Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Azərbaycanın Çinin böyük və etibarlı dostu olduğunu vurğulayan Çao Cianminq ölkəmizin regionda mövqelərinin daha da güclənməsində maraqlı olduqlarını deyib. Qonaq Azərbaycanla Çinin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək vermələrinin önəmini qeyd edib. O, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası çərçivəsində ölkələrimizin hüquq- mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq etdiklərini bildirib.
Prezident bu gün həmçinin İsveçrə Konfederasiyasının federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder-Ammanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.