CİNAYƏT İŞİ
Qısa arayış...
2022-ci il noyabrın 29-da Bakıda 3 nəfər qətlə yetirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hadisə yerinə yollanması zamanı məlum olur ki, cinayət Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsində yerləşən fərdi evdə baş verib. Həyətdə ev sahibi Elburus Muradovun meyiti aşkar edilib. Evin yataq otağında yerdə ağır xəsarətlər almış Şahirə Muradova və oğlu Rahil Muradov aşkar ediliblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım briqadası onları xəstəxanaya aparıb.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizaların rəylərinə görə, 1939-cu il təvəllüdlü Elburus Muradovun, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın və 1971-ci il təvəllüdlü Rahil Muradovun ölümlərinə beyin toxumalarına geniş qansızmalar səbəb olub.
Dəhşətli qətllə əlaqədar cinayətin baş verdiyi küçədəki təhlükəsizlik kamerasına saat 18-21 radələrində, yəni hadisənin baş verdiyi ehtimal edilən vaxt intervalında baxış keçirilib. Nəticədə əynində hərbi buşlatlı, başında üzünü gizlətmək üçün istifadə etdiyi papaq, çiynində çanta olan naməlum şəxsin Elburus Muradovun evi istiqamətində hərəkət etməsi, müşahidə kameralarını görəndə ya əli ilə, yaxud başındakı papağı aşağı çəkməklə üzünü gizlətməsi, qarşılaşdığı iki nəfərin həmin şəxsin hərəkətlərindən şübhələnərək, çevrilib onun arxasınca baxmaları əks olunub.
Məlum olub ki, sözügedən ağır cinayətdən 20 gün əvvəl, yəni noyabrın 9-da naməlum şəxs və ya şəxslər Elburus Muradovun evinə daxil olaraq, oğurluq ediblər. Bununla əlaqədar zərərçəkən ərizə ilə 2-ci Polis Şöbəsinə müraciət edib. Amma cinayət bağlı qalıb. İstintaq-əməliyyat qrupu ehtimal edib ki, hər iki hadisəni törədən şəxs və ya şəxslər eyni adamlardır.
Dekabrın 1-də 2-ci PŞ-nə dəvət olunan 1976-cı il təvəllüdlü Nofəl Səfərov şübhəli şəxs qismində saxlanılıb.
Vətəndaş Kənan Ağayev ona təqdim edilən şəxslərin arasında Nofəl Səfərovu tanıyaraq, noyabrın 29-da Buzovna qəsəbəsində, dostu Musa Soltanovla birlikdə onu gördüklərini, həmin şəxsin əli ilə üzünü gizlətməyə çalışdığını bildirib.
Lent.az amansızlıqla törədilən qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, noyabrın 29-da Nofəl Səfərov ədavətli münasibətlərdə olduğu keçmiş qaynanası, eyni zamanda xalası Şahirə Muradovaya məxsus qızıl-zinət məmulatları va pul vəsaitini ələ keçirmək istəyib. Bunun üçün bıçaq, taxta dəyənək və bir cüt əlcəyi çantaya qoyaraq, sifariş etdiyi taksi ilə Buzovna qəsəbəsinə gedib. Üzünü gizlətməkdən ötrü qara rəngli idman papağında bıçaqla göz yerləri açıb və onu başına qoyub. Magistral yolun kənarında, “Kia Rio” markalı avtomobildən düşüb əlcəkləri geyinib. Xalasının evinə çataraq, darvazanı döyüb. Papağı aşağı çəkib. Qapını açan keçmiş qayınatası Elburus Muradovun başına əlindəki taxta dəyənəklə və bıçaqla zərbələr vurub.
Elburus Muradovun meyiti
Bundan sonra evə daxil olaraq, işıq yanmayan yataq otağında, yerdə uzanıqlı, köməksiz vəziyyətdə olan Şahirə Muradovanın, həmçinin onun ruhi xəstəlikdən əziyyət çəkən oğlu Rahil Muradovun başlarına müstəsna dərəcədə qəddarlıqla əlindəki alətlərlə çoxsaylı xəsarətlər yetirib. Evi tərk edərkən, qapını açıb həyətə daxil olan 1997-ci il təvəllüdlü Elburus Ağalarova da dəyənəklə, həmçinin bıçaqla zərbələr endirərək hadisə yerindən qaçıb. Aldıqları xəsarətlər nəticəsində Elburus Muradov hadisə yerində, Sabunçu Tibbi Mərkəzinə yerləşdirilmiş Rahil Muradov həmin gün, Şahirə Muradova isə dekabrın 1-də dünyalarını dəyişiblər.
