Kimsəsiz şəhidin ən böyük arzusu nə idi? – Səbuhinin bacı-qardaşı Lent.az-a danışdı
23 sentyabr 2022 20:15 (UTC +04:00)

Kimsəsiz şəhidin ən böyük arzusu nə idi? – Səbuhinin bacı-qardaşı Lent.az-a danışdı

Ziyarətimiz II Fəxri Xiyaban, şəhid Səbuhinin məzarınadı...

Hamının kimsəsiz kimi tanıdığı Səbuhinin SOS uşaq kəndindən olan bacı, qardaşlarını gözləyirik. 

Onlar gələnə qədər...

Hər yer bayraqdı, hər yer bizə baxan şəhid məzarlarıdı... Çoxlu gənc analar diqqətimizi çəkir...

Azyaşlı balaları ilə demək olar ki, bütün şəhid məzarlarına yaxınlaşıb, onlara həmin şəhidlər haqqında məlumat verirdilər...

Bütünlükdə böyük bir kədərlə məzarlığı gəzirik, tək-tək hamısının adlarını oxuyuruq. Adlarını tam xatırlamasaq da, simaları çox tanışdı...

Məzarların üzərini təmizləyən gənc oğlan maraqlı gəldi. Ona yaxınlaşdıq və burda işlədiyi haqqında soruşduq. Könüllüymüş. Bir az titrəyən səsi ilə mənimlə danışmağa başlayır...

Həmin gənc- İsmayıl Həsənəliyev

- Mən könüllüyəm. Bilirsiniz, Polad Həşimovun dəfnində bir video var idi. Deyilirdi ki, şəhid kasıbın şəhididi. Həmin videodakı gözləri yaşıl və çəp olan mənəm. O görüntülərdən sonra bir həkim məni tapıb pulsuz gözlərimi əməliyyat etdi. İndi görürsüz necə qəşəngdi. 

Səbuhi ilə birlikdə SOS uşaq kəndində böyüyən bacı və qardaşları hələ yoldadı...

Biz də söhbətimizi gözləri yaşıl, ürəyi böyük olan İsmayılla davam etdiririk. O qəbirlərin üstündəki şəhidi kimi solan gülləri təmizləyir. Ona kömək etmək istəyirik. Birinci etiraz etdi, sonradan isə mənə izah edir:

- Solan gülləri götürmək, yeniləri isə saxlamaq lazımdır ki, məzarın üstünü təmizləyib yerinə qoyaq. Bilirsiz, bunu niyə edirəm? Çünki qoy məzar daşlarını gətirib qoyanda əziyyət çəkməsinlər. Həm şəhidlərin üzəri nəmlənməsin. 

İsmayıl hər gün Sumqayıtdan Şəhidlər Xiyabanına könüllü işləmək üçün gəlir. 

- Mənim qardaşım da hərbçidi. Evimizin hər yerini şəhid şəkilləri düzmüşəm. Özüm də internatda oxumuşam. Hamı mənə deyir İsmayıl, nə əziyyət çəkirsən hər gün. Deyirəm bu əziyyət mənim üçün xoşdu.  

İsmayıl solan qərənfilləri aparır zibil qabına atmağa. Budur gözlədiklərimiz gəlir.

Ağa, Aytən, Əli və Xədicə...

Xədicə danışır. SOS uşaqlarının ən böyük bacısı...

- Səbuhini gülər üz uşaq kimi xatırlayıram. Çox sakit, mehriban, hamı ilə gülüb danışan uşaq idi. Mənim bioloji bacım da SOS uşaq kəndində böyüyüb. Səbuhi mənim qonşum olub. Bütün evlərdə 7 nəfər var idi. Tək bizim evimizdə 9 nəfər idik. Çünki biz hamımız ora bacı və qardaşımızla qoyulmuşduq. Tək Kamal və Günay tək idi. Onların heç kimi yox idi. Körpələr evindən gətirilmişdilər. Kamal indi evlənib, uşağı da var. Özü də aşpaz işləyir. Mən də satış meneceriyəm. Evləndim, bir qızım var. Amma həyat yoldaşım rəhmətə gedib. 

