və Azərbaycanın suverenliyinin tam bərpasına yönəlmiş qısamüddətli tədbirlər idi.
- İllər sonra döyüşdüyünüz yerlərə gedəndə, həmin torpaqlara yenidən ayaq basanda hansı hissləri keçirirsiz?
İllər sonra döyüşdüyün torpaqlara qayıtmaq insan üçün tamam fərqli hisslər yaradır. Müharibə dövründə həmin əraziləri döyüş şəraitində, böyük gərginlik və məsuliyyət altında görürsən. Sonradan isə orada sülhün və həyatın qayıtmasını görmək başqa bir mənəvi duyğudur.
Belə anlarda insan həm qürur duyur, həm də düşünür. O torpaqlarda çiyin-çiyinə döyüşdüyün silahdaşlarını, həyatını itirən igidləri xatırlayırsan. Onların bir çoxunun arzusu azad edilmiş Azərbaycan torpaqlarını görmək idi.
Bu səbəbdən həmin yerlərə qayıdış mənim üçün yalnız keçmişi xatırlamaq deyil, həm də şəhidlərimizin xatirəsi qarşısında mənəvi məsuliyyət hiss etməkdir.
- Cənab polkovnik, Daxili Qoşunların hərbi qulluqçusu kimi Vətən uğrunda döyüşmüsünüz, bu gün isə dövlətə polis formasında xidmət edirsiniz. Sizin üçün Vətəni döyüş meydanında qorumaqla ona polis kimi xidmət etmək arasında hansı mənəvi bağlılıq var?
Mənim üçün bu iki xidmət mərhələsi arasında heç bir ziddiyyət yoxdur. Əksinə, onlar eyni vətəndaşlıq borcunun və dövlətə sədaqətin müxtəlif formalarda davam etməsidir.
Daxili Qoşunların hərbi qulluqçusu kimi Vətənin ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda döyüşmək mənim həyatımın ən məsuliyyətli mərhələlərindən biri olub. Bu gün polis formasında xidmət etmək isə dövlətin qanunlarını, vətəndaşların hüquq və azadlıqlarını, eləcə də ictimai asayişi və təhlükəsizliyi qorumaq deməkdir.
Mən hesab edirəm ki, əsl xidmət yalnız çətin anlarda göstərilən fədakarlıqla deyil. Əsl xidmət vəzifəsindən aslı olmayaraq vətəninə vicdanla və məsuliyyətlə yanaşmasından ibarətdir.



