Tez-tez “dünən kolbasa aldım, bu gün içindən qurd çıxdı”, “kahının içində böcək var”, “filan restoranda yeməklər dadsızdır”, “bahadır, amma keyfiyyətsizdir” başlıqlı videolarla rastlaşırıq. İnsanların heç bir araşdırma etmədən hadisəni anındaca paylaşması adi hala çevirilib. Maraqlısı budur ki, qarşı tərəf şikayətləri nə təkzib və də təsdiq edir.
Bəs görəsən, bu isti aylarda qidalar, xüsusən kolbasalar otaq şəraitində 1 gün saxlanılanda qurdlaya bilərmi? Nəyi, necə mühafizə edək?
Qida eksperti Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, istənilən riskli məhsulu isti və ya rütubətli yerdə saxladıqda ona qurd düşməsi normal haldır:
“Riskli məhsullar (süd məhsulları, toyuq əti, balıq əti, iribuynuzlu, xırdabuynuzlu heyvan və quş ətləri) minimum 0, maksimum 6 dərəcəyədək temperaturda saxlanılmalıdır. Soyuducunun qapağının açılıb-bağlandığını da nəzərə alsaq, bu temperatur ortalama 2-4 dərəcə olmalıdır. Amma bu, o demək deyil ki, kolbasanı otaq şəraitində saxlaya bilərik.
İstehlakçı qida mühəndisi, texnoloq, qida ilə birbaşa işləyən şəxs, aşpaz yaxud şef deyil. Onlar bilmədən bu kimi məhsulları otaq şəraitində saxlayırlar. Fikirləşirlər ki, qurdlamaz. Amma elə deyil. Saxlama qaydasına əməl edilməyəndə əlbəttə ki, qurdlayacaq. Kolbasaların tərkibi ət, yağ və ədviyyatlardan ibarətdir. Yağlılıq olduğu üçün rütubətli və isti mühitdə məhsulda bakteriyalar yaranır, nəticədə yeyilməz hala düşür. Nəzərə almaq lazımdır ki, yay fəslində bakteriyalar tüğyan edir.
İstər kolbasa, istər şokolad, istər konfet, istərsə də tortlar və digər qidalar nəmişlikdə qalanda mikrobioloji çirklənmə bakteriyaların sayını artırıb, qurd salır.
Ədviyyatlara da qurd düşür
Rütubətli şərait təkcə emal olunmuş məhsulları korlamır, hətta bu zaman xam olan ədviyyatlara da qurd düşə bilir. Bakteriyaların çoxalması üçün istilik, nəmişlik və vaxt əlverişli mühit formalaşdırır”.
A.Salamov qida biliyi olmadan öz səhvi ucbatından hansısa məhsuldan qurd, həşərat və s. çıxdığını əks etdirən görüntüləri yayanlar barədə də danışıb:
“Bu gün qida biliyi olmadan hamı hər şeyi çəkib paylaşır. Gedib oturur filan yerdə, paylaşır ki, kahıdan qurd çıxdı. Sözsüz, o qurdun çıxması normal deyil, bu fiziki və mikrobioloji çirklənmədir. Qida haqqında, onun saxlanılması barədə biliyi olmayanlar tiktokerlərin, “bloger”lərin sayı günü-gündən artır. Paylaşırlar ki, kolbasadan qurd çıxdı, filan restorana getdim, yeməyi bəyənmədim və s.
Menecment, maliyyə, qida təhlükəsizliyi barədə təhsili olmayan bikar adamlar ucuz reklam üçün belə yollara əl atırlar.
Ümumiyyətlə bu insanlar barədə məlumatlar araşdırılmalıdır. Əgər onların qida barədə bilikləri yoxdursa və əsassız şikayətlər səsləndirirlərsə, həmin istehsalçı şirkət onları məhkəməyə verib, təzminat almalıdır. Qida haqqında anlayışı olmayan insan niyə çıxıb qidadan danışmalıdır? İstehlakçı hüququ var, o, nə gördüsə, çəkib paylaşır. Amma öz səhvini də görmək lazımdır. Məsuliyyətsizliyi sənayenin üzərinə atmaq düzgün deyil.
Bu kimi halları ictimailəşdirmədən öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermək lazımdır. Bundan sonra agentlik araşdırma aparıb, həmin sənayedə çirklənmə olub-olmadığı barədə dəqiq rəy verəcək. Qida ilə işləyən adamlar yalnız rəy verə bilər”,-deyə ekspert fikrini yekunlaşdırıb.