Xədicə

Aytən danışır...

- Səbuhi məndən balaca idi. Daha çox mənim qardaşlarımla – Ağa ilə, Əlilə oynayırdı. Xədicə və mən böyük idik. Onların böyük bacıları. Ağa və Səbuhigilin evində onların bacıları var idi Gülnar. Gülnarla daha çox vaxt keçirirdim. Bizim hamımızın orda ailəsi var idi. Anamız və bacı qardaşlarımızla bir evdə ən çox 7 nəfər olmaqla bərabər yaşayırdıq. Ağa, Səbuhi, Sənan, Aygün, Gülnar, Hacı, Məhəmməd, Sevil... 

Aytən

Səbuhi ilə eyni otağı bölüşən Ağa danışır... 

- Səbuhi ilə eyni evdə böyümüşük. Mən SOS uşaq kəndinə 2004-cü ildə gətirilmişəm. Səbuhigil məndən qabaq orda olublar. Onunla eyni otaqda qalıb, eyni məktəbə getmişik. Çox həyat sevən uşaq idi. Uşaqlığından yaşadığı travmalar onun işığını söndürə bilməmişdi. Əksinə, daha da güclü etmişdi. O, adi uşaqlar kimi düşünmürdü, daha geniş, daha fərqli düşünürdü.

Burda da gülən Səbuhidi

Məktəbdə də ən sevdiyim fənn tarix idi. Belə oxuyan uşaq deyildi, amma tarix fənninə marağı olub. 9-ci sinifdən sonra imtahan verdi. Bakı Qida Sənayesi kollecinə daxil oldu. Və orda 3 il oxudu. Daha sonra isə hərbi xidmətə yollandı. Bir il altı aydan sonra qayıtdı, amma yenə getmək istəyirdi. Və getdi.

Ağa

SOS-da böyüyən uşaqların hardasa yetmiş faizinin valideynləri rəhmətə getmiş olur. Səbuhinin anasının özünü yandırması ilə bağlı xəbərlər çıxmışdı. Amma mən bildiyim qədəri ilə elə şey olmayıb. Səbuhi uşaq olanda ata və anası rəhmətə gedib. O, bizə belə danışardı. Heç uşaq vaxtı qohumlar da gəlmirdi Sənanla Səbuhinin yanına. Amma indi eşidirəm qohumları çıxıb. 

Ağa deyir ki, insanlara gərək sağlığında qiymət verəsən...

- Bizlərə sağlığımızda qayğı lazımdı. Qayğı deyəndə maddi baxımdan demirəm, mənəvi olaraq. Orda istənilən uşaqdan gəlib ürəkdən soruşsan ki, necəsən? Bu ona bəs edər. Bizim bax bu yanımda gördüyünüz bacı qardaşlarımızdan başqa heç kimimiz yoxdu. Bilirəm ki, Səbuhi həmişə var olacaq. 

Səbuhi hamımızı sahiblənirdi...

- Səbuhi sahiblənməyi sevir. Bütün evlərdə olar, hansısa uşaq qab qırar və ana ona əsəbiləşər. Bizdə elə şeylər olanda Səbuhi özünü qabağa verirdi. 

Ağa özü də səs rejissorudur...

- Biz Səbuhi ilə Xətaidə 27 nömrəli məktəbdə oxumuşuq. Bizim orda SOS uşaq kəndində olmayan sinif yoldaşımız var idi Sara Pənahova... Tək o etibarlı çıxdı və bizimlə həmişə maraqlandı. Səbuhinin dəfnində də iştirak etdi.

Səbuhinin uşaqlıq sevgisi...

- Səbuhi uşaqlıqda SOS uşaq kəndindən olan bir qızı sevirdi. Səbuhi sevəndə elə sevirdi ki... Qarşı tərəfin sevgisinə ehtiyac qalmırdı. Axı yaxınlarından, doğmalarından uzaq böyümüşdü... Valideyn qayğısı görməyən uşaqlar idik. Birini sevəndə möhkəm sarılırdıq. 

Hazırda həmin qız indi evlidi və çox peşmandı. Səbuhinin məzarı üstünə də gəlib. 

Səbuhinin ən böyük arzusu – ailə olmaq... 

- O, uşaqlığında, gəncliyində yaşamadığı ailə birliyini özü evlənərək yaşamaq istəyirdi. Bizdə də belə bir deyim var axı nəyi çox arzulasan olmur. Olmadı, Səbuhi... Bu gün hər kəs onu ziyarət edir, sevir. Amma onun yarımçıq qalan arzuları var...

Ağanın peşmanlığı...

- Mən çox peşmanam. Səbuhi şəhid olmamışdan qabaq hospitaldaydı. Qolu sarıqda mənə şəkil atmışdı. İndi də o şəkil Səbuhinin profilində qalıb. Mən həmin vaxt rayonda çəkilişdəydim deyə onu gedib görə bilmədi. Və bu mənim peşmanlığımdı. 

Səbuhinin sentyabrın 1-i paylaşdığı son şəkil...

Elə ondan sonra da sağalıb hərbiyə qayıdıb. Və Kəlbəcərdə şəhid oldu. Şəhid, gizir Səbuhi Fuad oğlu Əhmədov...

- Biz çox insan itirmişik. Ata, ana, bacı. Amma Səbuhini itirməyimiz daha ağır oldu. Səbuhi uşaq vaxtı deyirdi ki, böyüyəndə çox geniş bir ev alacam və sizin hamınızı ora yığacam. 

Aytən də düşüncələrdən ayılıb söhbətə qoşulur... Səbuhinin məzarına baxaraq.

- Səbuhi dovşan diş idi. Onu ən çox kənddə o baş bu başa dovşan dişlərini göstərə-göstərə qaçan uşaq kimi xatırlayıram.

Ən içdən gülən Səbuhidi...

Səbuhi qardaşı Sənanla bir-birilərinə çox bağlı idilər. Amma ən çox əziyyət çəkən Səbuhi idi. Sənan yaxşı nəsə edəndə onu heç vaxt göstərmirdi. İstəməzdi kimsə onun nə etdiyini bilsin.

Əli də Səbuhi ilə birlikdə böyüyüb. Hətta o Səbuhini ilk tanıyanlardandı. Amma duyğularını bölüşmək istəmədi. Sadəcə bizimlə oldu. 

Səbuhinin məzarını ziyarət etdik, onunla bərabər böyüyən uşaqlar qəbrin üzərində bir az kədərli, bir az da gülüş dolu xatirələri yada saldıq. Bəlkə də o da bizi dinlədi, bütün xatirələrini torpaq altından bizlərə eşitdirməyə çalışdı. 

Tək biz yox, həmin gün Səbuhini ziyarət edən yüzlərlə adam var idi.

Amma sözdə yox bütün varlıqları ilə əsl bacı-qardaş olanların üzüntüləri çox dərin və çox fərqli idi. Onlar bir-birlərinə elə içdən “bacı, qardaş” deyirdilər ki... İndiyə kimi, belə səmimi müraciət görməmişdim. Çox, həm də çox təsirli idi... 

FOTO: Orxan Kerimsson

# 20460
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Azərbaycanda COVID-19-a daha neçə nəfər yoluxub?

Azərbaycanda COVID-19-a daha neçə nəfər yoluxub?

27 noyabr 2022 , 17:48
Qadınların  10 yaşlı oğlanlarla   evləndiyi tayfa

Qadınların 10 yaşlı oğlanlarla evləndiyi tayfa

27 noyabr 2022 , 14:53
Sabah bu insanlar üçün problem yarana bilər

Sabah bu insanlar üçün problem yarana bilər

27 noyabr 2022 , 14:24
Sabah bu rayonlarda qar yağacaq - PROQNOZ

Sabah bu rayonlarda qar yağacaq - PROQNOZ

27 noyabr 2022 , 12:47
Azərbaycanın bu ərazisinə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanın bu ərazisinə qar yağıb - FAKTİKİ HAVA

27 noyabr 2022 , 11:10
Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07