Braziliyada xəstələrin saatlarla növbə gözləməsi ilə bağlı şikayətlərdən sonra xəstəxanaya qəfil yoxlamaya gedən meriya rəhbəri iki həkimi qapalı otaqda yaxalayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə noyabrın 4-də Pernambuku ştatının Barreyros şəhərində baş verib.
Şəhər rəhbəri Karlinyos da Pedreyra xəstəxananın təcili yardım şöbəsində xəstələrin gözlədiyini görərək həkimlərin olduğu bölməyə keçib. O, qapısı bağlı istirahət otağında biri qadın, digəri kişi olmaqla iki həkimlə qarşılaşıb.
Meriya rəhbəri həkimləri növbə zamanı intim münasibətdə olmaqda ittiham edib. O bildirib ki, həmin gecə üç həkim növbədə olsa da, yalnız biri xəstələrə xidmət göstərib.
Hadisə kameraya çəkilib. Meriya rəhbəri həkimlərin xəstəxanadan uzaqlaşdırılmasını tələb edib və polis çağırılmasını istəyib.
Bundan sonra bələdiyyə xəstəxananı idarə edən təşkilatla müqaviləyə xitam verib. Yeni tender başa çatanadək xəstəxananın idarəçiliyini birbaşa bələdiyyə həyata keçirəcək.
Pernambuku Regional Tibb Şurası isə həkimlərin ictimaiyyət qarşısında ittiham olunmasına etiraz edib. Qurum bildirib ki, mümkün qanun pozuntuları həkimlərin müdafiə hüququ təmin edilməklə qanuni qaydada araşdırılmalıdır.