2026-cı ilin yay mövsümü dünya turizmində həm ənənəvi istiqamətlərin gücünü qoruduğu, həm də yeni məkanların sürətlə populyarlaşdığı dövr kimi yadda qalıb. Avqustun ortalarınadək açıqlanan bronlaşdırma, aviabilet axtarışı və yerləşmə məlumatları göstərib ki, turistlər bu yay əsasən Avropanın tarixi şəhərlərinə, Aralıq dənizi sahillərinə və havanın nisbətən sərin olduğu ölkələrə üstünlük veriblər.
Lent.az-ın əməkdaşının bu mövzu ilə bağlı araşdırmasını təqdim edirik:
Mövsüm hələ başa çatmadığı üçün dünya üzrə yekun turist sayı açıqlanmayıb. Buna görə siyahı rəsmi yekun reytinq deyil, 2026-cı ilin yayına aid bronlaşdırma və axtarış göstəriciləri əsasında hazırlanıb. “Fora”nın məlumatlarında Avropa ən çox bron edilən on ölkədən yeddisinə sahib olub. “Mastercard Economics Institute” Parisin ötən yayla müqayisədə ən güclü artım göstərən Avropa istiqamətlərindən biri olduğunu açıqlayıb. “Google Flights” və “Airbnb” məlumatları isə turistlərin çimərliklə yanaşı, təbiət, sərin hava və daha az izdiham axtardıqlarını göstərib.
1. İtaliya
2026-cı ilin yayında ən çox seçilən ölkələrdən biri İtaliya olub. Roma beynəlxalq turistlər arasında ən çox bron edilən şəhər kimi önə çıxıb. Tarixi abidələr, mətbəx, alış-veriş imkanları və ölkənin müxtəlif bölgələrinə rahat keçid Romanın populyarlığını artırıb.
İtaliyanın sahil bölgələrinə də maraq kəskin yüksəlib. Aralıq dənizində ən çox bron edilən bölgə Amalfi sahilləri olub. Portofinoya edilən bronlar əvvəlki yayla müqayisədə 262, Amalfi şəhərinə 143, Praianoya isə 113 faiz artıb. Bu göstəricilər turistlərin yalnız böyük şəhərlərə deyil, kiçik və mənzərəli sahil məkanlarına da üz tutduqlarını göstərib.
2. Fransa
Fransa yay turizmində mövqeyini qoruyub. Paris 2025-ci ilin yay mövsümü ilə müqayisədə turist marağının ən güclü artdığı Avropa şəhərləri sırasında ilk pillədə qərarlaşıb. Muzeylər, memarlıq nümunələri, restoranlar və yay tədbirləri şəhərə tələbatı yüksəldib.
Fransanın Aralıq dənizi sahilləri, xüsusilə Nitsa, Kann və Sen-Trope kimi istiqamətlər də diqqət mərkəzində olub. Fransa Rivierası bu yay ən çox bron edilən sahil bölgələrindən birinə çevrilib.
3. İspaniya
İspaniya 2026-cı ilin yayında çimərlik tətili istəyənlərin əsas seçimlərindən biri olub. Barselona, Madrid, Mayorka, İbiza, Kosta-Brava və Kanar adaları turistlərin böyük maraq göstərdiyi istiqamətlər sırasında yer alıb.
Turistlər Mayorkada yalnız məşhur kurortlara deyil, Port-de-Soller kimi daha sakit sahil şəhərlərinə də üz tutublar. Avropada müşahidə olunan güclü istilərə baxmayaraq, İspaniyanın dəniz turizmi, gecə həyatı və zəngin mətbəxi ölkəyə tələbatı yüksək səviyyədə saxlayıb.
4. Yunanıstan
Santorini, Mikonos və Krit Yunanıstanın ənənəvi turizm mərkəzləri kimi populyarlığını qoruyub. Bununla yanaşı, 2026-cı ilin yayında daha az tanınan Yunanıstan adalarına maraq artıb.
Xüsusilə Foleqandros və Lefkada gənc turistlərin seçimləri arasında önə çıxıb. Təmiz çimərliklər, sakit atmosfer və nisbətən münasib qiymətlər bu adaları izdihamlı kurortlara alternativə çevirib. “Airbnb” məlumatına görə, Yunanıstanın az tanınan bölgələrinə gənclərin marağında 20 faizdən çox artım qeydə alınıb.
5. Türkiyə
Türkiyə bu yay yenə dəniz, ailəvi istirahət və münasib qiymətli turizm paketləri ilə turistlərin diqqətini çəkib. Antalya, Alanya, Marmaris, Fethiye və Çeşmə ən çox seçilən istiqamətlər arasında olub.
Ən böyük yüksəliş isə Bodrumda qeydə alınıb. Turizm bronları üzrə göstəricilərə əsasən, Bodruma maraq ötən ilin yayına nisbətən 307 faiz artıb. Lüks otellər, restoranlar, gecə həyatı və “Türk Rivierası” kimi tanınan sahil xətti Bodrumu Aralıq dənizinin ən sürətlə populyarlaşan kurortlarından birinə çevirib.
6. Böyük Britaniya
Böyük Britaniya Avropada ən çox bron edilən ölkələr sırasında yer alıb. London muzeyləri, teatrları, tarixi məkanları və yay tədbirləri ilə turistləri cəlb edib.
İngiltərənin Yorkşir bölgəsinə marağın artmasında film və serialların da təsiri olub. Ekranda gördüyü yerlərə səyahət etmək istəyən turistlərin sayının çoxalması 2026-cı ilin əsas turizm tendensiyalarından birinə çevrilib.
7. Portuqaliya
Portuqaliya həm şəhər, həm də çimərlik turizmi üçün seçilib. Lissabon və Porto mədəniyyət, memarlıq və mətbəxlə maraqlanan turistlərin diqqətini çəkib. Alqarve sahilləri isə ailələr və sakit dəniz tətili axtaranlar arasında populyarlaşıb.
Portuqaliyanın Qərbi Avropanın bir sıra başqa ölkələri ilə müqayisədə daha münasib qiymətlər təklif etməsi də turist axınına təsir göstərib.
8. İrlandiya
İrlandiya 2026-cı ilin yayında sərin hava axtaran turistlərin üz tutduğu ölkələrdən biri olub. Dublinlə yanaşı, ölkənin kənd bölgələri, yaşıl təbiəti, sahil marşrutları və tarixi qalaları maraq doğurub.
Avropadakı istilər turistlərin bir hissəsini Aralıq dənizi sahillərindən daha sərin istiqamətlərə yönəldib. Bu dəyişiklik turizm sektorunda “sərin tətil” adlandırılan yeni tendensiyanı gücləndirib.
9. Kanada
Kanada bu yayın yüksələn turizm istiqamətlərindən olub. Ölkəyə bronların sayı əvvəlki illə müqayisədə 119 faiz artıb. Vankuver, Toronto və Banfa tələbat iki dəfədən çox yüksəlib.
Ən böyük artım Kvebek şəhərində qeydə alınıb. Buraya bronlar 400 faiz çoxalıb. Ottavada artım 208, Britaniya Kolumbiyasının Riçmond şəhərində isə 279 faiz təşkil edib. Turistləri Kanadaya əsasən sərin hava, göllər, milli parklar və geniş təbiət əraziləri cəlb edib.
10. Skandinaviya ölkələri
2026-cı ilin isti yayında Norveç, Finlandiya, İsveç və Danimarka da turistlərin əsas alternativlərinə çevrilib. Osloya bronlarda 154, Helsinkiyə 124, Stokholma 90, Kopenhagenə isə 78 faiz artım qeydə alınıb.
Uzun gündüz saatları, mülayim temperatur, fyordlar, sakit şəhərlər və təbiət marşrutları Şimali Avropanı klassik çimərlik tətilinə ciddi alternativ edib.
Ümumi göstəricilər sübut edir ki, 2026-cı ilin yayında İtaliya, Fransa, İspaniya, Yunanıstan və Türkiyə kimi ənənəvi istiqamətlər liderliyini qoruyub. Bununla yanaşı, turistlər daha sərin, az izdihamlı və təbiətlə zəngin məkanlara da yönəliblər. Bodrum, Kvebek, Oslo və Helsinki kimi istiqamətlərdə qeydə alınan yüksək artım yay turizminin xəritəsinin tədricən dəyişdiyini göstərib.