Çinin Şandun əyalətində balıqçılar uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olan nəhəng skumbriya balığı tutublar.
Lent.az xəbər verir ki, bu barədə “Global Times” nəşri məlumat yayıb.
Təcrübəli balıqçıların sözlərinə görə, bu ölçüdə skumbriyaya rast gəlmək olduqca nadir hadisədir.
Balıqçı Van Veytszyun bildirib ki, ispan skumbriyası adətən sahilyanı sularda yaşayır və nadir hallarda belə böyük ölçüyə çatır.
Onun sözlərinə görə, bu növdən olan balığın 100 kiloqramdan artıq çəkiyə çatması üçün Sarı dənizin təmiz sularında 10 ildən çox böyüməsi lazımdır.
Nəhəng balığın görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub. İstifadəçilər zarafatla belə balığın Şandunda istənilən qayınatanı heyrətləndirəcəyini yazıblar.