İş üzrə dindirilmiş Nofəl Səfərov bildirib ki, Füzuli rayonu. Qərbənd kəndində qeydiyyatda olmaqla Bakı şəhərində, Suraxanı rayonunun Hövsan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. İcarə əsasında işlətdiyi dükanda, qəssablıq fəaliyyəti ilə məşğul olub:
“1998-ci ildə xalam qızı Təranə Muradova ilə ailə həyatı qurmuşuq, nikahdan 3 oğlum dünyaya gəlib. Həyat yoldaşım orta məktəbdə müəllimə işləyir. Evləndikdən 4-5 il sonra ailədaxili problemlər yaranıb. Buna xalam Şahirənin daim məni təhqir etməsi səbəb olmuşdu. Buna görə xalamı döymüşəm. Qadın məndən polisə şikayət edib və nəticədə məhkəmənin hökmü ilə 1 il şərti cəza almışam. Arvadım anasının təzyiqi ilə məndən boşandı. 4-5 aydan sonra yoldaşımla barışıb birlikdə yaşamağa davam etsək də, onun valideynlərini danışdırmırdım.
Nofəl Səfərov
Noyabrın 29-da günorta dükanda araq içəndə, əvvəllər xalamgillə baş verən söz-söhbətlər yadıma düşdü. Heyvan kəsimində istifadə etdiyim bıçağı və qəssabxanada olan taxta dəyənəyi çantaya qoyub dükanı bağladım. Buzovna qəsəbəsinə çatıb darvazanı döydüm. Heçnə soruşmadan qapını açan Elburus Muradovun başına dəyənəklə zərbə vurdum. O, arxaya getdi və səndələyərək, yerə yıxıldı. Yaxınlaşıb başına bir neçə dəfə də zərbələr endirdim. Onun hərəkətsiz vəziyyətdə qaldığını görüb evə girdim. Yataq otağında işıq yanmırdı. Xalam oğlu Rahillə yerdə atılmış döşəklərin üzərində uzanmışdılar və üstlərini yorğanla örtmüşdülər. Hər ikisinin başlarına var gücümlə ardıcıl zərbələr vurdum. Həmin otaqda olan sandığın qıfılını sındırıb açdım, lakin içərisində pul və qızıl əşyalar olmadığını gördüm. Digər otaqlarda axtarış aparsam da, heç nə tapmadım.
Baldızımın oğlu Elbrus darvazadan içəri girdi və yerdə uzanmış babasının meyitini gördü. Fürsətdən istifadə edərək, ona yaxınlaşdım və başına zərbə endirdim. Daha sonra məhllələrin arası ilə qaçıb magistral yola çıxdım. Taksi ilə Hövsana, yaşadığım evə qayıtdım. Oğlum İdris zəng edərək, xalasıgildə hadisə baş verdiyini və mənim də ora gəlməyimi dedi. Dekabrın 1-də məni polis şöbəsinə dəvət etdilər. Sorğu-sual olunarkən törətdiyim cinayət əməlini daha gizlətməyin faydası olmadığını görüb, hər şeyi etiraf etdim”.
Məhkəmə iclasında Nofəl Səfərov ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, baş verən hadisə barədə məlumatı olmayıb. Oğlu ona zəng etdikdən sonra atası və dayısı ilə birlikdə hadisə yerinə gedib. Orda olarkən Elburus Muradovun öldüyünü, digər şəxslərin xəstəxanaya aparıldıqlarını öyrənib.
Zərərçəkmiş Elburus Ağalarov ifadəsində göstərib ki, darvazadan içəri girib babasının yerdə uzandığını görüb:
Elburus Ağalarov
“Elə bu an yan tərəfdən hansısa alətlə başıma, ayağa qalxmağa çalışanda isə boynuma zərbələr endirildi. Vurulduğum anda huşumu itirdim, hər şeyi bulanıq şəkildə görürdüm. Evə daxil olub nənəmin və dayımın başından qan axdığını, onların çətin nəfəs aldıqlarını gördüm. Qonşuları köməyə çağırdım, atama zəng edib xəbər verdim”.
Rahil Muradovun meyiti
Zərərçəkmiş Nofəl Səfərovdan şikayətçi olduğunu bildirib.
Şahid Ülvi Cabbarov bildirib ki, taksi fəaliyyəti ilə məşğuldur:
“Noyabrın 29-da Hövsanda əyləşən müştəridən, qəssab olub-olmadığını soruşanda Nofəl Səfərov onu kiminləsə səhv saldığımı söylədi. Amma mən dəqiq Səfərovu qəssablıq edərkən görmüşdüm, hətta bir-birimizə salam vermişik. Həmin vaxt onun əlində çanta, əynində uzun gödəkçə, başında isə papaq vardı. Buzovnaya az qalmış müştəri maşını saxlamağımı dedi və mənə 10 manat verdi”.
Prokuror və zərərçəkmiş şəxslərin hüquqi varisi Yeganə Muradova Nofəl Səfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyiblər.
Məhkəmə qənaətə gəlib ki, Səfərova qanunla müəyyən edilmiş qaydada Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.7-ci, 120.2.9-cu, 120.2.11-ci (xüsusi amansızlıqla, quldurluqla əlaqədar, köməksiz vəziyyətdə olan iki və ya daha çox şəxsi qəsdən öldürmə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələrinin sanksiyası həddində cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nofəl Səfərov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb.