Çində 30 yaşlı kişi ucuz mənzillərə sərmayə qoyaraq erkən yaşda işləməyi dayandırıb.
Lent.az xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Fan Cüncze adlı şəxs iki milyon yuandan (təxminən 280 min dollar) çox vəsait xərcləyərək köhnə mənzillər alıb və onları gəlir mənbəyinə çevirib.
Əvvəllər tibbi məhsulların internet üzərindən satışı sahəsində çalışan kişi gündə 18 saata qədər işləyirmiş. Ağır iş rejimindən yorulan Fan Çanşa şəhərində ucuz mənzillər almağa başlayıb.
İki il ərzində 14 mənzil əldə edən gənc onlardan 11-ni kirayəyə verib. Bu yolla ildə təxminən 210 min yuan (29 min dollar) gəlir qazanaraq 30 yaşında daimi işindən ayrılıb.
Lakin mənzillərin təmiri, vergilər, kirayəçi tapmaq və daşınmaz əmlakın ucuzlaşması onun planlarını dəyişib.
“Ən yaxşı dövr artıq geridə qalıb”, – deyən Fan daha mənzil almayacağını açıqlayıb.
O, bundan sonra kirayə gəliri əvəzinə dividend qazanmaq üçün səhmlərə və investisiya fondlarına sərmayə yatırmağı planlaşdırır.
Hazırda Laosda yaşayan və səyahət edən gənc bildirib ki, onun təcrübəsini kor-koranə təkrarlamaq olmaz. Çünki bütün investisiyalar müəyyən risklərlə bağlıdır.
Fanın hekayəsi Çin sosial şəbəkələrində 200 milyondan çox baxış toplayıb.