Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır
02 avqust 2025 22:36 (UTC +04:00)

Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır

Qidalanmanın insan sağlamlığına və həyat keyfiyyətinə təsiri çoxsaylı araşdırma mövzusudur. Tədqiqatlar təsdiqləyib ki, ev şəraitində hazırlanmış yeməklər sağlam qidalanma prinsiplərinə tam uyğun gəlməsə də, orqanizmə daha az ziyan vurur. Hətta bəzi hallarda pis vərdişlərə aludəçilik qidalanma pozuntularının göstəricisi kimi qəbul edilir.

Süd, eləcə də bərk və yarımbərk qidalar uşaqların həyatının ilk illərində normal böyümə və inkişaf üçün zəruridir. Əgər orqanizm kifayət qədər zəruri qida maddələri qəbul etmirsə, uşağın ehtiyacları qarşılanmır. Qidalanmanın keyfiyyətini nəzarətdə saxlamaq və ona təsir etmək üçün əvvəlcə nə qədər uşağın natamam qidalandığını müəyyənləşdirmək vacibdir.

Lent.az xəbər verir ki, bu məqsədlə Harvard Universitetinin bir alimi 92 inkişaf etməkdə olan ölkədəki uşaqlarla bağlı məlumatları araşdırıb.

Elmi iş “JAMA Network Open” jurnalında dərc olunub.

Elmi məqalənin müəllifi “natamam qidalanan uşaqlar” və ya “zero-food children” anlayışını təqdim edib. O, bu anlayışla 6–23 aylıq, son 24 saat ərzində nə heyvan mənşəli süd, nə süni süd qarışıqları, nə də bərk və ya yarımbərk qida qəbul etməyən uşaqları nəzərdə tutmağı təklif edib. Tədqiqatda milli səviyyədə təmsilçilik qabiliyyəti olan ailə məlumatları təhlil olunub və bu məlumatlar 6 aydan yuxarı, iki yaşdan kiçik uşaqlara aiddir. Məlumatlar demoqrafiya və səhiyyə sahəsində aparılmış araşdırmalar zamanı toplanıb.

Alimin istifadəsində, həmçinin 2010-cu il mayın 20-dən 2022-ci il yanvarın 27-dək 92 aşağı və ortagəlirli ölkədə aparılmış sorğuların nəticələri olub. Tədqiqatçı uşaqların qidalanmasına dair məlumatları həm müqayisə edilə biləcək formaya salıb, həm də etibarlılığını qoruyub saxlayıb. Nəticədə 276 379 uşaq barədə məlumat formalaşıb və onların 51,4 faizi oğlan olub.

Ümumi nümunə üzrə “zero-food” uşaqların ehtimal olunan payı 10,4 faiz təşkil edib. Ayrı-ayrı ölkələrdə bu göstərici ciddi fərqlənib, məsələn, Kosta-Rikada cəmi 0,1 faiz, Qvineyada isə 21,8 faiz olub. Son 24 saat ərzində heyvan mənşəli süd, süd qarışıqları və ya bərk/yarımbərk qida qəbul etməyən uşaqların ən çox rast gəlindiyi bölgələr Qərbi və Mərkəzi Afrika (ümumi yayılma – 10,5 faiz) və Cənubi Asiya (15,7 faiz) olub.

Məqalə müəllifi vurğulayıb ki, aşağı və ortagəlirli ölkələrdə uşaqlar üçün ərzaq təhlükəsizliyi təmin olunmalıdır. Tədqiqatın diqqət mərkəzində olan yaş dövrü uşağın sağlam inkişafı üçün kritik əhəmiyyətə malikdir.

Məqalədə təklif olunur ki, yüksək qida dəyərinə malik məhsullara çıxış genişləndirilsin, analar və qəyyumlar düzgün qidalandırma ilə bağlı maarifləndirilsin, eləcə də səhiyyə sistemi möhkəmləndirilsin. Alim qeyd edib ki, hər bir ölkənin mədəniyyəti və cəmiyyətin xüsusiyyətləri nəzərə alınmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 270

Oxşar yazılar