Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasını təklif edir
05 avqust 2013 18:24 (UTC +04:00)

Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasını təklif edir

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa orta məktəblərdə dərslərin sentyabrın 1-də başlanması təşəbbüsü ilə çıxış edib. Lent.az-ın məlumatına görə, "1 sentyabrdan hamı məktəbə!" başlığı ilə açıqlanan təşəbbüsdə F. Mustafa Azərbaycanda təhsilin vəziyyəti hər bir vətəndaşımızı düşündürməli olduğunu və buna yalnız bir nazirliyin işi kimi baxmağı doğru saymayıb: "Çünki həm şagird, həm tələbə, həm müəllim, həm də valideyn olaraq hamımız bu proseslə bağlı olduğumuza görə, bu sektorda baş verən pozitiv və neqativ dəyişikliklər hamımızı düşündürməli, işin faydasına olan hər bir təklifimizi səsləndirməkdən çəkinməməliyik. Bu sahədə atılacaq ən vacib addımlardan biri və bəlkə də birincisi cəsarətli qərar qəbul edib bütün məktəbəqədər təhsil müəssisələrində, orta və orta ixtisas məktəblərində, ali məktəblərdə dərslərə sentyabr ayının 1-də başlamaqdır”.

 

 

Millət vəkili təhsil proqramını mənimsəmə vaxtının qısa olmasının təhsilin keyfiyyətinə ciddi təsir göstərən amillərdən biri hesab edir: “Bunu bir vaxtlar havaların istiliyi ilə əlaqələndirirdilər, halbuki istilik bəhanədirsə, o zaman bütün qəbul imtahanlarının yay aylarında keçirilməsi qadağan olunmalı, yalnız yazda və ya payızda keçirilməsi nəzərdə tutulmalıdır. İlin əvvəlindən 15 gün itirilməsi proqram tərtibində də xeyli çətinliklər yaradır. Üstəlik, bu il prezident seçkilərində seçki məntəqələrinin əksəriyyətinin təhsil müəssisələrində yerləşdirilməsi, dairə və məntəqə seçki komissiyalarının üzvlərinin əhəmiyyətli hissəsinin müəllimlər olması dərs keyfiyyətinə də təsirsiz ötüşməyəcək. Bir reallıq da var ki, may ayının son 15 günü orta məktəblərdə faktiki olaraq dərslər intensiv keçirilmir".

# 1403
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar