Evliliyin gözlənilməz  FAYDALARI:   Vaxtından əvvəl ölümdən qoruyur
06 iyun 2023 09:09 (UTC +04:00)

Evliliyin gözlənilməz FAYDALARI: Vaxtından əvvəl ölümdən qoruyur

Ailə həyatı erkən ölümdən qoruyur və bu təsir xüsusilə evli kişilərdə özünü göstərir. Evli insanların vaxtından əvvəl ölüm riski subaylara nisbətən 15 faiz azdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu nəticə Şərqi Asiyanın - Yaponiya, Cənubi Koreya, Sinqapur və Tayvanın tibbi tədqiqat mərkəzlərinin böyük alimlər qrupu tərəfindən əldə edilib.

Tədqiqatçılar orta yaş həddi 54 olan 600 mindən çox Şərqi Asiyalı haqqında məlumatları təhlil ediblər. Bu kişi və qadınların əksəriyyəti (86 faizdən çoxu) evli olub. Qalanları ya heç vaxt evlənməyiblər, ya dul qalıblar, ayrılıblar, ya da boşanıblar. Məlumat 15 il ərzində toplanıb. Bu müddət ərzində 123 mindən çox insan müxtəlif səbəblərdən dünyasını dəyişib.

Məlumatların təhlili göstərib ki, evli insanlarla müqayisədə subay insanlarda hər hansı səbəbdən erkən ölüm riski 15, serebrovaskulyar qəzadan ölüm riski 12 və işemik ürək xəstəliyindən ölüm riski 20 faiz artır. Qan dövranı sistemi pozğunluqları ilə əlaqəli xəstəliklərdən ölüm riski 17, xərçəngdən ölüm riski 6, tənəffüs sistemi xəstəliklərindən ölüm riski 14 və qəza və xəsarətlərdən ölüm riski 19 faiz olub.

Tədqiqatçılar müəyyən ediblər ki, hətta xərçəng, diabet və ya ürək-damar xəstəlikləri kimi ciddi xəstəlikləri olan insanların da evli olduqları təqdirdə uzun ömür sürmə ehtimalı daha yüksəkdir. Üstəlik, ailə həyatından kişilər, eləcə də 65 yaşdan aşağı insanlar xüsusilə faydalanır.

Tədqiqatçılar evliliyin qoruyucu təsirinin ər-arvadın bir-birini həkimə müraciət etmələri və təyin olunmuş dərmanları vaxtında qəbul etmələri ilə bağlı ola biləcəyini irəli sürüblər. Bundan əlavə, evli insanlar subaylarla müqayisədə daha yüksək gəlirlərə malikdirlər və sağlam həyat tərzi sürməyə meyllidirlər.

# 2388
avatar

Fidan İlqar

Oxşar yazılar