İstilik gələndə bir çoxları sərinləmək üçün soyuq duş qəbul etməyi xoşlayır. Lakin həkimlərin sözlərinə görə, bu, ölümcül səhv ola bilər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İngiltərədən professor Adam Teylor qeyd edir ki, soyuq duş xüsusilə hipertenziya (yüksək təzyiq) və ürək xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
Mütəxəssis əlavə edir ki, bədənin daxili temperaturu uzun müddət isti qalarsa, daxili orqanlara ziyan vurulması riski də artır. İsti hava zamanı bədən həddən artıq qızmağa başlayanda, orqanizmə soyumağın vaxtının çatdığını bildirən siqnallar göndərilir və daxili soyuma mexanizmləri işə düşür. Bu, əsasən, istilik şüalanması yolu ilə istiliyin ətraf mühitə ötürülməsi və tərin ifrazı ilə həyata keçirilir. Temperatur daha da artdıqca, tərləmə əsas soyuma üsuluna çevrilir.
Soyuma mexanizmlərinin dəstəklənməsi üçün qan damarlarının diametri dəyişir. Dəridə yerləşən damarlar genişlənərək daha çox qan buraxmağa başlayır. Lakin soyuğun təsiri altında bu damarlar daralır və həmin sahələrə qan axını azalır.
Nəticə olaraq, soyuq duş qəbul etdikdə bədən soyumaq əvəzinə əks effekt alır – dəriyə qan axını azalır, bu da istiliyin orqanlarda və bədənin daxilində saxlanmasına səbəb olur. Əslində, siz bədəninizi aldadırsınız – bədən soyumağa çalışmaq əvəzinə istiliyi qoruyub saxlayır.
Soyuq şokun reaksiyası qeyri-nizamlı ürək döyüntüsünə və hətta ölümə səbəb ola bilər – xüsusilə çox yüksək temperaturdan çox aşağı temperatur şəraitinə qəfil keçid zamanı. Əlbəttə, belə ağır nəticələr nadir hallarda baş verir, lakin riskləri nəzərə almaq lazımdır.
Soyuq duşun məsləhət görülməməsinin daha bir səbəbi də var. İstilikdə güclü tərləmə zamanı dəri daha çirklənmiş olur. Soyuq su bu çirk və piy təbəqəsini tam təmizləmir. Eyni zamanda dəriyə təsir edərək onu bərkidir, bu da dəri məsamələrində piy və çirk qalmasına səbəb olaraq qara nöqtələrə və sızanaqlara yol aça bilər.