İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
01 iyul 2025 17:27 (UTC +04:00)

İran Azərbaycan mediasını niyə terrorla hədələyir?

İsrail-İran müharibəsinin yavaşlamasının ardından qonşumuz sevimli adətinə geri döndü, yenə də Azərbaycana qarşı media hücumu başladı.

Heç bir dəlil-sübut olmadan Azərbaycanın hava məkanından İrana qarşı istifadə edilməsi ilə bağlı iddialar ortaya atdılar. Hələ çox böyük arsızlıqla bu iddiaların  Azərbaycan tərəfindən sübuta yetirilməsi ilə bağlı media hay-küyünə də başlanıldı. Biz görmüşük ki, iddianı ortaya atan tərəf onun sübutunu da təqdim edir.

İran isə mediasında “fərziyyələr” kimi təqdim etdiyi şayiə ilə bağlı daha sonra prezidenti səviyyəsində “izahat istənildiyini” yazır.

Azərbaycanın dövlət rəhbərliyi, müqəddəs dəyərləri, tanınmış şəxsləri İran mediasının daimi tənqid, böhtan və təhqir hədəfidir.

Azərbaycanın sosial media seqmenti İran xüsusi xidmət orqanlarının hazırladığı şübhə doğurmayan trol dəstəsinin hücumuna məruz qalır.

İran mediası utanmadan Azərbaycan haqqında, Azərbaycan mediası haqqında “Bakı mediası” ifadəsini işlədir. Hər gün İran mediasında Azərbaycanın ərazi bütövlüyünə qarşı ifadələr işlədilir. Hər gün!

Və bu ifadələrin istifadə olunduğu medialar heç bir müxalif qrupa filan aid deyil! Bunlar hamısı İranın Ali rəhbəri Seyyid Əli Xameneinin portreti altında nəşr olunan, onun hər sözünün Quran ayəsi qədər müqəddəs təqdim olunduğu media orqanlarıdır. Bunlar  Xameneiyə görə terror çağırışı edən media orqanlarıdır. Bəli, Azərbaycan adını yazmağı özünə yaraşdırmayan, bizi “Bakı mediası” yazmaqla aşağıladığını hesab edən media orqanlarının hamısının əsas sahibi Seyyid Əli Xameneidir. Azərbaycanda hamı bunu görür və bilir.

İran mediası, konkret “Səhər” kanalı bu həqiqəti dilə gətirən iki media orqanı - Baku TV və Lent.az-la bağlı terror çağırışı edib. Bu çağırışda qeyd olunub ki, kimlərsə Xamenei əleyhinə danışanlar barədə “fətva” verib. Bu, açıq terror və cinayətə təşəbbüs çağırışıdır. Yəqin ki məsələnin bu tərəfi ilə hüquq-mühafizə orqanları məşğul olacaqlar.

Qonşumuzun terrorla bəslənib, bu təhdidlərlə öz auditoriyasını toparlamağa çalışdığnı çox təəssüf ki, yaxşı bilirik.

İranın sifarişi ilə millət vəkili Fazil Mustafanın evinin qarşısında güllələndiyini də unutmamışıq. Məlum, belə işlərdən zövq alırlar.

Məsələ ondadır ki, Lent.az və Baku TV-ni hədələyib “trol media” adlandıran “Səhər” kanalı iki daşın arasında tərəfdarlarını və izləyicilərini trollayıb.

Bizim Xamneinin tərəfdarlarının trollanmasına könlümüz razı gəlmədiyi üçün bu həqiqətdən onları agah edək.  “Səhər” kanalı, o cümlədən bütün İran mediası  dayanmadan Xameneini “Dünya müsəlmanlarının lideri” adlandırır.

Əvvəla, qeyri-dəqiq olsa da, dünyada təxminən 1.9 milyard müsəlman yaşaması barədə məlumatlar var. Bu müsəlmanların isə cəmi 10-15%-i özünü şiə məssəbinə aid edir. İndi bu sadə və bəsit statistika varkən, Xamenei “necə dünya müsəlmanlarının lideri” olur?

İkincisi, Xamenei siyasi liderdi, siyasi şəxsdir. Onun vəzifəsinin adını nə istəyirlər edə bilərlər. Bu şəxs faktiki olaraq İranı teokratik üsulla idarə edən dövlət başçısıdır. İranda onun və rəhbəri olduğu Şuranın icazəsi olmadan heç bir siyasi qərar qəbul olunmur. Heç bir siyasi addım atılmır.

Bir siyasi lider niyə “müqəddəs şəxs” hesab olunmalıdır? Niyə onu tənqid eləmək “müsəlmanların heysiyyəti ilə oynamaq”, “dini dəyərlərə toxunmaq və s” kimi qəbul edilməlidir? Bu adam siyasətçidir, dövlət rəhbəridir. Bir gün uranın zənginləşməsindən danışır, bir gün neft razılaşmaları barədə müraciət edir, bir gün İsraillə müharibə əmri verir.  Onun iradəsi tərəfdarları, qəbul etdiyi qərarlar isə rəhbərlik etdyi dövlətin vətəndaşları üçün keçərli ola bilər. 

 ***

Biz “Bakı mediası” da olarıq, “”Təbriz mediası” da. İstəyəndə “Qusar mediası”, “Şamaxı mediası”, “Lənkəran mediası”, “Şuşa mediası” da yazın. Doğma şəhərlərimizin adı ilə çağırılmaq bizi incitmir, qürurlandırır!

 “Səhər” kanalı və yandaşındakı medialar,  amma siz “Təbriz mediası”, “Ərdəbil mediası”, “Urmiyə mediası”, “Xoy mediası” ola bilmirsiniz! Siz danışdığınız dilə və dilində danışdığınız millətə hər gün xəyanət edirsiniz!

Hərə öz yoluna!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702

Oxşar yazılar