Alimlər Yer üçün təhlükə yarada biləcək asteroidin nüvə partlayışı vasitəsilə istiqamətinin dəyişdirilməsini araşdırıblar. Yeni nəticələrə görə, partlayışın asteroidə hansı istiqamətdən təsir etməsi həlledici rol oynaya bilər.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” ABŞ-nin Sandia Milli Laboratoriyasının tədqiqatına istinadən məlumat yayıb.
Alimlər asteroidlərin qeyri-bərabər səthini və mürəkkəb formasını nəzərə alan yeni kompüter modeli hazırlayıblar. Hesablamalar göstərib ki, güclü rentgen şüalanmasının təsir istiqamətindən asılı olaraq eyni asteroidin sürətində yaranan dəyişiklik təxminən beş dəfə fərqlənə bilər.
Modellərdən birində asteroidin sürəti bir istiqamətdən təsir zamanı saniyədə 3,9 millimetr, başqa istiqamətdən isə cəmi 0,8 millimetr dəyişib. Alimlər asteroidin fırlanma hərəkətində daha böyük fərqlərin yarana biləcəyini də müəyyənləşdiriblər.
Tədqiqat hələ nəzəri modelləşdirmə mərhələsindədir. Mütəxəssislər belə bir müdaxilənin real kosmik şəraitdə nə dərəcədə təhlükəsiz və effektiv olacağını müəyyənləşdirmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.